İnsanlığa qarşı törədilən ən dəhşətli soyqırım
31 Mart soyqırımı Azərbaycan tarixində erməni saxtakarlığına qarşı mübarizənin bariz nümunələrindəndir. “Böyük Ermənistan” xülyasına düşən mənfur düşmən Bakı və digər regionlarda vətəndaşlara qarşı amansız soyqırım törətməklə etnik təmizləmə siyasəti həyata keçirdi. Məqsəd vətəndaşlarda qorxu yaratmaq, regionda sabitliyin pozulmasına nail olmaqdan ibarət idi. Bakı Sovetinin nəzarəti altında fəaliyyət göstərən silahlı dəstələr, daşnak qüvvələri ilə birlikdə, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdilər.
Bu hadisələr zamanı minlərlə insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. İnsanlar evlərində diri-diri yandırıldı, işgəncələrə məruz qaldı, şəhər və kəndlər yerlə-yeksan edildi. Bakı ilə yanaşı Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və İrəvan quberniyası daxil olmaqla geniş coğrafiyanı əhatə edən soyqırım siyasəti kütləvi hal aldı və bununla yanaşı baş vermiş hadisələr zamanı kəndlərin yandırılması, insanların kütləvi şəkildə qətlə yetirilməsi, dini və mədəni abidələrin məhv edilməsi bu hadisələrin təkcə fiziki deyil, həm də mənəvi soyqırımı xarakteri daşıdığını göstərir.
Aradan keçən zaman kəsiyində Azərbaycan xalqı baş verən hadisələri unutmur, daim hadisə qurbanlarının xatirələri anılırdı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra isə mart hadisələrinə hüquqi və siyasi qiymət verildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu sahədə dönüş nöqtəsi oldu. Həmin sənədlə 31 mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi, hadisələrin sistemli şəkildə araşdırılması və təbliği istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu faciənin araşdırılması, tarixi sənədlərin toplanması, elmi tədqiqatların genişləndirilməsi və nəticələrin dünya ictimaiyyətinə çatdırılması sistemli xarakter alıb.
Dövlət başçısının təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyət kəsb edir. Bu kompleks yalnız xatirə məkanı deyil, həm də elmi-tədqiqat və maarifləndirmə mərkəzi kimi fəaliyyət göstərərək 1918-ci il hadisələrinin real miqyasını nümayiş etdirir.
Həyata keçirilən işlər, yürüdülən siyasət nəinki mart soyqırımı, eyni zamanda tarixin müxtəlif zamanında xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinin əsl mahiyyətini dünya ictimayyətinə çatdırmaq, milli yaddaşın formalaşdırılması və gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı


Bakı -°C

