adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 15:01
57
GÜNDƏM
A- A+

“Bu gün düşünmədən iştirak etdiyiniz proseslərin sabah öz azadlığınızı...”

“Son günlər baş verən hadisələr məni ciddi narahat edir. Yenə qadınların dini duyğularının manipulyasiya predmetinə çevrildiyini, onların müəyyən məqsədlər naminə alət kimi istifadə olunduğunu müşahidə edirəm. Ən ağrılısı isə odur ki, bir çox qadın iştirak etdiyi proseslərin mahiyyətini, mümkün nəticələrini və hansı maraqlara xidmət edə biləcəyini yetərincə dərk etmir. Dünən qarşıma çıxan videolarda guya həmrəylik və dəstək nümayiş etdirmək məqsədilə hicab bağlayan qadınları gördüm. Sual edirəm, Sizi bu addıma təşviq edənlər izah etməyiblərmi ki, dini inancın rəmzi olan hicabı nümayiş vasitəsinə çevirmək elə həmin inancın mənəvi mahiyyətinə hörmətsizlik kimi də qiymətləndirilə bilər?”.

Adalet.az xəbər verir ki, bunu “Təmir Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 
O, sual verib ki, inanc nə vaxtdan ictimai kampaniyaların dekorasiyasına çevrilib?

“Hicab təhsilə mane olmur!” şüarı ilə çıxış edənlərə də sualım var: Bu gün müdafiə etdiyiniz hüquqla sabah qarşınıza çıxarıla biləcək dini məcburiyyət arasında sərhədin haradan keçdiyini düşünürsünüzmü? Dünyada qadınların geyiminə, təhsilinə, hərəkət azadlığına və ictimai iştirakına dini qaydalar adı altında məhdudiyyətlər qoyulan ölkələrin təcrübəsi sizi düşündürmürmü? Qadınların kiçik hesab edilən davranışlarına görə ağır cəzalara, şallaqlanmaya, hətta ölüm hökmlərinə məruz qaldığı sistemlərin mövcudluğu kifayət qədər ciddi xəbərdarlıq deyilmi? Əlbəttə, hicab taxmaq özü-özlüyündə nə təhsilə qarşı çıxmaq, nə də belə bir idarəetmə sistemini dəstəkləmək deməkdir. Lakin qadın hüquqları adı altında aparılan hər bir səfərbərliyin məqsədini, təşkilatçılarını və mümkün nəticələrini sorğulamaq zəruridir”. 

O, başını örtən ziyalı dostlarına ayrıca müraciət etdiyini deyib:

“Sizin inancınıza, şəxsi seçiminizə və mənəvi dünyanıza dərin hörmətim var. Lakin baş verən proseslərin hansı istiqamətə yönələ biləcəyini görmürsünüzmü? Dini etiqad azadlığının müdafiəsi ilə dini normaların bütöv cəmiyyətə məcburi qayda kimi qəbul etdirilməsi arasında fundamental fərq olduğunu siz daha yaxşı bilməlisiniz. Siz də qadının geyiminin, təhsilinin, həyat tərzinin və gələcəyinin başqaları tərəfindən müəyyənləşdirildiyi bir cəmiyyət istəyirsinizmi? Buna inanmaq istəmirəm. Qətiyyən! Bəli, ölkəmizdə problemlər var. Bəli, ayrı-ayrı məmurların davranışlarında yanlışlıqlar, hüquq pozuntuları və ədalətsiz qərarlar ola bilər. Bunları görməmək, susmaq və ya müdafiə etmək niyyətində deyiləm. Amma ayrı-ayrı məmurların yanlış davranışını dövlətin mahiyyəti ilə eyniləşdirmək olmaz. Hüquq pozuntusuna qarşı mübarizə hüquqi dövlətin zəiflədilməsinə deyil, onun daha da gücləndirilməsinə xidmət etməlidir. Bir məmurun yanlış qərarına etiraz etmək başqa, bu etirazın hansı qüvvələr tərəfindən və hansı məqsədlə istiqamətləndirildiyini düşünmədən prosesə qoşulmaq tamam başqa məsələdir”. 

M.Zeynalova üç yaşlı qızının başına hicab bağlayan analara da səslənib:

“Siz kimə nəyi sübut etməyə çalışırsınız? Dövlətəmi, cəmiyyətəmi, yoxsa öz çevrənizəmi? Üç yaşlı uşaq dini seçimin mahiyyətini dərk edəcək yaşda deyil. Onun adından verilən qərarların gələcəkdə şəxsiyyətinə, azadlığına və seçim imkanlarına necə təsir edəcəyini düşünürsünüzmü? Bir gün övladınız böyüyüb sizdən «Niyə mənim yerimə qərar verdin? Niyə seçim haqqımı özümdən əvvəl müəyyənləşdirdin?» deyə soruşanda ona nə cavab verəcəksiniz? Uşaqlar böyüklərin ideoloji mübarizəsinin, dini nümayişlərinin və ictimai qarşıdurmalarının vasitəsinə çevrilməməlidir. Uşağın gələcəyi valideynin kiməsə etiraz etmək istəyindən daha qiymətlidir. Məni ən çox narahat edən məqam qadınların yenidən qadınların əli ilə manipulyasiya olunmasıdır. Bu gün sizə həmrəylik, mənəvi borc, dini sədaqət adı ilə təqdim olunan çağırışların sabah hansı nəticələr doğura biləcəyini düşünmək lazımdır. Qadının azadlığını müdafiə etmək adı altında başqa qadınların seçim azadlığını məhdudlaşdıran düşüncələrə yol açmaq olmaz.Bir daha müraciət edirəm: DURUN, DAYANIN VƏ DÜŞÜNÜN!Emosiyalarınızın, dini həssaslığınızın və haqlı narazılıqlarınızın başqalarının məqsədləri üçün istifadə olunmasına imkan verməyin. Hər çağırışın arxasında dayanan maraqları sorğulayın. Bu gün atdığınız addımların sabah özünüzün, övladlarınızın və bütövlükdə cəmiyyətin həyatına necə təsir göstərə biləcəyini düşünün.Unutmayın, azadlıq yalnız öz seçimini müdafiə etmək deyil, başqasının fərqli seçim etmək hüququnu da tanımaqdır. Dünyəvi dövlətçilik, vicdan azadlığı, qadın hüquqları və uşaqların mənafeyi bir-birinə qarşı qoyulmamalıdır. Bu gün düşünmədən iştirak etdiyiniz proseslərin sabah öz azadlığınızı məhdudlaşdıran qaydalara çevrilməyəcəyinə kim təminat verə bilər?” 

O, qadının hicab taxmaq hüququna da, hicab taxmamaq hüququna da eyni prinsipdən yanaşdığını bildirib:

“Heç bir qadın inancına görə təqib edilməməli, heç bir qadın inanc adı ilə idarə olunmamalıdır. Bir məqama da toxunmaq istəyirəm. Əgər hicabı abır-həyanın, mənəvi saflığın və təvazökarlığın rəmzi kimi təqdim edirsinizsə, o zaman geyiminizə, davranışınıza, danışığınıza və ictimai münasibətlərinizə və uşaqlarınızın tərbiyəsinə də diqqət edin. Çünki abır-həya yalnız başı örtməklə ölçülmür. O, insanın davranışında, başqalarına münasibətində, sözündə və mənəvi məsuliyyətində özünü göstərir. Hicabı mənəvi üstünlük göstəricisinə çevirmək, eyni zamanda davranışlarda bu dəyərlərə zidd nümunələr nümayiş etdirmək ciddi ziddiyyətdir. Qadın azadlığı uğrunda mübarizə qadının yeni asılılıqlara sürüklənməsi ilə nəticələnməməlidir!”.

Vasif ƏLİHÜSEYN