adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Yanvar 2022 13:33
1072
ƏDƏBİYYAT

KƏMALƏDDİN QƏDİM - ŞEİRLƏR

KİMSƏ UNUDUB GEDİB...

Kimi itirmişəm mən,

Könlüm kimin yasında?

Vaxtın bir küncündəyəm,

Ömrün astanasında...

Nətəhər Kərəməm ki,

Nə Əslim, nə Lələm var.

Nə "ithürən" görünür,

Nə də "işıqgələn" var...

Ovu əlindən çıxan

Ovçuya bənzəyirəm.

Çən-dumanda yol azan

Yolçuya bənzəyirəm.

Nə məscid haya yetir,

Nə dada kilsə gəlmir.

Unutmuşam nə varsa,

Yadıma kimsə gəlmir...

Əlac, çarə at üstdə,

Dərdim piyada qalıb.

Əl açmışam Allaha,

Əlim havada qalıb...

Yapışmağa ətək yox,

Əl yoxdu tutub gedim.

Məni yolayrıcında

Kimsə unudub gedib...

 

 

 

GÖYƏRTMİR

Bu yaz gecikib gəlib,

Bağça-bağı göyərtmir.

Gör hələ nə gündədi

Solu, sağı göyərtmir.

Bir yağmurun acıdı,

Çarəsi, əlacıdı.

Çox da ki baş tacıdı,

Duman dağı göyərtmir.

Nə vaxt bir səfər çıxır,

Önə dərd-kədər çıxır.

Bir gözəl xəbər çıxıb

Qaş-qabağı göyərtmir.

Uyarın qardaşları,

Yozdursunlar başları.

Onsuz da göz yaşları

Bir yanağı göyərtmir...

 

 

ÖZÜMƏ

Təzə dərd gətirəcək,

təzə şeir gözləmə.

Zərər verirəm ancaq,

məndən xeyir gözləmə.

Tutub əlindən, canım,

qaçırım hara səni?

Qorxuram göz yaşlarım

yuyub apara səni.

Üzə də bilməyirsən,

get, Allah yarın olsun.

Kağızdan gəmi düzəlt,

qələm avarın olsun...

 

 

 

YAMAN TANIŞ GƏLİR BU KÜLƏK MƏNƏ

Qəlbimdə yeri var, izi var kimi,

Yaman tanış gəlir bu külək mənə.

Əsir, elə əsir sözü var kimi,

Deyəsən nə isə deyəcək mənə...

Bəyaz saçlarımı oxşayan nəyi,

Nəyi doğma gəlir, çaşıb qalmışam...

Elə bil nə vaxtsa mən bu küləyi

göylərə əlimlə yola salmışam.

Yəqin yeri gəlib, yeri, qayıdıb,

Hazır kətilimdi, hazır darımdı.

Olmaya göylərdən geri qayıdıb

üzümə çırpılan dualarımdı?..

 

 

 

ÖZÜMÜ ÖLMÜŞ BİLİRDİM

İçimə sığmıram daha,

Daha dışıma çıxıram.

Huşumdan çıxıram, gedib

yenə huşuma çıxıram.

Nə var çəkirəm naz deyə,

Ömür az, zaman az deyə.

Dil-dil ötürəm yaz deyə,

Gəlib qışıma çıxıram.

Çox bəxtiyeyin olmuşam,

Səmanın, göyün olmuşam.

Yaman ərköyün olmuşam

Tez-tez başıma çıxıram.

Bu necə külmüş bilirdim,

Başa tökülmüş, bilirdim.

Özümü ölmüş bilirdim,

Hərdən qarşıma çıxıram...

 

 

 

MƏNİ BU DÜNYANIN GÖZÜ GÖTÜRMÜR

Canım hər alova, hər oda yanmır,

Canım hər atəşi, közü götürmür.

Hər sözün başına dönüb, dolanır,

Ölür sözdən yana, sözü götürmür.

Sehir nazı çəkir, sirr nazı çəkir,

Ocaq nazı çəkir, pir nazı çəkir.

Sevir bir gözəli, bir nazı çəkir,

Götürmür, hər işvə, nazı götürmür.

Yoxdu Tanrının da işi bəriylə,

Məşğuldu elə öz dərdi-səriylə.

Hər gün danışıram mələkləriylə,

Hələ ki, dəstəyi özü götürmür...

Elə yol üstəyəm, qalmıram deyə,

Nəfsinə qərq olub, dalmıram deyə.

Almıram, vecimə almıram deyə,

Məni bu dünyanın gözü götürmür...

 

 

 

BURDAN AYRILIQ KEÇİB...

Bu yerin tənhası tək,

təki kimi tək yoxdu,

Çiçəyinin üstündə

arı var, pətək yoxdu.

Yapışmağa bir yaxa,

tutmağa ətək yoxdu

Burdan ayrılıq keçib...

Nə gündədi ev-eşik,

nə gündədi çöl-bayır,

Keçib sən saydığından,

fələk saydığın sayır.

Ürək xaraba qalıb,

üstdə bayquş ulayır

Burdan ayrılıq keçib...

Həyətdəki quyunun

yaman bulanıb suyu,

Bağlı qapının üstdə

hörümçək tor toxuyur.

Dörd yan sarılıq tutub,

dörd yan payız qoxuyur

Burdan ayrılıq keçib...

Çox da ki ocaq sönüb,

kül altda közü qalıb,

İtibdi al-əlvanı

rənglərin bozu qalıb.

Başda dumanı, bir də

udmağa tozu qalıb

Burdan ayrılıq keçib...

Yoçusunu itirib

arzuların yolları,

Elə uzalı qalıb

istəklərin qolları.

Bardaş qurub dərd- qoca,

yanında həsrət- qarı

Burdan ayrılıq keçib...

 

 

 

KİMƏSƏ KÖLGƏM DÜŞƏCƏK

Ha çək bu görkəmdə məni,

Ha çək, bu görkəm düşəcək;

Sən təbəssüm çəkəcəksən,

Yerinə dərd-qəm düşəcək.

Başa duman, çən qonacaq,

Saça ağ-ağ dən qonacaq.

Kirpiyimdə yaş donacaq,

Gözlərimdə nəm düşəcək.

Mən dərbədər, para-para,

Mən hara, bu şəkil hara...

Çəkmə, yenə günüm qara,

Bəxtim yenə kəm düşəcək.

Ya dəymə gerçək yerimə,

Ya bir ağac ək yerimə.

Bir başdaşı çək yerimə,

Kiməsə kölgəm düşəcək...

 

 

 

ƏFƏNDİM

Neynəyirsən çoxunun isti keçmir canına,

Çoxunun da canından isti çıxmır, əfəndim.

Qulaqlar nələr çalır, nələr gəzir dillərdə...

Od olmayan yerlərdən tüstü çıxmır, əfəndim.

Bilinmir nəyi nədi, kimi kimdi, bilinmir,

Suçlu kim, cəzalı kim, kim hakim

İçlərdəki bu necə qəzəb, kindi, bilinmir,

Bu necə hay-haraydı, səsdi, çıxmır, əfəndim?..

Ulaq qaldı ulağı, dəyişsə də palanın,

Uzandı, ömrü yaman uzun oldu yalanın.

Yaddaşlara həkk olub, ürəklərdə qalanın

ha yonursan, heykəli, büstü çıxmır, əfəndim.

Təkcə ha gül, ha şadlan, kef-damağın saz olmur,

Bilirsən, bir çiçəklə, bir gülünən yaz olmur.

Qırx var, uzağı il var, bir ömürlük yas olmur,

Bəs bu necə hüzndü, yasdı, çıxmır, əfəndim?

Hələ ocaq ocağın, pir pirinin təkrarı,

Elə, ölən ölənin, sağ dirinin təkrarı.

Bir-birinin eynidi, bir-birinin təkrarı;

Adamın zayı çıxır, dostu çıxmır, əfəndim...

 

 

 

TUTURAM

Mən sözə sürgünəm, sürgün, beləcə,

Sözlə oynayıram, əza tuturam.

Dəli könlümü də hər gün beləcə

Dilə tutmuram ki, sözə tuturam.

Udduğum hava qəm, içdiyim su qəm,

Bu sonsuz göylərdi, mən tənha qu, qəm.

Sən qoyub gedəndi bu kədər, bu qəm,

Mən onu hələ də təzə tuturam.

Yaşayıb əllilər, yüzlər içində,

Ölürəm düz oğlu düzlər içində.

Üzü üzlər görən üzlər içində

abrımı, həyamı üzə tuturam.

Bir az seçilmir ki, halı halımdan,

Canı canımdandı, qanı qanımdan.

Qoymuram səssizcə ötə yanımdan,

sovuşa başımdan qəza, tuturam.

Gözəl, oyun açdın gözəl başıma,

İlkin başımayam, əzəl başıma.

Gündə dörd dolanır əcəl başıma,

Hələ ki, özümü naza tuturam…

 

GƏZƏSƏN ÖZÜNÜ BİR ÖMÜR BOYU...

Qala əllərində canın bu bəxtin,

Nə ötə yan ala, nə bəri çıxa.

Ölə bilməyəsən ölmək istəsən,

Yaşamaq istəyin dəbərib, çıxa...

Gözlərin umduğun yerdən yığıla,

Ümidin ən hündür yerdən yıxıla.

Bir yuxun yol ala uşaqlığına,

Önünə qonşunun çəpəri çıxa...

Sevəsən, təzədən düşəsən tora,

Gəzə ayaqların yolları yora.

Qarşına bir daha o qızdan sonra

nə huri rast gələ, nə pəri çıxa...

Ağrının-acının üstə gedəsən,

Bir az asta gedib, usta gedəsən.

Üz tutub bir sadiq dosta gedəsən,

Onun da bir qəfil səfəri çıxa...

Elə, Vətən adlı yer ömür boyu

qala səndən yana sirr ömür boyu.

Gəzəsən özünü bir ömür boyu,

Nə öldü, nə qaldı xəbəri çıxa...

 

 

 

UZAĞI SEÇMƏK OLMUR...

Asanca gəlsək belə,

Dünyadı, köçmək olmur.

...Bir ayıb minməkdisə,

Bir ayıb düşmək, olmur...

Var açarı, kilidi,

Dirisənsə, diridi.

Dərdi övlad kimidi

Çəkilir, keçmək olmur...

Öyüb vaxtı deyirlər,

Tacı, taxtı deyirlər.

Bax, bu haqdı deyirlər

Yanımda çeşmək olmur...

Yaman bahadı kirəm,

Sözlərdən ev tikirəm.

Mən elə gecikirəm,

Mənə görüşmək olmur...

Hələ həmin baxtdayam,

Fanidə, nahaqdayam.

Gözlərdən uzaqdayam;

Uzağı seçmək olmur...

 

 

KƏTİLİN DANIŞIR, DARIN DANIŞIR...

Həzin yağışının həzin dili var,

Narın qarın elə narın danışır.

Nəfəsin dili var, səsin dili var,

Danışır, İlahi, lalın danışır...

Yaxşılı-yamanlı ömür-gün busa,

Bu qədər fanisə, bu qədər qısa...

Təntiyir yerisə, darıxır dursa,

Qocan gileylənir, qarın danışır...

Bax da nə gündədi, nə gündə, şirə,

Qənimdi çaqqalın, tülkün də şirə.

Nə dəndə dənlik var, nə güldə şirə,

Qarışqan dil açır, arın danışır..

Kim tacın bəzəyi, ya da tac kimin,

Kimi hara çəkir ehtiyac, kimi?..

Çıxarmır səsini acın ac kimi,

Harının hələ də harın danışır..

Var nəyin istəsən yolu hardasa,

Dil tapsan danışar külü hardasa.

Susursa ürəyin dili hardasa,

Orda boğaz dinir, qarın danışır...

...mən də ki birtəhər baş saxlayıram,

Könlümü bir azca xoş saxlayıram.

Aylardı, illərdi boş saxlayıram,

Kətilin danışır, darın danışır...

 

 

DEMƏK Kİ, YAZIYA POZU YOXUYMUŞ...

Nələri itirdim, nələr çıxandan,

Elə bil heç izi-tozu yoxuymuş...

Yoxuymuş, mən sürən ömür adında

dünyanın bir çürük qozu yoxuymuş...

Gəldi bu gələn də haramın üstdə,

Yığdı batmanları qramın üstdə.

Heç bunun hərdən bir yaramın üstdə

səpməyə bir çimdik duzu yoxuymuş...

Oyunmuş nə varsa, oyun, əzəldən,

Qurtara bilmirik boyun əcəldən.

Qoyunmuş sanki bu qoyun əzəldən,

O tifil, südəmər quzu yoxuymuş...

Elə haq dediyin üzüldü bitdi,

Ya ləldi, gövhərdi, qızıldı, bitdi...

Bu da bir şeirdi, yazıldı, bitdi,

Demək ki, yazıya pozu yoxuymuş...

 

 

 

GÖYDƏ TUTASAN...

Sözünü bu qədir-qiymətdə, canım,

Adını bu kökdə, soyda tutasan.

Özünü bir ömür bu ucalıqda,

Elə bu qamətdə, boyda tutasan...

Keçsən də keçəsən başa başınnan,

Paşa ürəyinnnən, paşa başınnan.

Sevincin o qədər aşa başınnan,

Qonuma-qonşuya pay da tutasan...

Sevəsən, gələsən xoşuna hərdən,

Dönüb, dolanasan başına hərdən.

Baxmayıb gözünün yaşına hərdən

Özünə divan da, toy da tutasan...

Beləmi fərqliymiş həyat şəhərdə,

Üzü bər-bəzəkli boyat şəhərdə...

İtirib özünü bu yad şəhərdə

Gedəsən dos-doğma köydə tutasan...

İçinin bəhrəsin, barın dərəsən,

Beş-on kitab ola vərin-vərəsən.

Kimləri qoruyur kimdən görəsən,

Kiminçün bu qanun, qayda, tutasan...

Bir şey ki gözünə təpilir yalan,

Bir şey ki boşuna tapdanır palan.

Hələ nə çalır ki bu zurnaçalan,

Durub bu zurnaya züy də tutasan...

Nə deyim fələyi...Deyə bilmədim,

Boş durmur ələyi, deyə bilmədim.

Nəyi dedim, nəyi deyə bilmədim-

Gərək arif olub göydə tutasan...

 

 

 

 

 

DÜŞMÜŞƏM

Dünya, bir vaxt xoş xəbərin olmuşam,

Bir vaxt sənin xoş vaxtına düşmüşəm.

Doğulmuşam, Baş xəbərin olmuşam,

Lap yuxarı, baş vaxtına düşmüşəm...

Üç bacıya qardaş olub bir də bir,

Gəzməmişəm ürəkdə bir, dildə bir.

Orucunu qarşılayıb ildə bir,

Namazının beş vaxtına düşmüşəm...

Göylərində qanad çalan quşam mən,

Öz könlümə ağam mənəm, paşam mən.

Sorma nədən faniyəm mən, boşam mən,

Yaradanın boş vaxtına düşmüşəm...

Sayıb adam, bəndə, məni sevərdin,

Lap salardın bəndə məni, sevərdin.

Bilirəm ki, sən də məni sevərdin,

Ürəyinin daş vaxtına düşmüşəm...

 

URUDSUZ GƏLMİŞDİ, URUDDU GETDİ...

 

Mərhum qonşumuz Urudlu Aynişan xala yuxuma gəlmişdi...

 

Yuxuma gəlmişdi Aynişan xala,

Umudsuz gəlmişdi, umuddu getdi.

O qədər şad xəbər dedim ki, vallah,

Dərdini-qəmini unutdu, getdi.

Bir az yaş gəlmişdi yaşının üstdə,

Qırışlar artmışdı qaşının üstdə.

Dedim ki, Şuşanın başının üstdə

sən deyən o qara buluddu, getdi.

Sonunda gücümüz gəldi kara, bax,

Sağaldı, korşaldı o bəd yara, bax.

Artıq azad olub külli Qarabağ,

Gözünün yaşını qurutdu, getdi.

Gördüm ki, danışmır nəsə, Uruddan,

Qıymadım bir az da susa Uruddan;

Bir şeir oxudum Musa Uruddan

Urudsuz gəlmişdi, Uruddu getdi...

 

 

 

HƏLƏ GÜNAHDIR ADIN

Mən nə ölüdən ölü,

nə diridən diriyəm.

Qınağa tutulmuşun,

qarğınmışın biriyəm.

Evim-eşiyim zindan,

Dörd yanı hündür barı.

Sanki arasındayam

dəmir barmaqlıqların.

Ən böyük aşiq də mən,

günahkar da mənmişəm.

Girib şeirlərimin

içində gizlənmişəm.

Hələ əllərin yasaq,

hələ günahdır adın.

Əfv fərmanı gözləyən

dustaq kimiyəm, qadın...