31 Oktyabr 2024 15:57
71
SİYASƏT

Ersin Tatar: Türk Kipri TDT-ə tamhüquqlu üzv olmağı hədəfləyir

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olmağı hədəfləyir.

Adalet.az xəbər verir ki, bunu ŞKTC Prezidenti Ersin Tatar Türk Silahlı Qüvvələrinin Kiprdə sülhyaratma əməliyyatının 50 illiyinə həsr olunmuş 22-ci Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

Siyasətçi xatırladıb ki, TDT-nin əsasları hələ 2009-cu ildə Naxçıvanda qoyulub, sonrakı dövrdə bu qurumun platforması türk dövlətlərinin möhkəmlənməsi və yaxınlaşması üçün mühüm platformaya çevrilib.

Türk Kiprinin Prezidenti 2022-ci ildə Lefkoşanın TDT-də müşahidəçi dövlət statusu almasını adanın tarixində əlamətdar hadisə adlandırıb.

Tatar vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də Türk Kiprinin maraqlarının qorunmasına töhfə verir. “Prezident İlham Əliyevin Kiprin türk xalqının mənafeyinə töhfə verməyə hazır olması barədə sözləri bizim üçün vacibdir. ŞKTC-nin müstəqil dövlət kimi beynəlxalq tədbirlərə dəvət olunmasını və iştirakını əhəmiyyətli hesab edirik. Biz TDT-ə tamhüquqlu üzvlük istiqamətində işimizi davam etdirəcəyik”, - deyə Şimali Kipr lideri bildirib.

Tatar adanın strateji coğrafi əhəmiyyətinə də diqqət yetirərək, ŞKTC-ni “Türk dünyasının Şərqi Aralıq dənizindəki təmsilçisi” adlandırıb.

“Biz Türk dünyasının potensialından maksimum faydalanmalıyıq. Türk dövlətlərinin sosial, mədəni və iqtisadi sahədə birgə addımları mühüm əhəmiyyət kəsb edir”, - deyən ŞKTC Prezidenti ortaq türk əlifbası ilə bağlı tezliklə razılaşmaya, eləcə də TDT ölkələri arasında universitet səviyyəsində qarşılıqlı fəaliyyətə ümid etdiyini bildirib. /Azərtac