“Bu qərarla müəllimlərin şagird üzərində nüfuz qorumaq imkanları məhdudlaşır...” – Ekspert
Xəbər verdiyimiz kimi, məktəbdə şagirdə qarşı fiziki və ya psixoloji zorakılıq artıq cərimə ilə nəticələnə bilər. İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, həm müəllimlər, həm də valideynlər üçün 200 manat məbləğində cərimə nəzərdə tutulur. Layihə isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
Mövzuyla bağlı Adalet.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, bu qərar elan olunandan dərhal sonra həm sosial şəbəkə üzərindən, həm ictimaiyyət, həm də valideynlər və məktəb arasında gərginlik yaşanmaqdadır.
Onun sözlərinə görə, bu onunla əlaqəlidir ki, indiyə qədər müəllimlərin hər tərəfdən sıxılan, əllərindən alınan hüquqlarının artırılması istiqamətində söz-söhbət getdiyi bir vaxtda belə bir qərar layihəsi ortaya çıxır:
“Başqa bir tərəfdən də artıq müəllimlərin şagird üzərində hər hansı bir nüfuz qorumaq imkanları məhdudlaşır. Yəni indiyə qədər düşünülürdü ki, heç olmasa müəllimlərin bir qədər tənbeh üsulları var. Müəllim etik qaydalarına uyğun olaraq heç olmasa müəyyən bir tədbirlər görülürdü. Valideynlərin bəziləri buna etiraz etsə də, digərləri haqlı olaraq deyirdilər ki, şiddət göstərmədən tənbeh üsulunun qalması daha faydalı olardı”.
Ekspert təəssüflə qeyd edib ki, bu gün yaranmış vəziyyət müəllimlərin əllərində olan istənilən alətləri onlardan alır:
“Yəni müəllim bir növ şantaja da məruz qalacaq. Onsuz da müəllimin hər bir addımını mobil telefonla çəkirdilər və indi bu hal bir az da artacaq. Müəllimi bu hallara təhrif etməklə onun cərimələnməsinə yönələn addımlar atılacaq. Düzdü, burda valideynlər üçün də cərimə tətbiq olunur. Belə çıxır ki, biz cəmiyyətdə tam cəzasız bir mühit formalaşdıracağıq. Burda məktəb-şagird-müəllim arasında bütün münasibətlər idarəiolunmaz bir vəziyyətə gələcək. Düşünürəm ki, bu məsələyə Milli Məclis növbəti oxunuşlarda nələrsə əlavə edəcək ki, bu qədər hüquq məhdudlaşdırılması olmasın. Ola bilər ki, bu qərar bir qədər həm müəllimlərə, həm məktəbə, həm də şagirdlərə problem yarada biləcək”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

