adalet.az header logo
  • Bakı -°C
23 Oktyabr 2026 09:00
85
LAYİHƏ
A- A+

XƏZƏR DƏNİZİ QURUYUR…

Dünyada gedən ekoloji proseslər və eləcə də quraqlıq birmənalı olaraq dənizlərə, göllərə, çaylara mənfi təsir edir. Yəni heç kimə sirr deyil ki, havalar quraqlıq keçdikcə problemlər də baş qaldırır və suda buxarlanma halları daha da artır. Təbii ki, bu da dənizin ekoloji tarazlığının pozulmasına və eləcə də  orda bir çox problemlərin yaranmasına təkan verir. 

Bu gün dünyada ən böyük problemlərdən biri quraqlıq iqlim şəraitidir. Bu şəraitin mövcudluğu dünyada su ehtiyatlarının azalmasına, başqa sözlə demiş olsaq, içməli suyun qıtlığına və eləcə də digər məsələlərin yaranmasına təkan verir. İndi dünyada ən böyük problemlərdən biri Xəzər dənizinin mövcud vəziyyətidir. Bu da ondan ibarətdir ki, Xəzər dənizi ilbəil geri çəkilir. Sahildən  suların geri çəkilməsi  yeni adaların, yeni boş yerlərin yaranmasına gətirib çıxarır. 

Əlbəttə, Xəzər dənizində mövcud olan bu problemlər ilk növbədə Xəzəryanı ölkələri daha çox narahat edir. Heç də təsadüfi deyil ki, bu günlərdə Türkmənistanda keçirilmiş Xəzəryanı dövlətlərin sammitində bu məsələlərə böyük önəm verilib. Hətta Azərbaycan prezidenti cənab İlham Əliyev həmin ölkələrə və dünyaya Xəzərdə yaranmış mövcud problemlə bağlı narahatlıqlarını bildirib və bunun həlli yollarını göstərib. Cənab prezident İlham Əliyev sammitdəki çıxışında qeyd edib ki, dünyada gedən ekoloji proseslər və quraqlıq Xəzər dənizinə də öz mənfi təsirini göstərib. Gərək biz bütün Xəzəryanı ölkələrin rəhbərləri bir yerdə bu məsələləri  müzakirə edirik və çıxış yolu axtarıb tapmalıyıq. 

Təbii ki,  Azərbaycan prezidentinin səsləndirdiyi bu fikirlər Xəzəryanı dövlətlərin başçıları tərəfindən də dəstəklənib və onlar Xəzərin  problemini bir yerdə həll etmək üçün razılığa gəliblər. Heç şübhəsiz, bu məsələlərdə Rusiyanın, İranın, Türkmənistanın, Qazaxıstanın çox böyük köməyi ola bilər. Sammitdə  çıxış edən həmin dövlətlərin başçıları da prezident İlham Əliyevin  Xəzər dənizi ilə bağlı qaldırdığı təşəbbüsləri  və təklifləri dəstəklənmiş və bu məsələlərdə vahid mərkəzdə  çıxış edəcəklərini bildirmişdilər. 

Yazımızın  əvvəlində qeyd etdik ki, dünyada quraqlıqla bağlı mövcud problemləri aradan qaldırmaq üçün bütün ölkələr bir araya gəlməlidir. Yəni bu məsələlər bir dövlətin, beş dövlətin gücü deyil, bütövlükdə bütün dünya dövlətlərinin birlikdə hərəkəti ilə həll oluna bilər. Çünki  dünya ekoloqları hesablayıblar ki, dünyada baş verən quraqlığın qarşısını almaq üçün milyardlarla deyil, trilyonlarla dollar vəsait lazımdır. Bu vəsait isə heç də asanlıqla əldə olunmur. 

Həmin  problemlərdən biri də təbii ki, Xəzər dənizində mövcud olan  quraqlıqla bağlıdır. Başqa sözlə demiş olsaq, Xəzər bütün yerlərdə son illər beş-on metr, bəzən də əlli-altmış metr geri  çəkilib. Çox yox, Bakı bulvarında Xəzərə baxsan görərsən ki, nə qədər geri çəkilmə var. Bu yaxınlarda Astara rayonunda Xəzərin geri çəkilməsi ilə bağlı insanlar öz narahatlıqlarını bildirirdilər. Onlar deyirdilər ki, son illər bizim sahillərdə Xəzər əlli-altmış metr geri çəkilib. İndi həmin yerdə müxtəlif meyvə ağacları bitib. Amma bu bizə sərf etmir. Bizə sərf edən odur ki, Xəzərin suyu bol olsun, biz ən azından ordan balıq tuta bilək. 

Mütəxəssislərin bildirdiyinə görə Xəzər dənizinin geri çəkilməsi nəticəsində  bu gün çoxlu sayda yeni adalar yaranıb. Buna da səbəb deyilənə görə ölkəmizə yağışın az yağması, eləcə də suyun normadan artıq isti havalarda  buxarlanmasıdır. Bununla yanaşı, Volqa çayında, eləcə də Xəzərə tökülən Araz və Kür çaylarında sular əvvəlki kimi çox deyil. Çünki  bu çayların  qarşısında ayrı-ayrı ölkələr yeni su elektrik stansiyaları tikib, bəndlər yaradıb və bu sudan təsərrüfat  məqsədilə, eləcə də elektrik enerjisi almaq üçün geniş istifadə olunur. 

Bax, bütün bu məsələlər Xəzərin  qurumasında və suyunun azalmasında bu və ya digər dərəcədə öz mənfi təsirini göstərir. Xəzərdə suyun azalması tək quraqlıq yaratmır, həm də gəmiçiliyin və balıqçılığın inkişafına  pis təsir göstərir. Çünki böyük gəmilər və eləcə də  yük daşıyan tankerlər dənizdə olarkən sahilə çıxa bilmir və nəticədə digər problemlər mövcud olur. 
Ekoloq Nadir Əhmədov  Xəzərdə gedən mənfi proseslərlə, yəni suyun azalması ilə bağlı öz maraqlı fikirlərini səsləndirib. O deyir ki, heç bir Xəzəryanı ölkələr Azərbaycan kimi Xəzərin taleyi ilə bir o qədər maraqlanmırlar. Hansı ki onlar Xəzər dənizində təbii sərvətlərdən və yükdaşımalardan bizdən çox istifadə edirlər. Onlar düşünürlər ki,  onsuz da bu məsələlər külli miqdarda vəsait ayırmaqla tezliklə həll olunan deyil. Amma onlar  onu bilmirlər ki, Xəzərə  tökülən balaca bir çayın da sululuğunun artması ona yeni bir nəfəs, yeni bir can verir. 

Bundan əlavə, Xəzəryanı ölkələr tək məsələləri gündəmə gətirməklə və müəyyən fikirlər səsləndirməklə öz işlərini bitmiş hesab etməli deyillər. Ən azından Xəzərə tökülən çayların qarşısındakı müəyyən bəndləri zaman-zaman açmaq olar ki, dənizə gələn suyun miqdarı  artsın. Eyni zamanda Rusiya Volqa kimi nəhəng bir çayın dənizə axmasında yaranmış problemləri müəyyən zaman kəsiyində həll edə bilər. Amma   bu gün Rusiyanın o qədər problemləri var ki, Xəzər dənizi  onlar üçün onuncu, on beşinci yerdə durur. Yəni onlar beş ildir ki, Ukrayna ilə müharibə edir və bütün resurslarını, imkanlarını, güclərini bu istiqamətə yönəldirlər. 

Tək Xəzər dənizi quraqlıqdan əziyyət çəkmir, həm də Xəzər dənizinə bu gün Xəzəryanı ölkələr tərəfindən, eləcə də ölkəmiz tərəfindən çirkab sular axıdılır. Təmizlənməmiş çirkab suların dənizə axıdılmasının özü də ekoloji bir fəlakətdir. Çünki dənizin sahilinə gedəndə həmin qoxunu hiss etmək o qədər də müşkül məsələ deyil. Bununla yanaşı, çirkab suların dənizə axıdılması balıqları da məhv edir. Ona görə də  bu gün Xəzəryanı ölkələri bir məsələ düşündürməlidir: Xəzəri qurumaqdan və ölümdən necə xilas etmək olar?!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.