adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Yanvar 2022 10:00
937
ELM VƏ TƏHSİL

Kamran Əsədov: “Dövlətin pulunu gələcək kadrına bu qədər yüksək faizlə vermək olmaz”

Ötən il ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalandı. Fondun yaradılmasında məqsəd Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Artıq ötən ilin noyabr ayının 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Son məlumatlara əsasən  5 minə yaxın tələbə fondun onlara yaratdığı güzəştlərdən faydayalanmaq üçün müraciət edib.

 

Təklif olunan təhsil tələbə kreditləri tələbələr üçün nə qədər əlçatandır? Təklif edilən faizlər onları qane edirmi? Bu suallara cavab almaq üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq.  Ekspert təhsil tələbə kredit fondunun yaradılmasını Azərbaycan təhsil sistemi üçün bir inqilabi hadisə  kimi qiymətləndirsə də burada yaranmış bir sıra problemlər barədə fikirlərini bölüşdü. Ekspertin fikrincə biz bununla təhsilin əlçatanlığının təmin edilməsi, əhatə dairəsinin genişləndirilməsinə ciddi şəkildə nail ola bilərdik. Amma mövcud prosedur qaydalar çox çətindir: “Hazırda Azərbaycan tələbəsi çox çətinliklə bu krediti əldə edə bilir. Qaydalar çox sadə olmalı idi. Amma müəyyən səbəblərdən qaydalar çətinləşdirilib.

 

Qeyd edim ki, hazırda azərbaycanın 51 təhsil müəssisəsində 187 min tələbə təhsil alır ki, onların 110 mini ödənişli əsaslarla oxuyur. Eyni zamanda bizim 54 orta ixtisas təhsil müəssisəsində  56 minə yaxın  tələbə var. Ümumilikdə hazırda 250 minə yaxın Azərbaycanın bu və ya digər təhsil pillələrində insanlar oxuyurlar. Və onların çox az bir qismi bundan yararlanacaq. Bizdə olan məlumata görə təxminən 60 min tələbə müraciət edə bilər. Və bu da çox aşağı rəqəmdir. Problemləri biz bölsək təbii ki, burda tələbələrin qeydiyyatdan keçmə zamanı sənədləşmə prosesinin bir az çətin olmasıdır. İkinci məsələ isə verilən kreditlərin faizlərinin çox olmağıdır. Mən düşünürəm ki, dövlətin pulunu dövlətin gələcək kadrına bu qədər yüksək faizlə vermək olmaz. Ən yaxşı halda 1-3 faizlə vermək olardı. İndiki faizlər hədsiz dərəcədə çoxdur. 2 və 6 faizlə verilir ki, bu çox yüksəkdir. Dünyada bu pulların faizsiz də verilməsi təcrübəsi var. Sadəcə texniki işlərin həyata keçirilməsi üçün 1və 3 faiz olsa bu daha yaxşı olardı. Rəqabət və məsuliyyət üçün.

 

Bundan başqa geri ödənmə ilə bağlı daha çox güzəştlər edilməli idi. Digər ən ciddi çatışmamazlıq mən hesab edirəm ki, burda qiyabi tələbələrə şamil edilmir. Bu yanlışdır. Çünki qiyabi tələbə potensial işçi qüvvəsi deyil. Və bu gün tələbəni işə götürən iş yerləri çox az saydadır. Ona görə də nəzərə alsaq ki, 2021-ci ilin dövlət büdcəsindən 80 milyon, 2022-ci ilin dövlət büdcəsindən 22 milyon vəsait ayrılıb və bu daha səmərəli sərf olunmalıdır. Qeydiyyatdan keçmə qaydaları daha sadə olunmalıdır. Çünki Azərbaycanda ali təhsilli insanların sayı çox deyil. Bu gün ölkənin cəmi 17 faiz insanı ali təhsillidir. Hər 1000 nəfərdən 170-i. Bu da qəbul edilmiş beynəlxalq normalardan, təcrübədən aşağıdır. Əmək bazarında rəqabətə davamlı iqtisadiyyatın formalaşmasında bizə ali təhsilli insanlar lazımdır. Son 5 ildə 7 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən imtina edib. Təhsil tələbə kredit fondu bu insanlar üçün ali təhsilin əl çatanlığını təmin etməli idi. Cənab prezidentin sərəncamında da məqsəd bu idi. Amma etiraf edək ki, biz bunu görmədik. Mən konkret olaraq deyim ki, prosedur qayda adi şəxsiyyət vəsiqəsi ilə bir başa qeydiyyatdan keçməklə olmalı idi. Bu qədər uzun prosesi keçməyə mənim fikrimcə ehtiyac yox idi. Yəni proses daha da sadələşdirilməli idi. Qiyabi tələbələrə də şamil edilməlidir və faizlər aşağı salınmalıdır. Düzdür burda müəyyən güzəştlər var məsələn 4 il ərzində yaxşı oxusa onun yarsı bağışlanır amma bütün hallarda müəyyən qədər ədalətsiz yanaşmadır. Məsələn sosial həssas olan ailələrə daha çox güzəşt verilir. Mənə elə gəlir ki burda qanunvericiliyə görə tələbələr eyni hüquqa malikdirlər. Oxuyanda kim daha savadlıdırsa biz ona da qiymət verməliyik”.

 

Nicat Novruzoğlu