GƏNCƏ XİRNİYİ LAZIMSIZ MEYVƏYƏ ÇEVRİLİB…
Bu barədə düşünməyə dəyər
Qollu-budaqlı çinarlarla yanaşı xirnik ağacları Gəncənin küçə və meydanlarını bəzəyir, qədim şəhərə xüsusi gözəllik verir. Nəhəng, qollu-budaqlı Çinarlar yaşıl, enli yarpaqları ilə göz oxşayır, xirnik ağacının yarpaqları isə tez tökülür, sarı-qırmızı meyvələr çılpaq budaqlardan asılmış çil-çırağa bənzəyir.
Gəncə çinarlarının yaşı bu şəhərin tarixi kimi qədimdir, ilk binanın bünövrəsi qoyulanda qarşısında bir çinar ağacı əkilib, bir də torpağa bir xirnik tingi basdırılıb. Çinarlar torpağa bağlılıq, əzəmət, vüqar, xirnik ağacları isə bolluq, bərəkət rəmzi kimi müqəddəs tutulub.
Çinarlar bu torpağın “doğma” ağaclarıdır, xirnik isə “gəlmədir”. Gəncəlilər səyahəti seviblər, gələn qonağı da əziz tutublar. Gəzdikləri ölkələrin bar-bəhərindən ləzzət alıb, çörəyini yeyib, suyunu içib, adət-ənənəsində, təsərrüfatında bəyəndiklini əzizləyib, ən yaxşılarını da öz dogma torpaqlarının “xasiyyətinə” uyğunlaşdırıb, əkib becəriblər.
Xirnik bu torpağın meyvəsi olmasa da sevilib-seçilən ağac kimi basdırılıb və qayğı ilə, sonsuz məhəbbət hissi ilə bəslənilib, bu torpağın ən əziz nemətlərindən birinə çevrilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin professor Zaur Həsənovun çox qiymətli elmi-tədqiqat işləri arasında xirniklə bağlı apardığı elmi araşdırmalar də xüsusi yer tutur. Professor deyir ki, vətəni əsasən Cənubi-Şərqi Asiya, Nindistan, Malay arxipelaqının tropik və subtropik rayonları olan xirniyin 7 cinsi, 290 növü vardır. Ölkəmizdə Qafqaz xirniyi, Virgin xirniyi və Şərq xirniyi daha geniş yayılıb və təsərrüfat əhəmiyyəti daşıyır.
Professorla söhbətimin əsas səbəbi, faktlar da bu qiymətli meyvə ilə, onun bu günkü vəziyyəti ilə bağlıdır. Qeyd etdiyimiz kimi şəhərin küçə, döngə və dalanlarını bəzəyən bu meyvəyə münasibət təəccüb doğurur. Küçə boyu sıralanan ağacların başı xirnik meyvəsi ilə doludur. İnsanlar istifadə etdiklərini yeyıb, artıqları isə ağacların başında çürüyüb yerə tökülür. Bu qiymətli meyvə həm xarab olur, həm də onun tullantıları küçələrdə anti-sanotariya vəziyyəti yaradır.
Professor deyir ki, xirnik insan orqanizmi üçün çox əhəmiyyətli məhsuldur, ona belə laqeydlik təəssüf doğurur. Meyvələri dadlı və gözəl görünüşlü olmaqla həm də müalicəvi əhəmiyyətə malikdir. Tibbdə xirnik meyvələrindən hipertaniya və ateroskleroz, qalxanabənzər vəzilərin müalicəsində və trioksikoz(zobdan yaranmış zəhərlənmələr) xəstəliyi zamanı istifadə edilir.
Xirnik meyvələri büzüşdürücü, canlandırıcı xüsusiyyətlərə malik olmaqla yanaşı, eyni zamanda orqanizmin soyuqdəyməyə və mikroba davamlı olmasını təmin edir.
Professor Zaur Həsənovun meyvələrlə müalicə ilə bağlı apardığı tədqiqatların nəticələri bu meyvənin əhəmiyyəti haqqında geniş təəssürat yaradır. Əldə olunan elmi nəticələr də bunu sübut edir. Xirnik meyvələri müxtəlif mədə-bağırsaq xəstəlikləri, angina, qanazlığı, damarın müxtəlif mənşəli xəstəlikləri, qan dövranının pozulması, böyrək, öd yollarının xəstəlikləri, halsızlıq, vərəm, isitmə, qadın xəstəlikləri ilə mübarizədə müalicəvi vasitədir. Çox maraqlıdır ki, bu zaman həm təzə, həm də qurudulmuş və dondurulmuş meyvələrdə istifadə etmək olur. Xirnik lətini qabığı ilə bərabər irinli yaraların üzərinə qoyduqda onlar tez sağalır.
Xiirniyi emal etməklə alınan şirədən də istifadə etmək olar, orqanizmi təmizləyici xüsusiyyətə malikdir. Antibakterial xüsusiyyəti olduğundan bağırsaq çöplərini və qızılı stafilokoku məhv edə bilir.
Söhbət zamanı professor dedi ki, hələ qədimdən həkimlər xirnik şirəsini qan azlığı, halsızlıq, vərəm, soyuqlamadan baş vermiş xəstəliklər, qadın xəstəlikləri, sınqa, isitmə, həmçinin orqanizmin zəiflədiyi hallarında istifadə ediblər. Şirəsi yeməkdən qabaq 1/4-1/2 stakan olmaqla bir qaşıq bal ilə qarışdırılıb içilir.
Bu qiymətli meyvənin insan orqanizmi üçün faydaları tükənməzdir. Amma meyvədən lazım olan qaydada istifadə olunmur, insanlar müəyyən miqdarını qəbul etdikdən sonra qalan meyvələr budaqlarda qalıb xarab olur, sonra da yollara tökülüb natəmizlik, anti-sanitariya vəziyyəti yaradır. Vaxtilə Rusiyanın bazarlarında bu məhsula böyük ehtiyac var idi, daşınırdı. İndi o qapı “bağlanıb”. Bu qiymətli ağacların kəsilib, məhv edilməsi gözləniləndir.
Qapı-bacalarında xirnik ağacı olan insanlarla söhbət zamanı öyrəndim ki, meyvəyə daxili bazarda tələbat çox azdır, ona görə də qiyməti də ucuzdur. Onun satışından gələn gəlir məhsulu yığmağın əziyyətinə, yol xərclərinə dəymir...
Bəzi insanlar məhsulun xarab olmasının qarşısını almaq üçün primitiv üsul fikirləşiblər. Yarı yetişmiş xirniyin qabığı soyulur və açıq havada sapdan asılar. Qurudulmuş məhsul uzunmüddətli saxlanıla bilir. Ondan həm özləri istifadə edir, həm də satmaqla cüzi də olsa gəlir qazanırlar.
Bəzi insanlar artıq bağında əkdikləri xirnik ağaclarını kəsib atırlar. Söhbət zamanı dedilər ki, vaxtilə tələbat var idi, tədarük məntəqələri məhsulu qəbul edər, satış üçün bazara yönəldirdilər. Xarici tələbat daha sərfəli, cəlbedici idi, alverçilər gələr, özləri də yığıb, qablayıb, Rusiyaya aparırdılar. Xeyli də qazanc götürərdilər. İndi vəziyyət acınacaqlıdır. Daxili bazarda tələbat cüzidir, yığırsan bazara çıxarırsan alıcısı çox azdır, əziyyətin əlində qalır, xarçı-borcunu ödəmir. Xarici bazara aparmaq da problemə çevrilib. Ona görə də bax beləcə ağacda qalır, payızın yağışı yuyur, qışın qapı dondurur... Bəziləri artıq çoxillik ağacları kəsməyi daha üstün tuturlar ...
Bəs nə etməli ? İnsan orqanizmi üçün həm qiymətli qida məhsulu olan, həm də böyük müalicəvi əhəmiyyətə malik bu məhsulun belə məhvinə laqeyd yanaşmaq olmaz. Satış-tədarük məsələləri həll edilməlidir. Əczaçılar, meyvələrlə müalicə (pomoterapiya) mütəxəssisləri də bu barədə düşünməli, öz sözlərini deməlidirlər.
Vaqif TANRIVERDİYEV
Gəncə
Digər Xəbərlər
25 Fevral 2026 19:34
42 milyonluq səhifə bayrağımızı PAYLAŞDI - VİDEO
25 Fevral 2026 10:43
Pul insanı korlamır...
24 Fevral 2026 09:08
Burda ildə 258 gün yağış yağır - Ən çox yağıntı düşən yerlər
23 Fevral 2026 13:14
Uzun iş saatları məhsuldarlığa mənfi təsir göstərir
23 Fevral 2026 12:19
“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTOLAR
23 Fevral 2026 12:13
60 ildir yatmır - Alimlər şokda
20 Fevral 2026 11:39
“Bazarstore”da Ramazan endirimləri başladı - FOTOLAR
16 Fevral 2026 19:42


Bakı -°C

