31 Oktyabr 2023 12:00
1162
GÜNDƏM

"Günah"ı vətəni sevmək olanlar: Eldar Bağırovun 32 illik  MÜƏMMALI ÖLÜMÜ

Aradan 32 il keçib . Amma elə bil dünən idi...Hərdən düşünürəm ki, ya biz çox gənc idik deyə, o vaxtkı olaylar beynimizə ətraflı və dəqiqi şəkildə həkk olub qalırdı, ya da hörmət bəslədiyimiz, xilaskar bildiyimiz qəhrəmanların namərdcəsinə öldürülməsi biz gənclərə ağır zərbə təsiri bağışlayırdı . Bu səbəbdən yaddaşımızda, beynimizdə ilk anda, xəbəri ilk eşitdikdə yaşadığımız hissslər olduğu kimi qalır. Unudulmur, yaddan çıxmır, ən kiçik detallarına qədər xatırlayırıq...


Yadımdadı, 1991-ci ilin 31 oktyabrı. Münaqişənin ilk günündən silahlanıb torpaqlarımızı müdafiəyə qalxan xalam oğlu Azərin (Azər Bağırov) o kədərli, məlul , müşkül durumda qarşıma çıxması. Azərin 24 yaşı vardı, təbiətcə çox pozitiv oğlan idi,  amma həmin gün o ağırlıqda hüznü onun simasında ilk dəfə idi görürdüm. Necə deyərlər, “çırtma vursan, qanı axardı”.


Həyəcanlandım, ilk ağlıma gələn o oldu ki, yəqin kəndin döyüş zonasında olan uşaqlarından kimsə şəhid olub. Elə həyəcanla da, tələsik soruşdum: Azər, nolub?”
- Qolumuzun biri qırıldı. Eldar Bağırovu Bakıda gülləliyib öldürüblər...

 


Azər qədər yaxından tanımasam da, itkinin böyüklüyünü onun qədər hiss etməsəm də,  amma haqqında həmişə xoş sözlər danışılan bu igid ağdamlı haqqında xeyli söz-söhbətə şahid olmuşdum. Şəxsən onu görməsəm də, fikrimdə onu  nağıllardan gələn xalqını “əjdaha”nın caynağından qurtaran igid kimi təsəvvür edirdim... Təbii ki, mən də çox kədərləndim. Azər dedi ki, cənazə Ağdama gətiriləcək, ora gedirəm məndə” deyib uzaqlaşdı.

İndi isə  gənclərin və bir çox soydaşlarımızın tanımadığı Eldar Teymur oğlu Bağırov haqqında məlumat verəcəyəm.
Ulu babaları Qubadlıdan olan Eldar Bağırov 1953-ci ildə Ağdamda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub.

 

1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk köçkünlər Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlayıb. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olub. Yaxınlarının verdiyi məlumata görə, Eldar öz pulu ilə o vaxt Naxçıvandan biri 100 minə avtomat, pulemyot alıb gətirmişdi. Heydər Əliyevin əliylə keçirmişdilər silahları. Heydər Əliyev o vaxt çox kömək etdi bu məsələlərdə. Sonralar həmin avtomatların birini 26 mindən aldılar.

Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını 1988 çi ildə Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancıb. Təsəvvü edin ki, imperiyanın güclü olduğu bir vaxtda bu necə bir təhlükəidi. 

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən bacısı yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Ailəli idi, 2 qız övladı var.
Eldar Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. 1992-ci il martın 21-də yaradılmış 845 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.


Bacısı Almaz xanımın mediaya vaxtı ilə açıqladığı bir fikri nəzərinizə çatdırırıq: "20 noyabrda Qarakənd faciəsindən – vertolyot vurulmamışdan əvvəl biz bacılarımla getdik İsmət Qayıbovla görüşməyə. Çünki parlamentdə İsmət Qayıbov qardaşımın ölümü ilə bağlı demişdi ki, nəsil davasıdır. Biz də dedik ki, niyə elə demisiniz? Axı bu nəsil davası deyildi. Dedi, araşdıracağıq. Elə bizim yanımızdan keçib getdilər vertolyota. Həmin gün də vertolyot vuruldu. Ondan sonra başlandı ordu təşkil olunmağa. Ondan əvvəl də yığılmışdı, əslində. Şirin Mirzəyev, Eldar özü çoxlu cəbhəçi uşaq yığmışdılar. Ümumiyyətlə, Qarabağda döyüşənlərin 90 faizi cəbhəçi idi. Eldarı, döyüşü, vətəni sevən igidlər Bakıdan, rayonlardan gəlmişdi.


Onun ölümünü məncə, Ayaz Mütəllibov sifariş vermişdi. Bu, elə xırda məsələ deyildi. Sənəd də üstündə itdi. Tapılmadı. Allahverdi axtardı, İsgəndər axtardı, tapılmadı. O, çox vacib sənəd idi. Ermənilərin yeddi kəndinin sovet sədrlərinin yazdığı o sözlər idi. Həmin sənəd də itdi. O, sənədi hökumətə təqdim edib deməli idi ki, bunları qoruyaq"


Bağırov ailəsinin yaxın dostu olmuş , deputat Aqil Abbas 10 il əvvəl məqaləsində Eldar Bağırovu belə xatırlayır: Müstəqilliyə qol çəkəndən cəmi 13 gün sonra Eldar Bağırovu sessiyadan çıxanda qətlə yetiriblər. 38 yaşında. Eldarın görməli olduğu işlər çox idi. Lap çox. Hələ Qarabağ torpaqları erməni quldurlarından azad edilməmişdi. Tarixçi ixtisasına yiyələnmək üçün Bakı Dövlət Universitetinə təzəcə qəbul olunmuşdu. İki qız balası körpə olduqları üçün Eldar kimi atanın qayğısına ehtiyacı çox böyük idi. Almaz xanım deyir ki, Eldar bir çağırışına 10 mindən yuxarı adamı ayağa qaldırmaq qüdrətinə malik idi.

O, bunu etmişdi də. Qarabağ hadisələri başlayanda Allahverdi ilə Eldarın səsinə minlərlə adam səs verdi. Heç 2-3 saat keçməmiş, meydana 20 mindən artıq adam yığılmışdı. Ağdamda ilk batalyon yaradıldı. 790 nəfərlik milli ordu. 1991-ci il oktyabrın 4-də yaradılmış batalyona Şirin Mirzəyev, Eldar Bağırov adına batalyona isə Allahverdi rəhbərlik edir, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilir. Qarabağda ilk dəfə üçrəngli bayrağı da Eldar Ağdamın Xındiristan kəndində sovetliyin binasının üstünə sancıb.. O zaman onun bu hərəkəti rusları qəzəbləndirib. Deyiblər ki, bu dəqiqə bayrağı götürməlisiz. Eldar da deyib ki, nə olur-olsun bayraq burada qalacaq.


Eldarın ölümünü də onun əməllərinə qarşı çıxan bu cür qüvvələr etdi. O vaxt ermənilərin yaşadığı kəndlərdən onların Azərbaycan dövlətinin ərazisində qalmaq istəmələri ilə bağlı kənd sovetliyindən Eldara sənədlər verilmişdi. Həmin sənədləri də Eldar Bakıya gətirmişdi və Tamerlan Qrayevin yanında o vaxtkı prezident Ayaz Mütəllibova vermişdi. O sənədlərin bir surəti də Eldarın özündə idi. Amma sonradan sənədin hər iki nüsxəsi yoxa çıxdı. Mütəllibovla ilk dəfə Eldar Bağırov Etibar Məmmədovun məsələsinə görə qarşılaşmışdı. O vaxt da Ayaz Mütəllibov ona demişdi ki, sən çox böyük işlərə qarışırsan, yetim öğlansan get başını aşağı sal, işinlə məşğul ol. Eldar da deyib ki, məgər yetim oğlan torpağının, millətinin dərdinə qala bilməz. O da deyib ki, sənin kimiləri çox görmüşük. Bununla da söhbət bitmişdi".


(O illərdən xatirələr...)


Yeri gəlmişkən, indiyənə qədər Eldar kimi bir igidə nə şəhid adı verilib, nə də xidmətləri dövlət səviyyəsində qiymətləndirilib.
Bütün Ağdam camaatı da, Qarabağ elatı da bilir ki, Eldar Bağırov nəsil davasının qurbanı olmayıb. Onun şəhidliyi Azərbaycanı Qarabağ kartı ilə parçalamağa çalışan imperiya qüvvələrinin məkrli planlarının nəticəsində gerçəkləşdi. Eldar Bağırov kimi əsl kişilər, əsl vətənpərvərlər aradan götürülməliydi ki, o məkrli planlar işləsin.

Eldarın şəhadətindən cəmi 20 gün sonra - 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri tərəfindən vurulan  Azərbaycan hərbi helikopteri və onun içərisindəki Azərbaycanı canından çox sevən Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində həlak olan 22 nəfərin qəsdən öldürülməsi dediklərimizin sübutudur.


Əntiqə Rəşid