KREMLƏ SANCILMIŞ TÜRK BAYRAĞI

Kremlə sancılmış türk bayrağı - Heydər Əlirza oğlu Əliyev sonradan bütün türkdilli dövlətlərin bayrağına çevrildi.
Bilmirik, nədənsə hər dəfə Ümummilli Liderimiz Heydər Əliyevi xatırlayanda yadımıza Ramiz Rövşənin bu misraları düşür:
Kimini tale səsləyir,
Kimi bəxtə-bəxt doğulur.
Dünyaya hərə bir cür gəlir. Elələri var ki, dünyaya gəlişləri ilə yalnız valideynlərinə sevinc bəxş etməkdən başqa bütün ömürləri boyu əllərindən bir iş gəlmir. Nəinki bir elin, obanın, heç bir ailənin qayğı yükünə belə çiyin verə bilmirlər. Amma elə insanlar da var ki, onları tale səsləyir. Ulu Tanrı tərəfindən mənsub olduqları xalqa, bütövlükdə bəşəriyyətə bir xilaskar kimi göndərilir.
Azərbaycanın siyasi tarixində böyük xidmətləri olan, xalqımızın qan yaddaşında əbədi yaşayan şəxsiyyətlər çoxdur. İyirminci əsrin ikinci yarısında bir qərinədən çox Azərbaycana rəhbərlik edən, ölkənin iqtisadi inkişafına nail olan və xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərən, bütün mənalı ömrünün hər anı xalqına, Vətəninə bağlı olan Heydər Əliyev isə bu mənada əvəzsiz şəxsiyyətdir. Özü də onun siyasətdə əvəzolunmazlığı təkcə öz xalqı tərəfindən deyil, həm də dünyanın ən nüfuzlu siyasi xadimləri tərəfindən də etiraf edilib. Xalqımızın üzləşdiyi bütün taleyüklü problemlərin həlli istiqamətində göstərdiyi dönməzlik, həyata keçirdiyi ardıcıl və səmərəli siyasət onun fəaliyyətinin əsas qayəsi olub. Bütün bunlar da onu deməyə əsas verir ki, onun ömrü də xalqımızın ömrü kimi əbədidir.
Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. Möhtərəm Heydər Əliyev tarixi yaradan dahi şəxsiyyətlərdəndir. Müasir tariximizin bütöv bir epoxası - 34 il bu müdrik insanın adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi o, quruculuq salnaməmizin şanlı səhifələrini yaratmağa müvəffəq olub. Respublikada minlərlə insan var ki, Heydər Əliyevin hakimiyyətdə olduğu birinci dövrdə (1969-1982-ci illərdə) ölkənin qazandığı uğurlar onların gözlərinin qarşısında baş verib. Bu dahi şəxsiyyətin gərgin əməyi sayəsində respublikada elə bir sahə olmayıb ki, orada Heydər Əliyev zəkasından irəli gələn müvəffəqiyyətlər hiss olunmasın.
İqtisadiyyatın inkişafı, milli kadrların yetişdirilməsi Heydər Əliyev tərəfindən ön plana çəkilmişdi. Bunun nəticəsidir ki, o vaxt inşa edilmiş böyük sənaye müəssisələri indi müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edir. Böyük Öndər Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində gələcəkdə də Azərbaycanın müstəqil yaşaya bilməsi üçün zəmin yarada bildi. İqtisadi çətinliklər bir növ aradan qaldırıldı.
Heydər Əliyev Siyasi Büroya üzv gedəndə nəinki azərbaycanlıların, bəlkə də Sovet İttifaqına üzv olan bütün türkdilli dövlətlərin xalqlarının sevincinin həddi-hüdudu yox idi. Biz bir neçə faktı qeyd etmək istəyirik. Ulu Öndərimiz Heydər Əliyevlə bağlı yazı yazılanda çox vaxt bir məsələ unudulur. Totalitar sovet rejiminin tüğyan etdiyi bir dövrdə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyev tərəfindən atılmış çox cəsarətli addım idi. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələn kimi ilk növbədə qayğılandığı məsələlərdən biri məhz bu problem oldu. Ulu Öndərin prinsipiallığı, qətiyyəti sayəsində isə 1978- ci ildə "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsi Konstitusiyaya salındı. Bundan başqa, Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilimizin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Dilçi alimlərə dövlət mükafatlarının verilməsi də o dövr üçün Heydər Əliyevin qəbul etdiyi qətiyyətli qərarlardan idi.
Bəlkə də o vaxt hələ müttəfiq respublikaların heç birində bu təcrübə yox idi ki, birinci katib dilçi alimləri bunca rəğbətləndirmiş olsun. Bu hadisə çox böyük sensasiyaya səbəb olmuşdu, alimlərimizə qol-qanad vermiş, ruhlandırmış, yaradıcılıqlarına stimul vermişdi. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması üçün biz hamımız Heydər Əliyevə borcluyuq. Heydər Əliyev xalqın təkidi ilə respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıdıb. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarə etmək istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan qoruya bildi.
Bir faktı qeyd edək: Heydər Əliyev Moskvadan Azərbaycana dönüşündə məşhur gürcü jurnalistlərindən biri onunla apardığı müsahibəyə belə bir sərlövhə qoymuşdu: "Odlar Yurdu pələnginin biləkləri hələ bükülməmişdir". Çox uğurlu başlıq idi. Bütün sonrakı hadisələr, Ulu Öndərin fəaliyyəti, ölkəmizin inkişafı naminə gördüyü işlər sübut etdi ki, Heydər Əlirza oğlu Əliyev bükülməz biləkli çox böyük şəxsiyyətdir. Elə bir adam yoxdur ki, bu həqiqəti birmənalı qəbul etməsin. Bir dəfə professor Qulu Xəlilov televiziya çıxışlarından birində belə bir müdrik kəlamı xatırlatdı ki, mən böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında isə diz çökürəm. Heydər Əliyev böyük ağıl və böyük ürək sahibi idi. Həmin dövrdə Azərbaycan xalqı öz taleyindən narahat idi. Hər bir Azərbaycan vətəndaşı sabit, təhlükəsiz bir cəmiyyətdə yaşamaq istəyirdi və bunun üçün xalqın iradəsinə güvənən qətiyyətli bir siyasi komandanın hakimiyyətə gəlməsi vacib idi. Heydər Əliyevin hakimiyyətə gəlişi də məhz bu tarixi zərurətin məntiqi nəticəsi kimi xarakterizə edilməlidir. 1993-cü ilin yayında Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Surət Hüseynovla hakimiyyət strukturları arasında yaranmış münaqişə bütövlükdə dövlətçiliyin taleyini sual altında qoymuşdu. Bütün bunlara son qoymaq və ölkədə ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün xalqın böyük əksəriyyətinin təkidli tələbindən sonra Heydər Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitliyin yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Elə buna görə də 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyası xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də, dünya dövlətlərinin diqqətini işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu dövrdən ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirdi və respublikanın ümumi inkişafını təmin etdi.
(ardı var)
Səməndər MƏMMƏDOV
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR
