"Ermənilər yazmışdı ki, onun atası terrorçudur...”- Dilqəm Əsgərovun oğlu
“Atam altı il yeddi ay erməni girovluğunda qaldı. Bu illər ərzində ancaq atamın azad olunması üçün mübarizə aparırdım. Ona görə də evimizdə nə ad günü, nə də başqa bir özəl gün qeyd olunmurdu”
Bunu Adalet.az-a açıqlamasında altı il yeddi ay erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Kəlbəcər sakini Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. K.Əsgərov bu gün doğum gününü valideynləri və ailəsi ilə birlikdə qeyd edəcəyini deyib:
“Doğum günümdə indi özümü ona görə xoşbəxt hiss edirəm ki, atam yanımızdadır. Mən dövlətimizə, Ali Baş Komandanımıza inanırdım ki, Qarabağı işğaldan azad edib, atamı da geri qaytaracaq. Bu əlamətdar gün baş verdi və indi o günlərin sevincini yaşayırıq”.
K.Əsgərov atasının azadlığı üçün apardığı mübarizədə ermənilərin ona qarşı etdiyi təzyiqlərdən də danışıb:
“ATƏT-in illik zirvə hesabatında çıxış edərkən ermənilər mənim sənədlə bağlı işimdə problem yaratmaq istədilər, amma mümkün olmadı. Polşayada ATƏT-in növbəti zirvə toplantısında iştirak edəcəyimlə bağlı mətbuatda yazı getmişdi. Buna dərhal erməni mediası da reaksiya verdi. Yazmışdılar ki, “Kürdoğlunun atası terrorçudur və elə o, da terrorçu olacaq”. Orda çıxışıma mane olmaq istədilər, amma buna nail ola bilmədilər”.
K.Əsgərov atası girovluqda olarkən toysuz ailə qurduğunu bildirib:
“Atam girovluqda olanda toysuz ailə qurdum və atam azad edildikdən sonra da yenidən toy etmədim. Böyük oğlumun adını Dilqəm qoymuşam. Atam girovluqda olanda Kəlbəcər camaatı mənə çox dəstək oldu. Onların içində Azər adlı bir qardaş var idi, ona görə də ortancıl oğluma Azərin adını qoydum. Kiçik oğlumun adı isə Ayxandır”.
Vasif Əlihüseyn


Bakı -°C

