adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Yanvar 2022 17:05
294
SİYASƏT

“İran şirkətlərinin bərpa prosesində iştirakı regional əməkdaşlığa töhfədir”

“Azərbaycanın azad olunmuş ərazilərində - 10 min kvadratkilometr ərazidə bərpa quruculuq işləri davam edir. Artıq İran şirkətləri də bərpa prosesinə maraq göstərir”. Bu barədə danışan deputat Könül Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur: “Regional əməkdaşlıq üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılıb. Bu istiqamətdə dialoq davam etdirilir və region ölkələrinin maraqlarını təmin edəcək. Ermənistan nə qədər dəhliz məsələsinə qıcıqla yanaşsda da, proses gedir və Azərbaycanın təklif etdiyi, bütün tərəflərin maraqlarına cavab verən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı həm avtomobil yolu, həm dəmir yolu artıq inşa edilir. Dövlət başçımızın söylədiklərindən aydın olur ki, Ermənistandan artıq müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır. İranın qonşu ölkə kimi bu işlərə töhfəsi əlbəttə, olduqca müsbət qarşılanır.

Bu cür konstruktiv yanaşmalar sülh və əməkdaşlığa əlavə töhfələr verir. Yeri gəlmişkən, Bakı və Tehran “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının inşası prosesinin sürətlənməsilə də bağlı razılığa gəlib. Yəni, bütün tərəflərin prosesdə fəal iştirakı Ermənistanın da real addımlar atmasına təkan verə bilər. Məlumdur ki, ötən il Brüsseldə Azərbaycanın Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş baş tutdu və həmin təmaslarda Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması, eyni zamanda dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqında götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Yəni, hazırda bu prosesə mane olan ciddi səbəb yoxdur, əslində. Üstəlik, sərhədlərin delimitasiya və demorkasiyası prosesində Avropa İttifaqı da töhfə vermək niyyətini açıqlayıb. Yəni, Avropa İttifaqı da prosesin sürətlənməsində maraqlıdır.

Belə olan halda Ermənistanın 2022-ci ildə real addımlar atması vacibdir, hətta bu məsələdə hər hansı manipulyasilayalara yol veriləcəyi təqdirdə, Ermənistana təzyiq göstərilməlidir. Bir sözlə, 2022-ci il bu sahədə itirlmiş il olmamalıdır”.