adalet.az header logo
  • Bakı -°C
05 Noyabr 2026 23:51
334
LAYİHƏ
A- A+

Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir

5 noyabr 2026-cı il tarixdə Mərkəzdə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Vətənim Azərbaycanım!” adlı təsviri sənət müsabiqəsinin təltifetmə mərasimi keçirilib və İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi əsasında “Qarabağın incisi, sözün sultanı” adlı tamaşa təqdim olunub.  

Tədbirin əsas məqsədi uşaq və yeniyetmələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, Zəfər tariximizin gənc nəslə aşılanması, eləcə də istedadlı uşaqların yaradıcılıq potensialının üzə çıxarılması olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin bədii hissəsində Mərkəzin “Ayna” teatr kollektivinin təqdimatında İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi əsasında hazırlanmış “Qarabağın incisi, sözün sultanı” adlı tamaşa nümayiş olunub. İstedadlı dərnək üzvlərinin ifasında təqdim olunan səhnə əsəri tamaşaçılara Qarabağın zəngin tarixi və mədəni irsini, Xurşudbanu Natəvanın həyat və yaradıcılığını bir daha xatırladaraq milli-mənəvi dəyərlərimizin əhəmiyyətini ön plana çəkib.

Daha sonra “Vətənim Azərbaycanım!” mövzusuna həsr olunmuş “44 Gün” yaradıcılıq müsabiqəsinin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verilib. Artıq ənənəyə çevrilmiş və bu il altıncı dəfə təşkil olunan müsabiqə Bakı şəhəri üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin təsviri sənət dərnəyi üzvlərini bir araya gətirib. İki yaş qrupu üzrə keçirilən müsabiqədə uşaqlar Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, füsnkar şəhərləri və işğaldan azad olunmuş Qarabağın bugünkü quruculuq mənzərəsini öz rəsm əsərlərində böyük həvəslə əks etdiriblər.

Tədbirin davamında müsabiqənin mükafatlandırma mərasimi keçirilib və qaliblər Diplomla təltif olunublar.Həmçinin “Qarabağın incisi, sözün sultanı” tamaşasında çıxış edən “Ayna” teatr kollektivinin üzvlərinə mərkəzin Diplomları təqdim edilib.

Tədbirin sonunda qonaqlar müsabiqədə iştirak edən dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı Mətanət Səfərli, Mərkəzin direktoru Kəmalə Abdullayeva, Xalq rəssamı, xalçaçı rəssam, Azərbaycan Rəssamlar İttifaqının dekorativ  tətbiqi sənət bölməsinin rəhbəri Azərbaycan Milli Xalça Muzeyinin eksperti Aydın Rəcəbov, Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Aslan Musayev, mərkəzin əməkdaşları, valideynlər və dərnək üzvləri iştirak ediblər.