adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 12:38
86
İQTİSADİYYAT
A- A+

Komitə sədri maliyyə sahəsindəki islahatlardan danışdı

"Ötən ildən başlayaraq ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılıb. İslahatlar eyni zamanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin formalaşdırılmasını əhatə etməklə, həm də səmərəli icra və nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, dövlət maliyyə sistemində islahatlar və effektiv büdcə nəzarəti təşəbbüsü ümumdövlət siyasətidir: "Çünki müasir dövrdə dövlət maliyyəsinin effektiv idarə olunması artıq sadəcə maliyyə məsələsi deyil. O həm də milli təhlükəsizlik, iqtisadi suverenlik, sosial rifah və dövlətin dayanıqlılığı məsələsidir. Heç şübhəsiz, dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlar parlament müstəvisində büdcə hesabatlılığının təkmilləşdirilməsinə də öz töhfəsini verəcəkdir. Büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi, maliyyə intizamı kimi məsələlər heç də bu günün və ya dünənin gündəliyində olan məsələ deyil. Büdcəyə ciddi nəzarət hər zaman dövlət siyasətinin əsas xəttini təşkil edib. Dövlət büdcəsinin icrası - təsdiq olunmuş büdcə sənədində nəzərdə tutulan gəlir və xərclərin faktiki yerinə yetirilməsi prosesidir. Lakin parlament platformasında dövlət büdcəsinin icrası üzrə hesabatlılıq sadəcə olaraq “hansı istiqamətlərə nə qədər vəsait xərcləndi?” sualının cavablandırılmasından  ibarət deyil. Əsas məsələ ayrılmış vəsaitlərlə hansı nəticələrin qazanılması, büdcənin sosial-iqtisadi təsirlərinin müəyyən edilməsi, fiskal dayanıqlılığa necə nail olunması, büdcə sistemindəki zəif bəndlərin növbəti ilin büdcə planlaşdırılmasında nə dərəcədə nəzərə alınması, nəhayət dövlət proqramlarının hansı səviyyədə icra olunmasıdır.

Hesab edirik ki, büdcə siyasəti yalnız fiskal çərçivə kimi deyil, həm də iqtisadi inkişafın təşviqi, sahibkarlığın dəstəklənməsi baxımından təsirli və kompleks iqtisadi siyasət alətidir. Milli sənayemizin struktur transformasiyası, o cümlədən neft hasilatının aşağı düşməsi səbəbindən neft gəlirlərinin azalması və bunun fonunda qeyri-neft gəlirlərinin büdcə daxilolmalarında payının artması özü-özlüyündə fiskal dayanıqlığı təmin etmir. Cari deyil, məhz uzunmüddətli etibarlı fiskal dayanıqlığa təkcə xərcləri optimallaşdırmaqla nail olmaq mümkün deyil. Bunun üçün yeni iqtisadi artım modelinə keçilməsi, qeyri-resurs iqtisadiyyatı hesabına büdcə gəlirlərinin artması tələb olunur. Bu baxımdan qarşıdakı dövrdə büdcə siyasətinin iqtisadi islahatlarla və struktur dəyişiklikləri ilə uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatların əsas fəlsəfəsinin nəticəəsaslı maliyyələşdirmə olduğunu nəzərə alaraq, qarşıdakı dövrdə ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsinin genişlənməsi tələb olunur. Bu büdcə hesabatlılığı dövründə əldə edilmiş real nəticələri qiymətləndirmək üçün praktik əsaslar yarada bilər. Təsdiq edilmiş büdcə ilə müqayisədə bəzi xərclərin az icra edildiyini nəzərə alaraq, hesabatlılıq dövründə hansı vəsaitlərin qənaət, ixtisar, optimallaşdırma olaraq azaldılması barədə təsnifləşdirilmiş məlumatların təqdim edilməsini vacib hesab edirik".