adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 13:32
66
MƏDƏNİYYƏT
A- A+

Həmkarını gül yağışına tutan aktrisa  

 Həyat hər zaman enişli yollarda davam etmir. Bəzən dolanbac yollardan keçməlisən. Bəzən də büdrədikcə  daha da iri addımlarla addımlayırsan. 

Həyatın ağ-qara, enişli- yoxuşlu, düz-əyri olması insanın daha da möhkəm olmasına işarət edir.  Bütün bu yollardan mərd-mərdanə addımlayan məşhur simalardan biri də Xalq artisti, aktrisa Sofiya Bəsirzadədir.

O,  28 fevral 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb. Əsil soyadı Vəzirovadır. Onun adını məşhur Ayasofya məscidinin şərəfinə qoyublar.

Sovetlər dönəmində bir çox qızın cəsarət edə bilmədiyi bir addım atır. Ailəsindən gizli teatr məktəbinə daxil olur.  
Sözün əsl mənasında “incəsənət qurban tələb edir” ifadəsini Sofa xanıma aid etmək olar. Çünki o, yaratdığı obraza görə yaşlı vaxtında sürücülük kursuna gedir. Maşın sürmək öyrənir.  

Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı “Sofa” kimi yazılıb. Teatr kollektivində də ona “Sofa xanım” deyə müraciət ediblər. Elə vaxtlar olub ki, eyni gündə həm filmə, həm də tamaşıda oynayırdı.

Teatr sahəsində parlayan gənc Sofiyanın tale işığı parlayır.

Belə ki, Sofa xanım daxili işlər orqanlarında çalışan Soltan Vəzirov adlı biri ilə tanış olur. Bir-birinə məhəbbəti yaranan cütlük bir müddət sonra ailə qururlar. 
Ailə həyatı uğurlu olan xanımın həyat yoldaşı onun sənətinə də hörmət edir. Soltan bəy heç vaxt Sofa xanımın aktrisa olmağına qarşı çıxmır. Onların Camal və Kamal adlı iki oğlu dünyaya gəlir. Lakin, 1971-ci ildə Sofa xanımın həyat yoldaşı qəfil dünyasını dəyişir. Bundan sonra o, tez-tez övladlarına deyir ki, məni atanızın yanında dəfn edərsiniz.

Sovetlər dönəmi kimi çətin bir zamanda Sofa Bəsirzadə inancından dönmür. Sofa xanım  namaz qılıb, oruc tuturmuş.  Onun din sevgisi aktrisanı  Kəbə ziyarətinə qədər aparıb.

Teatr səhnəsində 62 ildən çox çalışan aktrisa bütün yaradıcılığı boyu səhnədə və kinoda əsasən ikinci planda görünüb. Lakin xarakterik obrazlar yaradıb. Yüzdən çox obraz ifa edib. Bir çox obrazları daha çox diqqət çəkib. 

Bu qədər sənətini sevən aktrisanın birdən- birə teatra gedən “yolları bağlanır”. Belə ki, 1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının rəhbəri  Həsənağa Turabov, Sofa Bəsirzadə də daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. Bir müddət işsiz qalan aktyorlardan Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın yaratdığı Bələdiyyə Teatrında işə düzəlirlər.

Onun həyatında diqqətçəkən məqamlardan biri də həmkarı Xalq artisti Fuad Poladova göstərdiyi diqqət olur.

Fuad Poladovun  haqqında kinoşünas Aygün Aslanlının yazdığı “Skafandrlı adam” adlı kitabda nəql edir:

 “Hər dəfə premyera günü otağıma gələndə stolumun üstündə gül görürdüm. Kostumerdən içəri kimin girdiyini soruşurdum, demirdi. Otağın açarlarından biri də onda olurdu. Amma bir dəfə ağzından qaçırtdı. Sən demə, gülləri Sofa xanım- Sofa Bəsirzadə gətirirmiş”. Aktrisanın böyük oğlu Camal Vəzirov anasını xatırlayarkən deyir: “Anamın balaca, çoх gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıхıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir. Anamın ölümünə inanmıram. Elə bil o, indi də mənim yanımdadır. Evdə hər şey mənə anamı хatırladır. Hara baхıramsa, anamın nəfəsini, ətrini duyuram. Hər gün dönə-dönə başımın üzərindən asdığım şəklinə baхıram”.

Həyat öz axarı ilə davam etdiyi bir vaxtda  Sofa xanım üçün ağrılı günlər başlayır. Günlərin birində Sofa xanım mədəsində güclü ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu və onun çox yaşamayacağını deyir. Sofa xanımın tezliklə vəfat edəcəyini bilən ailə onu dincəlib istirahət etməsi üçün sanatoriyaya yerləşdirir.

Xəstəliyi sürətlə irəliləyir. Bir müddət sonra yatağa düşür. 1999-cu il dekabrın 31-də Sofa xanım övladlarını başına yığır, onların kədərlənməmələri üçün deyib-gülüb zarafat edir, “bir gün gələn bir gün getməlidir” deyir.

Xalq artisti 2000-ci il yanvarın 4-də vəfat edir. Onun Fəхri Хiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn edirlər.

Əntiqə Kərimzadə