Əsma Əsəd ərindən boşanır
Suriyanın devrilmiş lideri Bəşər Əsədə növbəti zərbəni onun həyat yoldaşı Əsma Əsəd vurub.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, Əsma Əsəd sığındıqları Moskvadakı həyat şəraitindən məmnun deyil və Londona gedə bilməsi üçün ərindən boşanmaq istəyir.
İngiltərənin paytaxtı Londonda doğulan, bankçılıq karyerasını geridə qoyub 2000-ci ildə Bəşər Əsədlə evləndikdən sonra Suriyaya köçən Əsma Əsəd eyni zamanda Britaniya vətəndaşı olduğu üçün Rusiya məhkəməsinə müraciət edərək, Moskvanı tərk etmək üçün xüsusi icazə istəyib.
Qeyd edək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Moskvada hakimiyyət orqanları tərəfindən ciddi nəzarətə məruz qaldığı və paytaxtı tərk etməsinin, hər hansı siyasi fəaliyyətlə məşğul olmasının qəti qadağan edildiyi bildirilir.
Digər tərəfdən, Bəşər Əsədin aktivlərinə giriş də Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi gücünü və yaşayış şəraitini ciddi şəkildə məhdudlaşdırır.