FİDE erməni şahmatçıları "100 ilin ən yaxşı komandası" adlandırdı: MÜKAFAT
Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşkil etdiyi tədbir baş tutub.
Adalet.az xəbər verir ki, Şahmat Olimpiadasının 8-ci turundan sonra Budapeştin “Intercontinental” mehmanxanasında Beynəlxalq Şahmat Federasiyasının 100 illiyinə həsr olunmuş tədbirdə şahmata müstəsna nailiyyətləri və töhfələri olan ayrı-ayrı şəxslərin, qrupların və təşkilatların mükafatlandırılması mərasimi də keçirilib.
FİDE-nin himni səsləndirilib, sonra FİDE prezidenti Arkadi Dvorkoviç və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov tamaşaçıları salamlayıblar. Mahir Məmmədov deyib. “FİDE-nin həyatının ilk yüzilliyi əlamətdar hadisələr, böyük şəxsiyyətlər və yaddaqalan görüşlərlə zəngin olub. Bunun üçün biz FİDE-nin yaradıcılarına təşəkkür etməliyik”.
Bu proloqdan sonra gecənin əsas tədbiri olan FİDE 100-ün mükafatlandırma mərasimi başlandı. Münsiflər heyəti 18 nominasiya üzrə mükafatlar verib.
Bundan əlavə, FİDE prezidenti Arkadi Dvorkoviç karyerası ərzində şahmatın inkişafına mühüm töhfələr vermiş şəxslərə səkkiz xüsusi “FIDE 100” medalı təqdim edib.
Ermənistan komandası “Ən yaxşı kişi komandası” kateqoriyasında qalib kimi tanınıb. Ermənistan digərlərini üstələyib, üç dəfə Olimpiadanın qalibi olub.
Mükafatı Ermənistan Şahmat Federasiyasının icraçı direktoru Armen Gevorqyan alıb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, uzun illər mötəbər yarışlarda hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.
Əntiqə Rəşid