adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 14:20
61
SİYASƏT
A- A+

“Heç bir xarici mərkəz Azərbaycana hansı qaydaları tətbiq etməli olduğunu diktə edə bilməz”

“Vahid məktəbli forması məsələsinə birmənalı yanaşmaq lazımdır. Azərbaycanın məktəblərdə vahid geyim qaydalarını müəyyənləşdirməsi suveren dövlətin öz təhsil siyasətini həyata keçirmək hüququdur. Bu qərarı süni şəkildə “hicaba qadağa” kimi təqdim etmək, cəmiyyətdə dini həssaslığı qızışdırmaq və ayrı-ayrı aksiyaları şişirdərək kütləvi narazılıq görüntüsü yaratmaq sadəcə yanlış şərh deyil, ictimai rəyə məqsədli şəkildə təsir göstərmək cəhdidir. Əgər xaricdən idarə olunan və ya xarici siyasi-dini dairələrin təsiri altında fəaliyyət göstərən hesablar ölkəmizdəki qərarları təhrif edir, insanları qarşıdurmaya səsləyir və dövlətin daxili siyasətinə təzyiq göstərməyə çalışırsa, bu, artıq adi fikir mübadiləsi deyil”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Elnarə Akimova deyib. 

Deputat bildirib ki, belə fəaliyyət Azərbaycanın daxili işlərinə müdaxilə əlaməti daşıyır və cəmiyyət tərəfindən ayıq qiymətləndirilməlidir:

“Bir məqamı da açıq demək lazımdır: dini dəyərlər heç kimin siyasi manipulyasiya vasitəsi olmamalıdır. İnanclı insanların hisslərindən istifadə edərək uşaqları, valideynləri və müəllimləri dövlətlə üz-üzə qoymağa çalışmaq nə dinə hörmətdir, nə də səmimi dini mövqe. Uşaqların təhsili siyasi təzyiq alətinə çevrilməməli, məktəblər ideoloji qarşıdurma meydanına dönməməlidir. Məktəbli geyiminə dair qaydalar qanunvericiliyin tələbləri və dünyəvi təhsil prinsipləri çərçivəsində müzakirə predmetinə çevrilməlidir. Bu qaydaları dini düşmənçilik kimi qələmə vermək cəmiyyəti çaşdırmaqdan başqa məqsədə xidmət etmir. Aksiyaların sayını və miqyasını şişirtməklə kütləvi etiraz görüntüsü yaratmaq isə təbliğatın köhnə üsullarındandır”. 

Onun sözlərinə görə, sosial şəbəkədə çoxsaylı paylaşım real ictimai rəyin göstəricisi deyil:

“Eyni məzmunun müxtəlif hesablar vasitəsilə yayılması, emosional ifadələrdən istifadə və təsdiqlənməmiş məlumatların dövriyyəyə buraxılması insanlarda süni təəssürat formalaşdıra bilər. Cəmiyyət bu cür manipulyasiyaları faktlardan ayırmağı bacarmalıdır. Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil və öz daxili qərarlarını kənardan gələn göstərişlərə əsasən vermir. Ölkəmizin təhsil siyasəti də, ictimai həyatın təşkili də milli qanunvericiliyimizə və dövlətimizin maraqlarına söykənir. Heç bir xarici mərkəz Azərbaycana hansı qaydaları tətbiq etməli olduğunu diktə edə bilməz. Bu, suverenlik məsələsidir və burada güzəştə yer yoxdur. Eyni zamanda, hər hansı xarici müdaxilə şübhəsi konkret faktlarla qiymətləndirilməli, hüquqi nəticələr fərziyyələrə deyil, sübutlara əsaslanmalıdır. Əhali isə təxribatçı çağırışlara qoşulmamalı, mənbəyi bəlli olmayan məlumatları yaymamalı, rəsmi qərarları təhrif edən təbliğata uymamalıdır. Dövlətin gücü yalnız qanunlarla deyil, həm də cəmiyyətin sağlam düşüncəsi, milli birliyi və manipulyasiyalara qarşı möhkəm mövqeyi ilə ölçülür. Mənim mövqeyim aydındır: dinə hörmət adı altında Azərbaycanın daxili işlərinə müdaxiləyə, uşaqların və valideynlərin hisslərindən siyasi məqsədlərlə istifadəyə, cəmiyyətdə süni qarşıdurma yaratmaq cəhdlərinə yol verilməməlidir. Azərbaycan xalqı öz dəyərlərinə sahib çıxmağı da, dövlətinin suverenliyini qorumağı da bacarır. Bu iki prinsip bir-birinə zidd deyil; əksinə, müstəqil dövlətimizin sağlam ictimai əsaslarını təşkil edir”.

Vasif ƏLİHÜSEYN