Hay həyasızlığının Qarabağ səhifəsi: "Qarabağı Ermənistana birləşdirin" -37
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/jjjjpg-1739345905.jpg)
Bu gün - 12 fevral (1988-ci il) Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin Qarabağın Ermənistana birləşməsini tələb edən ilk mitinqin və separatçılıq çıxışlarının başlamasından 37 il keçir
Adalet.az xəbər verir ki, mitinqlərin başlamasına əsas səbəb kimi 1986-cı ildə Moskva rəhbərliyinin qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisinin Ermənistana verilməsi və separatçı ermənilərin iştahlanması göstərilir. Beləki, 1987-ci ildə akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1987-ci il iyun-iyul aylarında rmənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci il oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirilsə də insan sayına görə məqbul sayılmadı. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir.
Qorbaçovun razı salındığını anlayan və artıq heç nədən çəkinməyən ermənilər 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar həyata keçirməyə başladı. İrəvandakı mitinqdə zorakılıq və yaxud maneə görməyən Qarabağ ermənilərinin separatçı meyilləri dərhal yüksəldi və daha mütəşəkkil şəkildə dünyanın diqqətinə düşə biləcək bir mitinq hazırlığına başladılar.
Həmin ərəfədə artıq DQMV ərazisində separatçı “Krunk” təşkilatı da yaradılmışdı və onun üzvləri 1988-ci il yanvar ayının əvvəllərində yardım üçün Moskvaya getmişdilər. Beləliklə, separatçılıq dalğasının başlaması üçün ideoloji-təbliğat işi böyük vüsət alırdı. Artıq 1988-ci ilin yanvar ayınadək Qarabağ münaqişəsinin yeni mərhələsinin startı üçün bütün hazırlıq yekunlaşmışdı. 1988-ci ilin 12 fevralında DQMV-nin mərkəzi Stepanakert (Xankəndi) şəhərində də vilayət partiya komitəsinin binası qarşısında "miatsum" (Ermənistana "birləşmə") şüarı altında geniş bir mitinq keçirdilər. Bu sonuncu deportasiya tarixinə Qarabağda başlamağın ilk təməli idi və eyni zamanda yeni qanlı oyuna start verilən bir tarix oldu. Beləki,
12 fevraldan Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı.
Tanınmış mərhum jurnalist İlham Cəmiloğlu mediaya müsahibəsində hadisələrin şahidlərindən biri olmuş Vasili Konovalov (1983-cü ilin iyul ayından — 1988 -çi ilin noyabrın 13-nə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Azərbaycan KP MK bürosunun üzvü olub) xatirələrində bir nüansı diqqətləri cəlb edib:" Konovalov xatirələrində yazırdı:“Biz fevralın 11-də Xankəndi şəhərinə ezam olunmuşduq. İki gün ərzində mənə iki dəfə zəng olundu ki, Xankəndini tərk edim. Birinci dəfə İrəvandan Qarabağ hərəkatının başçılarından biri olan İqor Muradyan mehmanxanaya zəng vurdu. Fikrini qısa və konkret bildirdi: “Şəhəri təcili tərk edin”. İkinci dəfə isə məni yığıncağın gedişatı zamanı Xankəndinin birinci katibi Zaven Movsesyanın kabinetinə çağırdılar. Eyni sözlər təkrar olundu. Mən onda bildim ki, bu münaqişə dərin köklərə gedəcək. Təsəvvür edin ki, İrəvandan heç bir səlahiyyətə malik olmayan bir şəxs Azərbaycan KP MK-nın ikinci katibinə zəng vurur və ona göstəriş verir...”
Qarabağdakı fəlakətlərimizin başlamasının ilk günü kimi yadda qalan 12 fevraldan sonra Rusiyadan, Fransadan, müxtəlif terror təşkilatlardan güc alan ermənilər Azərbaycan üçün az qala bütün təqvim günlərini qana boyayırlar.
Daha sonra hansı hadisələr baş verir? Bilmək istəyirsinizsə, bizi izləyin!
Əntiqə Rəşid