16 Oktyabr 2024 13:59
122
SİYASƏT

 Gürcüstan 2008-ci ildəki səhvi təkrarlamır:ABŞ və Qərb yardımı, Britaniya dialoqu dayandırdı

Görünən odur ki, 8 avqust 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziyaya qoşun yeritməsi ilə başlayan və 5 gün davam edən Rusiya-Gürcüstan müharibəsi gürcülərə böyük dərs olub. Ekspertlərin fikrincə SSRİ-nin süqutundan sonra Qərb-Rusiya qarşıdurmasında Rusiyanın güc üstünlüyünü nümayiş etdirməsi faktiki olaraq Gürcüstanın ərazi bütövlüyünün müdafiə olunmamasına gətirib çıxardı.


Gürcüstana müxtəlif vədlər verərək onu Rusiya ilə münaqişəyə sövq edən bu ABŞ və Qərbin elə o vaxt gerçək simasını görən gürcülər növbəti dəfə atacaqları addımı dərindən düşündülər. Yəni dünyanın 2 qüdrətli dövlətindən biri olan Rusiya kimi qəsbkar bir ölkə ilə münaqişəyə girmək Ukrayna aqibətini göz qarşısına almaq demək olduğunu anladılar. Gürcüstan o vaxt Rusiyaya tez təslim oldu və ziyanın yarısından qayıtdı.

Daha dəqiq, 5 gün davam edən şiddətli döyüşlərdə Gürcüstan tərəfi 169, Rusiya isə 67 hərbçisini itirdi. Əgər Ukrayna kimi Gürcüstanda dirəniş göstərsəydi, 2008-ci ildə daha ağır hadisələr olacağı şübhəsiz idi.
Baxmayaraq ki, 2008-ci ildə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyaya qarşı böyük bir “səhv” etmişdi. Uzun müddət bu səhvi bir də heç kim təkraramağa cürət etmədi. Ta ki, Salome Zurabişvili Gürcüstan Prezidenti olana qədər. Anti-Rusiyaçı Zurabişvili hətta Rusiyaya uçuşlara görə “Georgian Airways”ə qarşı boykot elan etdi.
Yadınızdadırsa, Rusiya –Ukrayna müharibəsi başlayanda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dəfələrlə bəyan etdi ki, rəsmi Tbilisi Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq, çünki bu, ölkənin maraqlarına cavab vermir. Amma Zurabişvili Rusiyaya qarşı beynəlxalq maliyyə sanksiyalarını dəstəklədiyini iddia etdi.
Hazırda Baş nazir olan İrakli Kobaxidzenin siyasəti sayəsində Rusiya ilə Gürcüstan arasında münasibətlər isinməyə doğru getdiyi bir zamanda prezident Salome Zurabişvili ölkənin Rusiya hökuməti tərəfindən idarə olunduğunu deyib.


Artıq Rusiya və Gürcüstan arasında ilıq münasibət artıq Qərbi əsəbləşdirməyə başlayıb.

 


Adalet.az xəbər verir ki, Böyük Britaniya və Gürcüstan arasında 2014-cü ildən başladılan “Şkaf Strateji Dialoqu” keçirilirdi və bunun sayəsində hər il nazirlər səviyyəsində görüşlər olur, bu da ikitərəfli münasibətlərin inkişafı üçün əsas platforma rolunu oynayırdı.
Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord “İnterpressnews” agentliyinə müsahibəsində bildirib ki, Böyük Britaniya Gürcüstanla strateji dialoqu dondurub və müdafiə danışıqlarını ləğv edib
Uord Gürcüstanın Britaniya və digər Qərb ölkələri ilə münasibətlərini pisləşdirən bir neçə addımı xatırladıb. Səfir həmin addımlar arasında Gürcüstanın “Xarici təsirin şəffaflığı” qanununu sadalayıb və onun sözlərinə görə, “vətəndaş cəmiyyətini məhdudlaşdırır”. Səfir Gürcüstanın hakim partiyasının liderlərinin “sui-qəsd nəzəriyyələrini təbliğ etməyə və Qərb tərəfdaşlarının Gürcüstanı sarsıtdığını güman etməyə başlamasından” məyus olduğunu bildirib. Qaret Uord həmçinin deyib ki, Britaniya hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifət partiyalarının fəaliyyətinə qadağa qoyulması ilə bağlı seçki kampaniyası vədindən şoka düşüb.

Qeyd edək ki, hələ iyul ayında Fransa da Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırdığını elan etmişdi.
Bunu Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri Bastiliyanın alınması günü münasibətilə keçirilən ziyafətdə demişdi.
Bundan əvvəl Aİ-nin ümumi bəyanatından sonra Almaniya da oxşar bəyanatla çıxış etmişdi.
“Avropa Şurası belə qənaətə gəlib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması yolu de-fakto dayandırılıb. Bu, Gürcüstan hökumətinin hər kəsin bildiyi qərarlarının nəticəsidir. Bu səbəbdən biz Gürcüstan büdcəsinə birbaşa yardımımızı müvəqqəti dayandırmaq, vətəndaş cəmiyyətinə və mediaya yardımı artırmaq qərarına gəldik”, - deyə səfir jurnalistlərə bildirib.
Qarsi əlavə edib ki, “bütün sahələrdə dəstəyi” bərpa etmək üçün Gürcüstan hökuməti kursunu dəyişməlidir.Beləliklə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “ölkəmiz ingiliscə “Georgia” (Corciya - ABŞ-da bu adlı ştat var - red.) adlansa da, biz ABŞ-ın ştatı deyilik”dedikdən sonra Gürcüstana ayrılan yardımlar ABŞ, Fransa, Almaniya tərəfindən dayandırıldı. İndi də Böyük Britaniya bu qərarı verdi.

Əntiqə Rəşid