Həyatı və fəaliyyəti böyük bir məktəb olan DAHİ
Yaşadığımız dünyada bir tarixi həqiqət var. Bizim hər birimiz də həmin tarixi həqiqətin canlı şahidləriyik. Belə ki, hər kəsə, bütövlükdə bəşəriyyətə ünvanlahan bir fikir xalqımızın kimliyini bir daha sərgiləyib. Bu fikrin sahibi bəyan edib ki: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Etiraf etmək lazımdır ki, bu müqaisə edilməyəcək fikri yalnız əbədiyaşar liderimiz Heydər Əliyev söyləmək qüdrətində idi. Çünki Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə sıx bağlıdır.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləmişdir. Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığı şərtləndirən amillərdəndir.
Ulu öndər Heydər Əliyev xalqın ağır günündə hakimiyyətə gəlməklə Azərbaycanı yalnız parçalanmaqdan xilas etmədi, dövlətimizin dağılması təhlükəsinin qarşısını aldı. Belə çətin bir dövrdə heç zaman gəncləri də yaddan çıxartmadı, hər zaman onlarla görüşdü, təhsili və qayğıları ilə maraqlandı. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı bir çox tarixi qərarı var. Bu qərarlar Azərbaycanın dövlət gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır.
Azərbaycanın xarici və daxili siyasət sahəsindəki uğurları da uzaqgörən, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Ölkəmiz müstəqil dövlət kimi mövcud olduğu bu illər ərzində iqtisadi, siyasi və mədəni sahələrdə böyük irəliləyişlərə nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün qarşısı alınmış, insanların həyat tərzi getdikcə yaxşılaşmış, xalqı narahat edən problemlər tədricən aradan qaldırılmış, əhalinin sosial rifah halı yaxşılaşmışdır. Bu gün qazandığımız bütün bu nailiyyətlərin, uğurların əsası ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması,torpaq islahatının aparılması, yeni konstitusiyanın qəbulu, özəlləşdirilmənin həyata keçirilməsi, latin qrafikasına keçid, ordu quruculuğu , bir sözlə bütün sahələrdə atılan addımlar - bu günkü Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.
Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik müasir, müstəqil, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün münbit şərait yaratdı.Ümumiyyətlə ,məhz bu DAHİ şəxsin rəhbərliyi altında təkcə bu günün yox, həm də gələcəyin Azərbaycanının var olmaq, çiçəklənmək və qüdrətli DÖVLƏTƏ çevrilmək strategiya və taktikası işlənib hazırlandı. Bu gün isə həmin strategiya və taktika ölkə prezidenti cənab İlham Əliyev tərəfindən təkmilləşdirilmiş şəkildə reallaşdırılır.
Hər kəsə yaxşı məlumdur ki, Heydər Əliyev bütün varlığı, sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.Birmənalı olaraq onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir birini tamamlamış öz xalqına sıx bağlılığın milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Çox sevindirici haldır ki, bu gün Zaman hamımızı Heydər Əliyevin müdrük vəsiyyətinin şahidi etdi ! Ümumimilli liderin arzusu gerçəkləşdi .
Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə iki il öncə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
. İndi hər birimiz tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.
Emil Həsənov , Bərdə regional "Asan"xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu