05 Iyun 2025 11:06
418
DÜNYA

6 günə 5 ərəb dövlətini məğlub etmək: İsrailin qalibiyyət hekayəsi

Düz 58 il əvvəl  ərəb dövlətləri ilə İsrail arasında  müharibə başladı. 1967-ci ilin 5 iyununda başlayan, tarixə "Altı günlük  müharibə" adı ilə düşən bu  savaş   nəticəsində İsrail Qəzza bölgəsini, Şərqi Yerusəlimi, İordan çayının Qərb sahilini, Colan təpəliklərini və Sinay yarımadasını  ələ keçirdi.


Adalet.az xəbər verir ki, Misir, Suriya, İordaniya, İraq  ( sonradan Livan dövləti və Fələstin Azadlıq Təşkilatı da  ərəb ölkələrinə hərbi dəstək verdi  red-ƏR) "Altı günlük müharibə" də  İsrailə uduzdu. Mənbələrdə qeyd olunur ki, 1967-ci il Ərəb-İsrail müharibəsi 5 iyun sabahı İsrail təyyarələrinin Misir hava limanlarına etdiyi gözlənilməz basqın ilə başladı.

Gözlənilməz idi çünki, normalda hava hücumları gün aydınlanarkən edildiyi halda, İsrailin hava hücumu Qahirə saatı ilə səhər 08:45-də başlamışdır. Bunun da səbəbi Misir radarlarının bu saatlarda artıq bir basqın gözləməyərək ehtiyatsızlıq etmələrinin təsbit edilmiş olması idi.

Təyyarələr İsrail hava limanından qalxdıqdan sonra qərbə Aralıq dənizi istiqamətinə yönəlmişlər və sonra radio danışıqları tamamilə kəsərək dənizdən 50 metr hündürlükdə uçmuşlar. Bununda səbəbi 16 ədədi Sinayda olan 26 Misir radarı ilə, İordaniyanın çox qüvvətli olan Markoni 247 radar stansiyasına, Kiprdəki İngilis radarlarına və ABŞ VI Donanmasının radarlarına yaxalanmamaq idi.

Təyyarələr Misirin qərbinə keçdikdən sonra, səhra tərəfə enərək, Misirə daxil olmuşlar. İsrail ordusunun Baş Qərərgahı bu hücumu belə planlamışdı: Bir qırıcının Süveyş kanalı üzərindəki hava limanını bombalayıb öz yerinə qayıtması bir saatdan uzun çəkməməli idi. Bir saatlıq hücum da belə planlanmışdı: 22.5 dəqiqə qalxlşdan hədəfə çatmağa qədər lazım olan vaxt, 8 dəqiqə hədəfə hücum və 20 dəqiqə geri dönmək üçün lazım olan vaxt.

Qırıcılar hücum zamanı bütün bombalarını atacaqlarına görə yüngülləşəcəkdilər və geri dönüş vaxtı buna görə qısalacaqdı. Öz yerinə döndükdən onra 7.5 dəqiqə ərzində qırıcılara benzin və silah yüklənəcəkdi. 2 dəqiqə də ehtiyatüçün saxlanılırdı. Bu plan hücum zamanı heç bir əskiklik olmadan tətbiq edilmişdi. 

Misir bu hücumda ABŞ və İngiltərənin İsrailə dəstək verdiyini iddia etsə də sonra boynuna aldı ki İsrail hücumu tək həyata keçirib.

Həmin dövrdə  İsrail və ona qarşı duran ərəb koalisiyasının potensialı bərabər olmasa da,  zəif savadlı ərəb ölkələri üzərində, ən son hərbi texnika ilə silahlanmış, yaxşı təlim keçmiş bir ordunun – İsrailin parlaq bir zəfəri oldu. Təsəvvür edin, 1967-ci ildə İsrailin əhalisi 2,75 milyon idi. Təkcə Misirdə az qala 12 dəfə çox insan yaşayırdı – 32 milyon. Suriyada 5,74 milyon, İordaniyada 1, 38 milyon əhali vardı. İraqda əhali sayı 9 milyona yaxınlaşırdı.

Ekspertlər  bildirirlər ki, İsrail hərbçilərinin sayı 264 min idi. Bunlardan 50 mini həqiqi hərbi xidmətdə olanlar, 214 mini isə ehtiyatdan çağrılanlar idi. Ərəb koalisiyasının canlı qüvvəsi 547 min idi. Bunların yarısından bir qədər azı (240 min) Misirin payına düşürdü. İsrailin 200 təyyarəsi və 800 tankı, ərəblərin 957 təyyarəsi və 2504 tankı vardı.

Mənbələr iddia edir ki, müharibənin sonunda İsrail 8,000 km2 olan torpaqlarına 23, 622 km2 Sinay yarımadası, 0,444 km2 Qolan təpələri, 2,270 km2 Qərbi Şəria, 0,140 km2 Qəzzə keçidi olmaqla 26,475 km2 torpaq qatmışdı. İşğal edilən bu torpaqlar İsrail sərhədləri daxilindəki 300 min Ərəbə 1 milyon daha qatmaqda idi. Bu dövrdə İsrail əhalisinin sayı 2,3 milyon nəfər idi, belə olan halda, Ərəblər İsrail əhalisinin 63/37 nisbətini təşkil edirdi. Bu torpaqları tutmaq İsrailə 750 milyon dollara başa gəlmişdi.

İtkilərə gələndə isə müharibədə İsrailin canlı qüvvə itkisi 776 ilə 983 arasında göstərilir. İsrail ordusundan yaralananların sayı isə 4517 nəfər olub. 15 İsrail əsgəri isə əsir düşmüşdü. Misirin müharibədəki canlı qüvvə itkisi isə 9800  ilə 15000 nəfər arasında göstərilib. 4338 misirli hərbçi isə əsir düşüb. İordaniya 700 canlı qüvvə itirib və 2500 nəfər də yaralanıb. Suriya ordusu isə 1000–2500 nəfər arasında canlı qüvvə itirib,  367-591 nəfər isə əsir götürülüb.

Sonda prezident Nasir dörd gün ərzində ağır bir məğlubiyyətlə İsrail qarşısında bütün Sinay yarımadasını itirdi.

 Xatırladaq ki, İsrail - Ərəb dövlətləri arasında münaqişə hələ İsrail dövləti ilk yarandığı ildən aktiv fazaya girmişdi. 

 Beləki, ingilislərin Fələstin torpaqlarından çəkilməsindən sonra Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası 1948-ci il mayın 14-də müstəqil İsrail dövlətinin qurulduğunu elan etdi. Elə o vaxtdan həmin gün Milli Bayram kimi geniş qeyd olunur.

Hələ 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının qərarına əsasən, Böyük Britaniyanın mandatı altında olan Fələstin ərazisi iki müstəqil ölkəyə - ərəb və yəhudi dövlətlərinə parçalanmışdı, Qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya qəbul etməli idi. Yəhudi dövləti üçün qarışıq əhalisi (497 min ərəb və 498 yəhudi) olan 14,1 km² ərazi (Fələstinin ümumi ərazisinin təqribən 56 faizi) ayrılmışdı.
Qüds isə BMT-nin idarəsi altında nüstəqil inzibati vahidə ayrıldı və şəhərə xüsusi beynəlxalq status verildi.

Lakin 5 ərəb dövləti İsrailə qarşı müharibəyə qalxdı. İlk Ərəb - İsrail Müharibəsi (1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə nəzərdə tutulur.

(1947-1949-cu illərdə Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir-red- Ə.R.)nəticəsində İsrail, o cümlədən, İordaniya və Misir ərazilərini genişləndirdilər, bölgənin əsl sahibi olan fələstinlilər isə qaçqın vəziyyətinə salındı. Yeri gəlmişkən, o dönəmdə bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi.

1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-cı ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər.

Bilindiyi kimi, Fələstin qaçqınları məsələsinin başlanğıcı 1948–1949-cu illərdəki birinci Ərəb-İsrail müharibəsi olub. BMT 1948-ci ilin sonlarından qaçqınlara yardım problemini müzakirə edərək, BMT Qaçqınlara Yardım Təşkilatını qurub. Bu tarixdən etibarən bu təşkilat Fələstin qaçqınlarına kömək etməkdə idi. SSRİ və sosialist ölkələr qaçqınlar məsələsinin yaranmasında qərbliləri günahkar bilmələrinə görə, heç bir zaman yardımlara qatılmayıblar və yardımın yükü başqa ABŞ olmaqla digər ölkələrin üzərinə düşüb.

Məsələn, 32 ölkənin 1967-ci il üçün yardım fondu 30.1 milyon dollar olub. Bunun 22.2 milyon dolları ABŞ tərəfindən verilib. Digər tərəfdən BMT-nin məruzəsinə görə, 1965-ci il sonunda qaçqınların sayı ölkələrə görə belə idi: İordaniya 697.658, Qəzzə 301.879, Livan 162.499 və Suriya 138.081, ümumilikdə isə 1.300.117 nəfər idi.

Bu münaqişə indiyədək davam etməkdədir və  sonu nə vaxt bitəcəyi bilinməyən müharibəyə çevrilib.

 Əntiqə Rəşid