18 Dekabr 2024 15:35
101
GÜNDƏM

Komitə sədri İtaliyada tanınmış soydaşlarımızla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində tanınmış soydaşlarımız, həkim-kardioloq Bahar Yusifzadə və xoreoqraf, Əməkdar artist Mais Nuriyevlə görüşüb.

Adalet.az xəbər verir ki, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan şəhəri üzrə sabiq koordinatoru, həkim-kardioloq Bahar Yusifzadə ilə görüşdə Azərbaycan diasporunun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə ona “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib. Pandemiya zamanı Bahar Yusifzadənin İtaliyada yaşayan soydaşlarımıza göstərdiyi qayğı, ümumilikdə Azərbaycanın təbliğində rolu yüksək qiymətləndirilib, ona uğurlar arzulanıb. Bahar Yusifzadə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib.

Lenyano şəhərində yaşayan, “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, xoreoqraf, Milanda "Aida" və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru, Əməkdar artist Mais Nuriyev evində ziyarət edilib. Tanınmış xoreoqraf Mais Nuriyevin və həyat yoldaşı Nəzakət Nuriyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də İtaliyada diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm xidmətləri qeyd olunub. “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki soydaşımız xaricdə yaşayan azərbaycanlıların Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini vurğulayıb. Bundan sonra da İtaliya-Azərbaycan arasında ikitərəfli münasibətlərin və diasporumuzun inkişafına inam ifadə olunub.