adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 May 2023 10:50
373
SİYASƏT

“Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır”

Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasında iki günlük rəsmi səfərdə olub. Mayın 22-də - rəsmi səfərin ikinci günü Prezident İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və Litva arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, “Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.

Ölkə rəhbərimiz qeyd edib ki, “Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir".

İlham Əliyev bildirib ki, “Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır”.

Perspektivli əməkdaşlıq istiqamətləri barədə bəyanat verən Azərbaycan Prezidenti bildirib ki, “Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir”.

“Qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür”-deyən prezident qeyd edib ki, “Müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq”.

Bəyanatında işğalın acı fəsadlarına da toxunan İ.Əliyev bildirib ki, “Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

Qeyd edək ki, Vilnüsdə prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” sənədləri imzalanıb.

Nicat Novruzoğlu