17 Yanvar 2025 09:00
175
LAYİHƏ

İMİŞLİ YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ

Azərbaycan yeganə ölkədir ki, 30 illik ağır müharibədən sonra özünün sosial-iqtisadi problemlərini və işğaldan azad olunmuş əraziləri yenidən bərpa etməsi onu deməyə əsas  verir ki, ölkəmiz həqiqətən  də çox zəngin və iqtisadi inkişaf mərhələsini keçib. Təbii ki, 44 günlük İkinci  Qarabağ savaşından sonra işğaldan azad olunmuş bütün rayonlarda bərpa, quruculuq  və yeni  infrastruktur tikilməklə yanaşı bayaq dediyimiz kimi, bütün regionlarda möhtəşəm quruculuq işləri də səngimək bilməyib. 

Hansı  ki,  müharibədən çıxmış ölkələrə  həmişə həm beynəlxalq təşkilatlar, həm də inkişaf etmiş ölkələr bərpa işləri üçün külli miqdarda  vəsait ayırırlar. Bununla yanaşı, beynəlxalq qurumlar özləri də həmin işlərin  həyata  keçirilməsində bilavasitə iştirak edirlər. İştirak edirlər ki, müharibənin həmin ölkəyə vurduğu  iqtisadi-sosial  problemlər qısa zaman kəsiyində həll olunsun. Amma biz bunu  qardaş Türkiyədən savayı  digər ölkələrin heç birindən görmədik. Demokratiyadan və insan hüquqlarından dəm vuran Avropa ölkələri və eləcə də ABŞ Azərbaycana heç bir dəstək olmadı, Olmamaqları bir yana, onlar Azərbaycanın  sürətli iqtisadi inkişafını və 44 günlük möhtəşəm qələbəsini həzm edə bilmədilər. 

Amma  bunlara baxmayaraq, Azərbaycan öz daxili imkanları hesabına  həm işğaldan azad olunmuş  ərazilərdə, həm də bütün regionlarda sosial-iqtisadi inkişafa dair dövlət proqramını  uğurla həyata keçirməyə başladı. Bu gün hansı rayona getsən, hansı  regiona ayaq bassan orda çox möhtəşəm abadlıq-quruculuq və tikinti işlərinin şahidi olarsan. Şahidi olarsan ki, Azərbaycanın ən ucqar dağlıq  rayonlarında belə böyük  tikinti  işləri həyata keçirilib. Bir-birindən gözəl sosial obyektlər, məktəblər, xəstəxanalar, parklar və xiyabanlar inşa edilib. Belə gözəl və möhtəşəm  abadlıq işləri  İmişli rayonundan da yan keçməyib.

İmişli  həm iqtisadi, həm də sosial cəhətdən respublikamızın önəmli əhəmiyyət kəsb edən rayonlarındandır. Başqa sözlə demiş olsaq, İmişlidə həm Sovet dönəmində, həm də müstəqillik illərində  iqtisadiyyatda, tikintidə, sosial sahələrdə və mədəniyyətdə böyük inkişaf və irəliləyiş olub. Demək olar ki, rayonun mərkəzi sayılan İmişli şəhərində bir-birindən gözəl parklar, xiyabanlar, sosial obyektlər, xəstəxanalar, məktəblər, uşaq bağçaları həddindən artıq çoxdur. Təbii ki, bunları birdən-birə həyata keçirmək mümkün olmayıb. Çünki hər bir tikilinin, hər bir yeni layihənin həyata kesməsi üçün, daha doğrusu, inşa edilməsi  üçün aylar və illər lazımdır. 

Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti dövründə və eləcə də prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildən çox müddətdə İmişliyə həmişə diqqət və qayğı göstərilib. Burda demək olar ki, Heydər Əliyev adına çox möhtəşəm park inşa edilib. Bu parkın gözəlliyi, qeyri-adiliyi ondan ibarətdir ki, burda hər şey bənzərsiz və orijinaldır. Həm memarlıq, həm də inşa baxımından Heydər Əliyev Parkı çox unikal bir görkəmə malikdir. Çünki  parkda bir-birindən gözəl ağaclar, güllər, çiçəklər və yaşıllıqlar zolağı salınıb. Bütün bunları həyata keçirmək elə də asan məsələ deyildir. Əlbəttə, çətin işlərdi, amma Ulu Öndər Heydər Əliyevin və  prezident İlham Əliyevin köməkliyi nəticəsində İmişlidə bunlar  hamısı reallığa  çevrilib. Onları tikmək, qurmaq nə qədər çətindirsə, mühafizə etmək və qorumaq da  bir o qədər  çətin işdir. İmişli isti rayon olduğuna görə yay aylarında bu yaşıllıqlara  qulluq etmək hər bir kommunal işçisindən zəhmət tələb edir. Üstəlik də  hər fəsilə uyğun olaraq o yaşıllıqlara, o ağaclara və o güllərə aqrotexniki xidmət göstərilir. İsti yay günlərində səhər və axşam saatlarında davamlı olaraq bu gözəlliklərə və yaşıllıqlara su verilir. Əgər onlara bir gün, bir həftə qulluq göstərilməsə birmənalı olaraq həmin yaşıllıqlar istidən yanıb külə dönər.

İmişli camaatı həm də çox zəhmətkeş, halal və çörəyə  sədaqətli insanlardı. Onlar 1993-cü ilin avqustun 23-də yurd-yuvasından didərgin düşmüş Füzulinin məcburi köçkünlərinə və qaçqınlarına  qucaq açdılar. Onlara ata qədər, qardaş qədər doğma oldular. İmişlilər deyirlər ki, Böyük Vətən Müharibəsində Füzuli rayonunun taxılı, unu, çörəyi ilə biz aclıqdan  xilas olmuşuq və onlara  bizim bir borcumuz vardı. Füzulililər də bizim rayona gələndə bax, həmin o yaxşılıqları  qaytarmağa çalışdıq. Elə Füzuli camaatı da imişlilərin ağır gündə onlara  arxa durmasından çox böyük  razılıq edirlər. O vaxtlar mənim  onlarla qohumum məcburi köçkünlük dövründə İmişliyə sığındılar və  onlardan mehribanlıq və səmimiyyət gördülər. 

Bu gün İmişlidə tək abadlıq, quruculuq işləri  rayon mərkəzində deyil, qəsəbələrdə, kəndlərdə geniş vüsət alıb. Ən ucqar kəndlərdə belə yeni məktəblər, bağçalar, xəstəxanalar  inşa edilib. Və həmin yerlərdə çoxlu sayda  insanlar çalışırlar. Onu da qeyd edək ki, bu gün İmişlidə neçə-neçə istehsalat sahəsi və eləcə də digər sahələr  fəaliyyət göstərir. Xüsusən də kənd təsərrüfatı sahəsində fermerlər və heyvandarlar yeni texnika və texnologiyaları tətbiq edərək  yüksək məhsuldarlığa nail olurlar. İmişlinin sakinlərindən biri sayılan Qəşəm Hacıyev deyir ki, müstəqillik  dövründən  sonra İmişli tanınmaz dərəcədə abad olub,  yenidən tikilib və bizim istifadəmizə verilib. Əvvəllər İmişlidə  isti yay günlərində durmaq  mümkün deyildi, amma son 20 ildə  rayon mərkəzində və qəsəbələrdə o qədər yeni ağaclar, yaşıllıqlar salınıb ki, istər-istəməz bu yaşıllıqlar həm şəhərimizə, həm də qəsəbələrimizə bir sərinlik gətirir. 

Qəşəm kişi dedi ki, ən yaxşı günlərimizi yaşayırıq və tez-tez də Heydər parkında oluruq. Mənim kimi təqaüdçülərin ən yaxşı istirahət yeri bax, bu parkdır. Xüsusən də  isti yay günlərində axşamüstü  burda  istirahət etməyin və dincəlməyin özgə bir yeri var. Buna görə biz Ulu Öndər Heydər Əliyevə və prezident İlham Əliyevə  minnətdarıq. Ona görə minnətdarıq ki, rayonumuzda çox gözəl parklar, xiyabanlar, istirahət yerləri, yeni infratstruktur var. Buna görə də bu gün İmişlidə yaşamaq və işləmək bizim üçün çox xoşdu!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.