08 Yanvar 2025 11:21
192
İQTİSADİYYAT

Kredit verilən zaman vətəndaşın sosial mediada fəaliyyəti nəzərə alına bilər

"Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir".

Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək:

"Eyni zamanda, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq. Bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır. Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?

Davranış kredit skorinqi modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni, vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu model dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir".

Deputat qeyd edib ki, bu zaman ən ciddi çağrışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir: 

"Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və vəriblardan (dəyişənlərdən) istifadəsinə ehtiyac var.  Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına, güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq. Digər məqam Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsi ilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsi ilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil. Bütövlükdə, davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq".