09 Iyul 2024 12:01
669
MÜSAHİBƏ

"İtkinlərimizlə bağlı problemləri BMT-yə çatdırmaq üçün layihə başlatdıq" - MÜSAHİBƏ

Möhtəşəm qələbəmizdən - 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi bir çox problemlərin düyünü açdı. Köçkünlərin yurd həsrəti bitdi, işğaldaykən talanan sərvətlərimizin qarşısı alındı, erməni terrorçularının sayəsində xarabazarlığa çevrilmiş yurdlarımız hazırda cənnətə abad yurdsa dönüşdürülür.

Ümumiyyətlə, qələbəmizin sayəsində böyük işlər gedir. Ən əsası isə həmin o möhtəşəm qələbə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı.
Bu gün yeni fəaliyyətə başlamış “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova ilə dövlətimizin bu sahəyə göstərdiyi qayğı və diqqəti müzakirə edəcəyik.

- Könül xanım, hiss olunur ki, itkin şəhid bacısı olaraq, çiyninizdə çox ağır bir məsulliyət var. Həssas olub həssas insanlarla işləmək əslində çox səbr, təmkin tələb edən bir işdir.

- Mən özüm 1992-ci ildən qardaş yolu gözləyən bir həssas zümrəyə aidəm. Qardaşım Behbudov Abbas Behbud oğlu vətənə borcunu verərkən düşmənlər tərəfindən mühasirəyə düşüb 32 ildir ki, ondan bir xəbər ala bilməmişik. Bizim ictimai birlikdə mənim ki, qardaş yolu gözləyəm bacılar , oğul yolu gözləyən analar, həyat yoldaşının yolunu gözləyən qeyrətli xanımlar, ata yolu gözləyən övladlar var. Hamımızın gözü yoldadır, hamımız eyni dərdin daşıyıcısıyıq.

Bəlkə ona görə tez anlaşırıq bir-birimizlə, heç birimizin sözü heç birimizə tərs gəlmir, heç birimiz digərimizin fikirlərinitənqid etmirik. Hamımız mehriban bir ailədə birləşmişik sanki... Birliyimizin üzvlərinin gözlədikləri itkinlər mənim doğma qardaşım Abbas qədər mənə əzizdir.

-Birliyinizin yaranma səbəbləri haqqında da qısaca bir məlumat verərdiniz...

- Bir itkin şəhid bacısı olaraq qeyd edim ki, İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub.Bu səbəbdən də 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Bilirsiniz ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldıqdan sonra geniş araşdırmalar aparıldı.

Hələ 2007-ci ildəki araşdırma nəticələrindən məlum olmuşdu ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir Bəli, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların gözünü yumub, ağzına su alıb durduğu bir zamanda Azərbaycanın Qarabağ adlı böyük bir problemi vardı.

Günahsız insanların işgəncələrlə qətlə yetirilməsi, qalanların isə yurdlarından qovulması kimi ağır dərdinə susan dünyanın gözü qarşısında başda Azərbaycanın Ali Baş Komandanı müzəffər İlham Əliyev, müzəffər Azərbaycan ordusu 44 gün ərzində həmin problemdən qurtuldu. Bundan sonra məlum oldu ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız mənfur düşmənlərimiz tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılıb.

Dövlətimiz həmin kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılarkən zərurət yarandı ki, vətəndaş olaraq bütün itkin ailələri bir birlik altında birləşib dövlətimizə bu işdə dəstək olsun. O səbəbdən bu birlik yarandı.

- Hazırda itkin ailəsi olaraq birliyinizin üzvləri ilə hansı layihə üzərində işləyirsiniz, dövlətə neçə kömək etmək fikrindəsiniz?

Ötən ilin sentyabrında Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirildi. Həmin tədbirdə ölkə başçısı cənab İlham Əliyevin bir fikrini diqqətinizə çatdırıram :” İtkin düşmüş şəxslər məsələsi postmünaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır.

Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir”.

Biz də çalışdıq məhz bu işdə dövlətimizə dəstək olaq. Beləliklə, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrasına başlayıb.

- Layihə regional xarakter daşıyır?Yəni, rayonlarda da gerçəkləşəcək?


- Layihə Bakı şəhərində icra ediləcək. Çünki itkin düşmüş ailələrinin  böyük bir hissəsi Bakı şəhərində yaşayır.

- Layihənizin məqsədi, istiqaməti, yekun nəticələri nədən ibarət olacaq. Yəqin ki, indi oxucularımız da bunu sizdən eşitmək istəyər...

- Layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorumasıdır. Layihə Ermənistanın azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları haqqında, məlumatların daha çox həcmdə və məhz itkin düşənlərin ailə üzvlərini birləşdirən, onlar tərəfindən yaradılan ictimai birlik tərəfindən gösdərilməsini, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) mexanizmdən səmərəli istifadə olunması gözlənilir. BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupu ilə kommunikasiyanın qurulması bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında Bəyannamənin həyata keçirilməsinə maneələrin aradan qaldırılmasında dövlətlərə kömək etməklə qabaqlayıcı rol oynayır.

Hazırlanaraq ğöndərilmiş muraciətlər BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun itkin düşmüş azərbaycanlılar haqqında məlumatlandırmanın miqyasını artırılacaq. BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupuna müraciətlər göndəriləcək və müraciət forması ingilis dilində yazılacaq. Burada məqsəd eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsinda yaranmış humanitar problemlərin xüsusilədə itkin düşmüş səxslər məsələsinin Beynəlxalq İctimaiyyətin diqqətinə çatdırılmasıdır. Bir sözlə, dövlətimizin yanında, Cənab İlham Əliyevin arxasındayıq.


- Deyə bilərik ki, məsuliyyətiniz ağır idi, missiyanız da elə eyni ağırlıqdadır. Özünü karlığa, korluğa vurmuş bəzi hegemon dövlətlərin, siyasətçilərin, beynəlxalq təşkillatların gözündəki “kilid”i açmaq, qərəzi azaltmaq həqiqətəndə çətin bir missiyadır. Sizin layihənizin beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına öz töhfəsini verəcəyinə inanıram. Həm haqlısınız, həm sırf bu dərdin daşıyıcılarısınız, həm də haqq yolunda olan Azərbaycan dövlətinin yanındasınız! Ugur olsun!

Əntiqə Rəşid