17 Iyul 2024 11:41
2727
MƏDƏNİYYƏT

Memar Sinan niyə susuz qaldı... - Şamil Paşayev yazır

İstanbulu suya qovuşduran Memar Sinan susuz evdə vəfat edir.

Qanuni Sultan Süleymanın padşahlığı dövrüdür. Əhalisi günü-gündən artan İstanbul su qıtlığı yaşamaqdadır. Bu qıtlığın aradan qaldırılması o dövrün görkəmli şəxsiyyətlərindən biri Qoca Memar Sinan Ağanın (doğum 1489, ölüm 1588, 99 il ömür sürmüşdür) adına bağlanır.

Bir gün Sultan Süleyman Memar Sinanı yanına çağırıb ona belə deyir: “Memar başı, əhalinin suya ehtiyacı var. İnsanlar bir at yükü suya çox miqdarda axça ödəyirlər. Əcaba, su ehtiyacını ödəmək üçün siz bir şeylər düşünə bilərsinizmi?” Memar başı deyir: “Sultanım, siz müsaidə edin mən İstanbulun ətrafını bir gəzim dolaşım, mövcüd olan suları İstanbula gətirməyin mümkün olub olmadığını araşdırım və sonra sizə cavabımı verim.”

Sinan Ağa köməkçilərini də yanına alar Çəkməçidən başlayaraq quyuları dolaşar, Beşikdaşa qədər dərələri, axan suları təsbit edər. Bu suların üzərində bəndlər hörüldükdə sular hara qədər yüksələr, haradan-hara kəmərlər çəkilərək İstanbula gətirilə bilər, və bu kimi məsələlərin üzərində çalışıb hesablamalar apardıqdan sonra yenidən Sultanın hüzuruna çıxar.

Sultan memardan soruşar: “Memar başı, İstanbula su gətirmək mümkündürmü?” “Bəli Sultanım, mümkündür. Ancaq çox ağır şərti var.” “Nədir o, memar başı?” “Sultanım, İstanbula su ancaq qızılla dolu kisələri uc-uca düzmək şərtilə gələ bilər.” “Memar başı, sən İstanbula su gətirməyin mümkün olduğunu söylə! Əgər bu iş olacaqsa, mən kisələri uc-uca deyil, lap yan-yana da düzməyə hazıram.”

Memar Sinan qollarını çırmayıb işə başlayar və İstanbulun bəlli meydanlarına qırx çeşmə çəkilməsilə nəticələnən bu möhtəşəm layihəni tamamlayar. İstanbul şəhəri bu qırx çeşmənin sayəsində suya qovuşar. Suyun boşuna axıb getməməsi üçün isə çeşmələrə musluqlar (kranlar) qoyulmağa başlanar.

Su bu cür baha başa gəldiyinə və qiymətə minməyə başladığına görə Sultan belə bir fərman verir: “İstanbul meydanlarındakı ümumi çeşmələr xalqın malıdır və heç kəs gizli yolla yer altından evinə su çəkdirə bilməz.” Buninla bərabər Sultan Süleyman xüsusi olaraq memar Sinan üçün bu fərmana bir istisna da əlavə edir. Sultan memar başına “Sən gözəl bir iş görərək İstanbula qırx çeşmə çəkdirdin. İndi isə sən özün özəl olaraq evinə su çəkdirə bilərsən” deyir. Süleymaniyyə ətrafındakı meydan çeşməsindən Sinanın evinə özəl bir su kəməri çəkilir. Beləcə Memar Sinan bütün şəhərdə evində özəl suyu olan yeganə adam olur.

Memar Sinan Şahzadəbaşı, Süleymaniyyə və Edirnədəki Səlimiyyə məscidlərini tikdirəndən sonra yaşlanır. Keçən zaman ərzində etibarının yüksək olduğu dövrdə onun qədir-qiymətini təqdir edənlər artıq bir-bir bu dünyadan köçüb getmişlər. Sultan Süleyman vəfat etmiş, yerinə başqa padşahlar gəlmişlər. Sinan da 99 yaşına çatmış, ətrafındakı dostları da köçdüyü üçün o İstanbulda tək-tənha qalmışdır.

Bir gün birisi gəlib Sinanın qapısını döyər, “Mən Topqapı Sarayındanam, sizi divana çağırırlar” deyər. Sinan Ağa, bu ixtiyar yaşında, "əcaba məni Topkapı Sarayına niyə çağırırlar?" deyə təəcüblənərək saraya yola düşər.

Saraya gəldiyində, orada bir sorğulama heyətinin toplandığını görər: qazılar, üləmalar, müftülər, vəzirlər. Sinana belə söyləyərlər: "Sinan Ağa, haqqında şikayət var. Evə su şəkdirmək yasaq olduğu, heç kəs evinə özəl olaraq su çəkməsin deyə padşah fərmanı olduğu halda, sizin evinizdə özəl su varmış.”

Sinan, “o zaman Cahan Padşahı İstanbula etdiyim su xidmətlərimə görə sadəcə mənə evimdə su olmasını müsaidə etmişdi." cavabını verər.

"O zaman bu müsaidənizi, fərmanı göstərin ki, biz də səsimizi çıxarmayaq və başqalarına verilməməsinə rəğmən, sizin suyunuz axmaqda davam etsin."

Sinan belə söyləyər: "Mən o zaman Cahan Padşahından fərman almağa utanmışdım. Fərmanım filanım yoxdur, amma evimdə suyum var."

Divan müşkül vəziyyətdə qalır, cürbəcür fikirlər səslənir: "Sinan böyük xidmətlər göstərmişdir, evində suyu olsun.” Oradan başqaları cavab verər: "Bu dövlətə xidmət edən yalnız Sinanmı olub? Sinan kimi daha necə xidmət edənlər vardır. Ya onların da evinə özəl su verilsin, ya da Sinana verilmiş bu imtiyaz əlindən alınsın."

Uzun mübahisələrdən sonra divandan belə bir qərar çıxır: "Sinan kimi digər böyük xidmətləri olanların da evinə su çəkilməyəcəyinə görə, Sinana verilən su kəsilməli, fəqət indiyə qədər əlində fərman olmadan istifadə etdiyi suya görə heç bir cəzaya məruz qalmamalıdır."

Sinanın suyunu kəsirlər.

Memar 100 yaşına çatanda xəstələnib yatağa düşər. Vəfat etməkdə ikən ətrafında olanlar onun dodaqlarını islatmaq üçün su istədikləri zaman baxıb görərlər ki, evindəki musluqdan (krandan) su gəlmir. Bu vəziyyəti görən Sinan onlara belə söyləyər: “Biz xidmətimizi mənfəət qazanmaq üçün etmədik. Biz xidmətimizi Tanrı üçün etdik və mükafatını da axirətdə gözləyəcəyik. Bu dünyada evimizə su verilmədiyi üçün mütəəssir deyilik."

Bu hekayəni qələmə alanların fikrinə görə bizlərə verilən nəsihət budur: Dünyaya, şana, şöhrətə, dosta çox güvənməməli. Dünya o cür güvəniləcək, və insanlar da o cür bel bağlanılacaq qədər vəfalı deyillər. Şərtlər dəyişir, bu gün kürəyimiz çox sağlam yerə söykənərsə də, çox etibarlı insanlarla yaxınlığımız olarsa da, sabah bir də baxıb görərsiniz ki, onların hamısı ya sizdən uzaqlaşmış, ya da köçüb getmişlər, bizlərə köməyi dəyə biləcək heç kim qalmamışdır.

Hey dünya, hey.

İstanbulu suya qovuşduran Memar Sinan susuz evdə vəfat edir.

Hüquqşünas Şamil Paşayev