adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 07:25
27
ANALİZ
A- A+

ŞUŞA QLOBAL MEDİA FORUMU 22 İYULU BÜTÜN DÜNYANIN MEDİA GÜNÜNƏ ÇEVİRMƏKDƏDİR

Ötən il Azərbaycan mətbuatının 150 illik yubileyində dövlətimiz tərəqqipərvər jurnalistlərə münasibətdə yetərincə səxavət nümayiş etdirdi. Yüzlərlə media mənsubu yubiley medalı ilə, “Tərəqqi” medalı ilə təltif olundular. Amma artıq ənənəyə çevrilmiş bir tədbir də var ki, onun hər il 22 iyul - Milli Mətbuat Günü ərəfəsində məhz Azərbaycanda keçirilməsi milli təqvimimizin bu əlamətdar səhifəsinə beynəlxalq miqyas gətirir.     

Bu dəfəki IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olundu. Forum çərçivəsində media mühitində mövcud çağırışlar, dezinformasiya ilə mübarizə, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya, beynəlxalq informasiya əməkdaşlığının gücləndirilməsi, eləcə də sülhün və qarşılıqlı etimadın təşviqində medianın rolu geniş müzakirə olundu.

Qlobal siyasətdə baş verən sürətli dəyişikliklər, regional münaqişələrin genişlənməsi, informasiya müharibələrinin yeni mərhələyə keçməsi və enerji təhlükəsizliyi ətrafında formalaşan yeni geosiyasi konfiqurasiya dövlətlərin xarici siyasət prioritetlərinə yenidən baxmasını zəruri edir. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın təşəbbüsü ilə keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin bir araya gəldiyi platforma deyil, həm də qlobal çağırışların, beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiyaların və gələcək inkişaf istiqamətlərinin müzakirə olunduğu mühüm siyasi dialoq məkanı oldu.

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş forumda Prezident İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırdı. Dövlət başçımız Azərbaycanın xarici siyasət prioritetləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq nəqliyyat və enerji layihələrinin perspektivləri, rəqəmsal transformasiya, "yaşıl enerji" strategiyası və ölkənin dəyişən dünya nizamındakı yeri barədə fikirlərini bölüşdü.

Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq nüfuzunu ildən-ilə artırır. Bu il 53 ölkədən 160 nümayəndənin, onlarca beynəlxalq media qurumunun və təşkilatın iştirakı isə forumun qlobal xarakter qazandığını bir daha sübut etdi.

Bu isə öz növbəsində  Azərbaycanın postmünaqişə dövründə Qarabağı beynəlxalq əməkdaşlıq və dialoq platformasına çevirmək siyasətinin praktik nəticəsidir. Bir neçə il əvvəl dağıntılarla yadda qalan Şuşa bu gün beynəlxalq forumlara, siyasi müzakirələrə və qlobal media nümayəndələrinin görüşlərinə evsahibliyi edir.

Forumun əsas mövzusu müasir dövrdə informasiya təhlükəsizliyinin nə qədər aktual olduğunu bir daha göstərdi. Süni intellekt texnologiyalarının inkişafı, dezinformasiyanın geniş yayılması və informasiya manipulyasiyalarının artdığı bir dövrdə medianın üzərinə düşən məsuliyyət daha da artır.

Prezident İlham Əliyev forumda dəfələrlə vurğuladı ki, həqiqətin qorunması və etimadın bərpası müasir jurnalistikanın əsas missiyası olmalıdır. Bu yanaşma xüsusilə postmünaqişə regionlarında böyük əhəmiyyət daşıyır. Qarabağla bağlı uzun illər beynəlxalq mediada formalaşdırılmış birtərəfli yanaşmalar fonunda forum xarici media nümayəndələrinin bölgədə baş verən dəyişiklikləri yerində müşahidə etməsinə imkan yaradır.

Müşahidə olunan tendensiya budur ki, Azərbaycanın konstruktiv təşəbbüsləri 22 iyul – Milli Mətbuat Günümüzü de-fakto bütün dünyanın Media Gününə çevirməkdədir. Bu əlamətdar gün münasibətilə bütün həmkarlarımı təbrik edirəm: Peşə bayramımız mübarək!

Elnarə Həziyeva