07 Oktyabr 2025 12:08
111
MARAQLI

Eşşəklər arpa yeyir,

atlar həstərlə saman

Bir gün Teymur ova getməyə hazırlaşır. O, sarayda olan münəccimi yanına çağırıb hava proqnozu haqqında soruşur. Münəccim hökmdarı əmin edir ki, yaxın günlərdə yağış yağmayacaq. Arxayın olan Teymur arvadını da götürüb ova çıxır. Yolda öz eşəyi ilə gedən Molla Nəsrəddinə rast gəlirlər. Teymuru görən Molla Nəsrəddin deyir:

“Böyük hökmdar, siz hökmən saraya qayıtmalısınız! Bir azdan güclü yağış yağacaq”.

Teymur cavab verir:

“Mənim sarayımda yüksək savadlı və təcrübəli peşəkar meteoroloqum var. Ona çox yüksək maaş verirəm. O mənə tam fərqli bir proqnoz verdi. Mən ona inanıram”.

Beləliklə, Teymur yoluna davam edir. Amma bir azdan sonra leysan yağır. Teymur və yoldaşı əməlli-başlı islanırlar.

Qəzəblənmiş Teymur saraya qayıdan kimi meteoroloqu işdən qovur. Sonra o, Molla Nəsrəddini yanına çağırıb, etibarlı və yüksək maaşlı olaraq saray meteoroloqu işləməyi təklif edir.

Molla Nəsrəddin isə deyir:

“Böyük hökmdar, mən proqnozlaşma haqqında heç bir şey bilmirəm. Mən məlumatı eşəyimdən alıram. Əgər görsəm ki, eşəyimin qulaqları sallanıb, deməli yağış olacaq”.

Onda Teymur eşəyi götürür!

Və beləliklə də, o vaxtdan yüksək postlarda işləmək üçün eşəklərin təyin edilməsi praktikası başlayır. 

Əli İbrahimov