14 Fevral 2025 17:00
210
GÜNDƏM

MSK bələdiyyə seçkilərinin nəticələrini elan etdi - YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunları müzakirəyə çıxarılıb.

Adalet.az-ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir.

Qeyd edilib ki, bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfər olub. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçilməli olduğu bələdiyyə seçkilərini izləmək üçün MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.

Bələdiyyə seçkilərində seçici fəallığı 31.45 faiz olub

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib. Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.


MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar yekdilliklə qəbul edilib.

Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.

***

16:33

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edir.

Adalet.az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında müzakirə aparılır.

Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə - 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.

Məlumata görə, dairə seçki komissiyalarına müraciət edən bütün iddiaçılar üçün şərait yaradılıb, müraciət edənlərin 99 faizinin hüquqları təmin edilib.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var idi.