"Herostratı unudun" tamaşası teatrsevərlərə təqdim olunub
Naxçıvan Teatrında "Herostratı unudun" tamaşası teatrsevərlərə təqdim olunub. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tamaşaçılarını daha bir maraqlı səhnə əsəri ilə sevindirdi.
Bu, rus dramaturqu Qriqori Qorinin dünyanın bir çox aparıcı teatr səhnələrində oynanılan məşhur "Herostratı unudun" əsəridir. Müəllifin eyniadlı əsəri əsasında hazırlanan tamaşa bu dəfə teatrın direktoru, istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapıb. Maraqlı süjet xətti və dolğun məzmunu olan tamaşada hadisələr Efes şəhərində cərəyan edir.
Səhnə əsərində eramızdan əvvəl 356-cı ildə dünyanın 7 möcüzəsindən biri sayılan Artemida məbədini yandıran bazar alverçisi Herostratın eşq macərasından, sərsəm xülyalarından, cinayət əməlindən bəhs olunur. O, insanların sitayiş ocağı olan məbədi yandırır və bu hərəkətinə görə həbs olunur. Şəhər əhalisi onun bu əməlindən qəzəblənir, edam olunmasını istəyirlər. Herostrat isə bu əməli diqqətləri üzərinə çəkmək, şöhrətlənmək, məşhur olmaq naminə etdiyini bəyan edir. Bu məqsədlə o, müxtəlif vasitələrə əl atır, şəhərin sərxoş, tüfeyli təbəqəsinə gizli yolla içki pulu göndərir, papirus kağızlarında yazdığı təsiredici mətnləri yaymaqla çox sayda adamı öz tərəfinə çəkə bilir.
Əsərdə baş verən hadisələr, eyni zamanda, o dövrdə cəmiyyətdə xaosun hökm sürdüyünə, qanunların boşluğuna, hətta terror hadisəsinə belə biganəliyə diqqət çəkir. Belə ki, Efes hökmdarı Tissafernin "Herostratı unudun" əmri əhali arasında yayılsa da, Herostrata rəğbət bəslənilir, hamı onu görməyə can atır. İnsanların bəziləri onun bu hadisəni məşhurlaşmaq üçün etdiyini desə də, çoxları onun məhəbbət macəralarına görə edam ediləcəyindən danışır. Bu rəğbət hətta Efes hökmdarının xanımı Klementinaya da sirayət edir. Onun Herostrata heyranlığı tamaşada dolğunluğu ilə əks olunub. Bundan ruhlanan Herostrat edam olunmaqdan qorxmadığını iddia edir. Rahibə Erita İsə Herostratın edam olunmasına mane olur, onun tanrılar tərəfindən cəzalandırılacağına inanır və edamın müddətini uzadır. Hökmdar Tissafern xanımı Klementinanın Herostratla münasibətini bilən baş hakim Kleonu vəzifəsindən uzaqlaşdırılır və zindana qapıçı qoyur. Özü isə Herostratla görüşüb xanımı ilə olan münasibəti yaymaması üçün müxtəlif üsullara.əl atır.
Nəhayət Herostrata xəncər verərək zindandan qaçıb getməsinə şərait yaradır. Əhali tərəfindən baş hakim seçilən,ədalətin bərqərar olmasına inanan Kleon qapıçı vəzifəsində olarkən də Herostratı cəzalandırmaq üçün zamanın yetişməsini gözləyir. Hər cür vasitələrə əl atır və sonda özünə qarşı sui-qəsdin qarşısını alarkən məhbus Herostratı öldürür. Səhnə əsərində Xalq artisti Rza Xudiyev- Tissofern, Əməkdar artistlər Əbülfəz İmanov- Kleon, Behruz Haxverdiyev - daşyonan, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev Herostrat, Zəminə Məmmədova rahibə Erita, Səkinə Məmmədova isə Klementina, Zakir Fətəliyev Krisipp, Anar Eyvazov qapıçı obrazlarını canlandırırlar. Aktyorlardan Saynur Babayev və Xəlil Hüseynov gərgin situasiyalarla müşayiət olunan əsərdə obrazları məharətlə ifa edir, həyəcan dolu səhnələri dolğunluqla əks etdirirlər.Tamaşada o, dövrün hadisələrini səhnə tərtibatında ustalıqla verən quruluşçu rəssam, Əməkdar rəssam Səyyad Bayramovdur. Musiqi tərtibatçısı Azər Cəfərlidir. "Herostratı unudun" tamaşası ictimaiyyət nümayəndələri,teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Adilə SƏFƏROVA ,
Əməkdar mədəniyyət işçisi
Digər Xəbərlər
30 Oktyabr 2026 18:45
Leyla Əliyeva Payız festivalında - FOTOLAR
29 Oktyabr 2026 22:00
Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTOLAR
29 Oktyabr 2026 21:38
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib
29 Oktyabr 2026 13:32
Həmkarını gül yağışına tutan aktrisa
29 Oktyabr 2026 12:49
“İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28 Oktyabr 2026 12:58
Bakıda “Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisi açıldı - FOTOLAR
28 Oktyabr 2026 12:31
Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
28 Oktyabr 2026 12:13


Bakı -°C

