04 May 2024 13:31
9485
MEDİA

Jurnalistlər bir yerə yığılıb söz və mətbuat azadlığını müzakirə etdi - REPORTAJ

Hər il olduğu kimi, bu il də mayın 3-ü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

Elə ötən gün Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədr müavini Elnur Abasovun təşkilatçılığı ilə “Royal Hotel”in konfrans zalında baş tutan tədbir  " Dünya Söz və Mətbuat Azadlığı Günü"nə həsr edilmişdi və o tədbirin iştirakçısı olaraq tədbirdən maraqlı anları oxucularımızın nəzərərinə çatdırmağı özümə borc bildim.


Beləliklə başladıq!

Əvvəlcə oxucularımıza təşkilatçı haqqında məlumat verək ki, reportaja başlayanda fikrinizdə sual işarəsi yaranmasın. Elnur Abasov-VKC Növləri Üzrə Azərbaycan Karate-Do Federasiyasının Fəxri Prezidenti, Karate üzrə Dünya və Avropa Çempionu, idman ustası, beynəlxalq V-Dan qara kəmər sahibidir. Uzun illərdir bu təşkilatın üzvü olaraq Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq çalışıb və əlindən gələni edib. Qardaşı QHT təşkilatlarından biri olan “Azərbaycan Türkiyə gənclərinin dostluq və həmrəylik” ictimai birliyinin sədri Mövsümağa Abasovla birgə hər zaman xalqımızın, dövlətimizin mənafeyini müdafiə ediblər.

44 günlük müharibə zamanı Abasov qardaşları elə gün olmadı ki, Azərbaycan ordusunun yanında olmasın, onu dəstəkləməsin, varını səxavətlə onlarla bölüşməsin!. Bir sözlə Salyandan olan bu qardaşlar Azərbaycan respublikasının ictimai həyatına dəstək olmaq, insanların yaşayışının stabilləşdirilməsi, onların rifahının yaxşılaşdırılması uğrunda əlindən gələni əsirgəməyib.


Tədbirin aparıcısı ixtisasca müəllim olan Əsmər Mehrəliyeva ilk sözü hamı üçün qanun oldu: Şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək!
1 dəqiqəlik sükutdan sonra Şəhidlərimizin ruhuna dualar oxundu və bundan sonra tədbir açıq elan edildi.

Çıxış üçün söz mətbuatımız kapitanlarından olan professionallığı, dürüstlüyü və istedadı ilə ictimaiyyətin hörmətini qazanmış “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevə verildi.

Bahəddin müəllim, öz növbəsində  jurnalistikamızın əvvəlki və indiki dövrlərini müqayisə etdi. Bildirdi ki, "mətbuat azadlığı" ifadəsi əslində bir qədər qəribə səslənir: "Mədiadırsa, azaddır, azad deyilsə, media deyil. Jurnalist yaradıcılığı, söz sənəti azadlığın olayıdır. Azadlıq olmayan yerdə jurnalistika yox kimidir"

Yeri gəlmişkən, Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzində, “Xazar” jurnalında, Turan İnformasiya Agentliyində, “Azadlıq”, “Çağ”, “Avrasiya” və “Ekspress” qəzetlərində, eləcə də “Azadlıq” radiosunda işləyib. Bahəddin Həziyev Ali Media Mükafatı, “Müstəqillik dövrünün jurnalisti”, Şəhid Ülvi Bünyadzadə adına mükafatlarla təltif olunub.

2010-cu ildə “Azərbaycan Respublikasınn Əməkdar Jurnalisti” adına layiq görülüb.Bir sözlə, müstəqqilk dövründə senzurasız mətbuat dövründə Bahəddin müəllimin bir jurnalist olaraq yaradıcılığı rəngarəng olub.

Peşəkarların sırasında olan mətbuat qabaqcıllarından biri Azərbaycanın ilk qadın hərbi jurnalisti, əməkdar jurnalisti Əntiqə Qonaq da tədbirimizin qonağıdır. Əntiqə xanım əvvəlcə jurnalistikanın cazibə qüvvəsindən, həyəcanverici anlarından danışıb həyatını jurnalistika ilə birləşdirdiyinə zərrə qədər də peşman olmadığını bildirdi.

Çoxunuz bilirsiniz, Əntiqə xanım 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib.

Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir.
1984-cü ildən mətbuatın öndə gedən jurnalistlərindən olub. Çıxışında da söylədi ki, 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olmuş və burada şahidi olduğu hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanında çıxışlar edib.

Ə.Qonağın sözlərinə görə, mətbuatın, sözün azad olması jurnalistikada öncül faktordu və bu faktordan yetərincə istifadə edə bilib.Azad medianın təmsilçisi olaraq BMT-nin Xoşməramlı Səfiri diplomuna da layiq görülüb.
Tanınmış jurnalist, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun söhbəti isə sosial media ilə ənənəvi medianın bir-birinə qarışmasına narahatçılığını bildirdi. C. Musaoğluna görə söz azadlığı o qədər geniş inkişaf edib ki, artıq sosial media qismən ənənəvi medianın bir parçasına dönməyə hazırlaşır. Amma bu məqamda da peşəkarlar sözünü deyir. Peşəkarın SÖZü ilə təbii ki, bloggerin, tiktokerin sözünün sanbalı, istiqaməti, mahiyyəti eyni deyil.

Xocalıdan olan jurnalist, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin baş prodüsseri Mübariz Hacılı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü:” Qlobal proseslərin aktiv şəkildə dəyişdiyi bu zamanda insanlar mediada yayımlanan düzgün, dəqiq informasiyaları əldə etməyə böyük ehtiyac duyur.

Fəaliyyətində jurnalistikanın etik dəyərlərini gözləyən, Vətəninə, xalqına qərəzsiz, vicdanla xidmət edən jurnalistlərimiz bu vəzifəni layiqincə yerinə yetiriblər və yetirməkdə davam edirlər.

I Qarabağ müharibəsi dövründə də, Vətən müharibəsi dövründə də, müxtəlif illərdə baş verən lokal döyüşlər zamanı da Azərbaycan jurnalistikası öz şücayət və peşəkarlığını lazımınca göstərə bilib”.

Teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru Etibar Məmmədov öz çıxışında bildirdi ki, dünya siyasətinə birbaşa təsir qüvvəsi yetən dünyanın nəhəng media orqanları var:”Həmin media orqanları ilə bağlı danışarkən onların peşəkarlığı ilə bağlı fikirlərə tez-tez rast gəlirik. Əslində isə Azərbaycan jurnalistləri nə öz azadlığında, nə şücaətdə , nə də peşəkarlıqda onlardan geri qalmır. Onları bizdən fərqləndirən yeganə səbəb isə ki, onların güclü maliyyəyə malik olmasıdır.

Təbii ki, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızının, telejurnalist , ssenarist Arzu Qazıyevanın, "Moderator.az" saytının əməkdaşı  Xəyalə Rəisin mətbuat və söz azadlığı ilə bağlı fikirləri iştirakçılar tərəfindən diqqətlə dinlənildi.
Tədbirin əvvəlində deməyi unutdum, amma tədbirdə QHT rəhbərləri də iştirak edirdi.

"Gənclərin Anti-Narkomaniya" İctimai Birliyinin sədr müavini Billurə Məmmədova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Ceyran Əzizova və başqaları jurnalistlərlə mütəmadi işləyən , onların bütün sahələrdə olduğu kimi QHT sektorunda göstərdikləri fəallığı, ictimiyyətlə QHT-lər arasında yaratdığı körpünü, ümumiyyətlə jurnalistlərin əməyini yüksək qiymətləndirdilər.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli söz azadlığının yaxşı tərəflərini söylədikdən sonra onun mənfi xüsusiyyətlərindən də danışdı:” Müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Telekanal isə ona həvalə olunan ali missiyanı yerinə yetirməli idi. Lakin bir çox hallarda bu sahədə xoşagəlməyən tendensiyalar qabarıq şəkildə özünü göstərdi.Televiziya elə bir sahədir ki, orada qüsurlar dərhal diqqəti cəlb edir. Xoşa gəlməyən hal odur ki, bu, verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir.”.
Tədbirin yekununda isə söz Birinci Qarabağ müharibəsi veteranı, tanınmış jurnalist Şamil Sabiroğluya verildi. Şamil müəllim qonaqların bu mötəbər tədbirə gəlişinə görə təşəkkür etdi, jurnalistləri Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik etdi.

O bildirdi ki, bu gün -3 may həmdə dürk dünyasında türkçülük günü kimi qeyd edilir və bu gün münasibətilə bütün dünya türklərini təbrik edir, Turan qurulması yolunda atılan addımları alqışlayır:” Əziz tədbir iştirakçılar bu günün bir önəmi də var ki, deməsəm olmaz ! Bu maraqlı tədbirin təşkilatçısı Qarabağı, bütün Azərbaycanı canından çox sevən, vətənpərvər, ləyaqətli soydaşımız Elnur Abasovunda ad günüdür. Bu münasibətlə bütün onu tanıyanlar adından, siz qonaqlarımız adında təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıram.Elnur, 100 yaşa!Sənin uzun yaşamağın bu xalqın xeyrinədir!”

Sonda Mövsümağa Abasov bütün qonaqları “Royal Hotel”in banket zalında çay süfrəsinə dəvət etdi. Düzünü deyək ki, müzakirələr çay süfrəsində də davam etdi. Eyni zamanda təşkilatçı jurnalistlərə simvolik olaraq qələm də hədiyyə etdi.

Reportajı hazırladı: Azərbaycan mətbuatında söz azadlığı ilə bağlı geniş müzakirədə fəallıqla iştirak edən Əntiqə Rəşid