13 May 2024 10:13
180
ANALİZ

Mühüm əməkdaşlıq

Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev ölkəmizdə səfərdə olarkən bildrib. Rumen Radev onu da qeyd edib ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda strateji və etibarlı tərəfdaş hesab edir. İki ölkə arasında ticarət, nəqliyyat, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

İki ölkə arasında siyasi-iqtisadi əlaqələrin tarixini araşdırarkən məlum olur ki, bu əlaqələr durmadan inkişaf edir. İki ölkə ilə yanaşı Qafqaz və Qara dəniz hövzələrində olan dövlətlərin inkişafına və enerji təhlükəsizliyinə hesablanan əlaqələrin fonunda qarşılıqlı razılaşmalar gələcək perspektivə hesablanan addımlardır.

Azərbaycan və Bolqarıstanın mədəni və siyasi-iqtisadi sahədə əməkdaşlığı, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə və bölgədə mövqelərinin artmasına kömək edir. Mədəni əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm yer tutur. Bu baxımdan, bir sıra şəhərlərimiz qardaşlaşıb, hər iki ölkənin yumor şəhərləri olan Şəki-Qabrovo, Naxçıvan-Veliko-Tırnovo, Sumqayıt-Burqas, Gəncə-Plovdiv şəhərləri arasında əlaqələr genişlənib, həmçinin muzey və tarixi yerlərdə qarşılıqlı olaraq yenidənqurma və bərpa işləri görülüb. Heydər Əliyev Fondunun dəstəyi ilə Trapezitsa memarlıq muzey-qoruğu, Qərb divarının yenidən qurulmasına və Bolqarıstanda orta əsrlər dövrünə aid 3 kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.

Onu da qeyd edək ki, strateji layihə olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq, Bolqarıstanın Azərbaycandan təbii qaz almasına imkan verir. Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə təkcə iki ölkə arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə yeni imkanlar yaradıb.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı