11 Iyul 2024 12:28
2172
ƏDƏBİYYAT

 Mənəvi borc və vicdan

Mənəvi borc və vicdan insanın daxili hissləri hesab olunur və şəxsiyyətin özünənəzarət funksiyasını əxlaqi-psixoloji mexanizmlər vasitəsilə həyata keçirilməsində mühüm rol oynayır. Hər bir insanın, o cümlədən, gəncin ailəsi, valideynləri, oxuduğu və ya işlədiyi kollektivi, yaşadığı cəmiyyət , özü və s. qarşısında mənəvi borcu vardır. Bu borcun dərk edilməsi hər bir insanın, xüsusilə gənclərin düşüncə  tərzi və əxlaq səviyyəsindən  çox aslıdır. Mənəvi borc etikanın kateqoriyası olub, insanın ən yüksək vəzifəsi kimi dəyərləndirilir. Yer üzündə  təkcə insanların deyil, bütün bitki və heyvanat aləminin   mərhəmətə, qayğıya böyük ehtiyacı vardır. Mənəvi borc dünyada yaşayan canlılar arasında yalnız insana məxsusdur.  Bu daxili hiss, universal xarakterə malik olduğu üçün  təkcə insanın öz  yaxın qohumları, tanışları və s. deyil, o bütün cəmiyyətdəki insanları əhatə edir. Çünki maddi yardıma ehtiyacı olan insanlara əl tutmağı, köməklik göstərməyi əsl insanlıq borcu hesab edirlər. Mənəvi borcun yerinə yetirilməsi məcburi surətdə deyil, könülülük prinsiplərindən qaynaqlanır. O şəxsi istək, mərhəmət və xeyirxahlıq çeşməsindən qidalandıqda daha gözəl və möhtəşəm olur. 

Mənəvi  borc  biz  insanların üzərinə düşən ən ciddi öhdəlik, ən yüksək məsuliiyyət  hissi hesab olunur.  Bu borc əvvəlcə dərk edilməli, könüllülük prinsipi əsasında hər bir insanın, o cümlədən,  gənclərin şüuruna əxlaqi-psixoloji meyar kimi məqsədli şəkildə həkk olunmalıdır. Bütün bunlar gələcək şəxsi davranışlarda, əxlaqi münasibətlərdə davranış məsuliyyəti kimi özünü açıq-aydın göstərməlidir. Bura Vətən, xalq, ailə, kollektiv, dövlət,  cəmiyyət və b. qarşısında yerinə yetiriləsi işlər, peşə, iş və ya  vəzifə ilə bağlı olan  borclar,öhdəliklər, xidmətlər aiddir.  Orduda könüllü xidmət etmək , hərbi xidmət zamanı Vətəni, torpağlarımızı və ölkəmizin sərhədlərini göz-bəbək kimi qorumaq , hərbi və dövlət sirlərini qorumaq və onu yaymamaq kimi ən mühüm və məsul vəzifələr, digər işlər və hərəkətlər daxildir.

Dünyada tay-bərabəri olmayan əvəzolunmaz sənət abidəsi  “Kitabi-Dədə Qorquq” dastanının yazılmasından 1300 ildən çox vaxt keçsə də  bu əsər insanlığın, təlim-tərbiyənin daha gözəl, faydalı və münasib cəhətlərini, onun daha düzgün üsul və vasitələrini bu gün də özündə təkrarsız nümunə kimi bizə açıb göstərir. Dastanda ailə və övlad borcu, kişi qeyrəti, övladın ata-ana üzünə ağ olmasının qəbuledilməzliyi, oğlanlarda igidlik, cəsurluq, qorxmazlıq və qəhrəmanlıq, qızlarda  ciddiliklə yanaşı məğrurluq,incəlik,  zəriflik və şəxsi ləyaqət hissinin  yüksək formada olması əsərdə mahir sənətkarlıqla, incə və keyfiyyətli nadir əlvan bədii boyalarla  tərənnüm edilmişdir.

Tarixdə öz mənəvi borcunu həyatı boyu Vətəninə, xalqına ləyaqətlə, vicdanla və namusla xidmət etməklə yerinə yetirmiş insanlar çox olmuşdur. Onlar geniş dünya görüşlü, yüksək insanlıq qabiliyyətli, uzaqgörən, unikal ziyalılıq keyfiyyətləri və əsl vətəndaşlıq mövqeyi ilə seçilən müdrik insanlar  olub. Rəhimli, mərhəmətli, insani xüsusiyyətləri, ictimai-əxlaqi keyfiyyətləri ilə seçilən bu əvəzolunmaz şəxslər nəcib insani  əməlləri ilə millətə və xalqa gözəl nümunə olan parlaq şəxsiyyətlər olmuşdur.

XIX əsrin axırı XX əsrin əvvəllərində  Azərbaycanın neft milyonçusu və  tanınmış böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev təhsil tariximizə adını qızıl hərflərlə yazdırdı. O, başqa həmkarlarından fərqli olaraq əldə etdiyi ümumi qazancın müəyyən hissəsini könüllü qaydada Azərbaycanda təhsilin inkişafına, xüsusilə yeni məktəblərin açılmasına sərf etdi. O, şəxsi var-dövlətinin bir hissəsini könüllü olaraq məktəb tikintisinə yönəltməyi özünün mənəvi borcu hesab edirdi. Hacının təşəbbüsü və rəhbərliyi ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şamaxıda, Tiflisdə, Dərbənddə və s. yerlərdə yeni açılan məktəblərin maliyyə məsələləri ilə yanaşı, digər problemlərinin həll edilməsi də ondan aslı idi.

Ümummilli liderimiz Heydər Əliyev respublikamızda yaşayan gənclərin himəyadarı və mənəvi dayağı idi. Dahi rəhbərin çıxış və məruzələrində göstərdiyi tövsiyələr və tələblər özünün məzmunu və mənəvi çalarları ilə olduqca zəngin və faydalı  idi. Böyük tarixi, ictimai-siyasi mahiyyət daşıyan bu tövsiyələrin və tələblərin olduqca gənclərimiz üçün tərbiyəvi əhəmiyyəti vardı. Bu tövsiyələr gənclərin tərbiyəsində mütərəqqi, humanist, demokratik dəyərlər cəhətdən, milli-bəşəri məzmun baxımından çox yüksək əhəmiyyət daşıyırdı.

Müdrik və uzaqgörən siyasi rəhbərin respublika gənclərinin hərtərəfli inkişaf etmiş kamil şəxsiyyət kimi yetişməsində, onların dünyagörüşünün, eləcə də milli şüurunun formalaşmasında böyük xidmətləri olmuşdur.  Ulu öndər Azarbaycan müstəqillik əldə  etdikdən  sonra da gənclərə xüsusi  diqqət və qayğı ilə yanaşır, onları ölkəmizin gələcək qurucuları hesab edir və onlara yüksək etimad göstərirdi. Dahi rəhbər  gənclərimizin qarşısında həm də böyük mənəvi borc- məsul vəzifələr qoyurdu. Bu vəzifələr coşqun vətənpərvərlik çeşməsindən qidalanırdı. Onlar  müqəddəs Vətən sevgisindən güc-qüvvət alırdı

 Ümumilli liderimiz Heydər Əliyev siyasi kursunun ən sadiq və ləyaqətli davamçısı hörmətli Prezidentimiz və Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və rəhbərliyi, iqtidar-xalq-ordu üçlüyünün dəmir yumruq kimi birliyi nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpağlarımız 30 illik işğaldan azad olundu. Bu müharibədə neçə-neçə  igid əsgər və zabitimiz öz canlarını Vətən yolunda qurban verərək müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Bu cəsur  və qəhrəman övladların əziz xatirəsi demək olar hər gün  xalqımız tərəfindən böyük sevgi və dərin hörmətlə yad edilir,  gələcəkdə də iftixarla yad ediləcəkdir. Şəhidlər Vətənimizin fəxridir, xalqımız onlarla qürur hissi keçirir. Müqəddəs şəhidlərimiz bu gün yetişməkdə olan gənclərimizə, gələcək nəsillərə bir örnək, hərbi vətənpərvərliyin ən gözəl canlı nümunədir.

Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti, UNESCO VƏ İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün  milli-mənəvi və bəşəri dəyərlərimizin, xüsusilə muğamlarımızın inkişafına və dünyada təbliğ edilməsinə layiqli töhfələr vermişdir. Mehriban xanım Ümummilli  liderimiz Heydər Əliyevin dövlətçilik kursunun fəal təmsilçisi kimi Azərbaycan muğamlarının himayədarı hesab olunur. Hörmətli Birinci vitse-prezidentin təşkilatçılığı və Heydər Əliyev Fondunun təşəbbüsü  ilə Bakı, Ağdam, Ağcədədi, Füzuli şəhərlərində 4 muğam mərkəzinin tikilib istifadəyə verilmişdir. Muğam Mərkəzlərinin tikilib xalqın istifadəsinə verilməsini Mehriban xanım Azərbaycan xalqı qarşısında özünün mənəvi borcu hesab edir.

Gənclərin onları böyüdərək boya-başa çatdırmış valideynlərinə, elm-təhsil öyrətmiş müəllimlərinə  böyük mənəvi borcları vardır. Həmin mənəvi borcun hər bir insan tərəfindən ödənilməsi vacib şərtdir.

İnsan ən çətin anlarında, mürəkkəb situasiyalarda belə gözəl hisslər, nəcib duyğular, mərhəmət və xeyirxahlıq   çeşməsindən qidalanan və oradan  güc-qüvvət alan mənəvi borcunu, bu ali dərəcəli əməli heç vaxt unudmamalıdır. Çünki insan mənəviyyatının şah əsəri sayılan mənəvi borcun unudulması dünyada insanlığın, mərhəmətin, xeyirxahlığın, xeyriyəçiliyin və s. itirilməsi demək  olardı. Mənəvi borcun unudulması və ya itirilməsi  ailə, kollektiv, dövlət, cəmiyyət və insanın özü qarşısında cavabdehliyini itirməsi deməkdir. Belə hallar isə adətən düyagörüşü az, mənlik şüuru aşağı səviyyədə inkişaf edən insanlar, o cümlədən, gənclər arasında baş verir. Ailədə və məktəbdə mükəmməl tərbiyə almayan, bilik, bacarıq, uzaqgörənlik cəhətdən zəif və nöqsanlı insanlar, o cümlədən, yeniyetmələr və gənclər pis vərdişlərə çox asanlığla aludə olurlar. Onlar siqaret, spirtli içki, narkotik və psixotrop maddələrdən sui-istifadə etməklə tədricən onlardan aslı vəziyyətə düşürlər.Çoxlu pul qazanmaq arzusu ilə  müxtəlif qumar və şans oyunlarına qoşulurlar. Bu nadan insanlar  pis əməllərin fəal iştirakçısı olmaqla yanaşı ailənin bütün büdcəsini dağıdır, evdə olan dəyərli əşyaları satıb, pulunu isə göyə sovururlar.

Lüğətdə vicdan sözü öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi və b. mənalarda işlədilir. Bədii ədəbiyyatda isə vicdanla bağlı çoxlu söz və ifadələrdən istifadə olunur. Bunlar vicdan haqqı, vicdan azadlığı, vicdan məhkəməsi, vicdanın susması, vicdanın təmiz və ya ləkəli olması və b. mənalarda işlədilir.

Zakir Bayramlı,

şair-pubilisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü