16 Avqust 2023 12:45
2065
MÜSAHİBƏ

Nazlı ÇƏLƏBİ: “…əsərlərim asılılıq yaradır” - MÜSAHİBƏ

 

Həyatda nə qədər insan varsa, o qədər də fərqli düşüncə, fərqli fikir və fərqli anlayışlar var. Dünya müxtəliflikdən ibarətdir. Yəni kimisə və ya nəyisə təkrarlamaq təbiilikdən uzaq olmaq deməkdir. Müsahibim Nazlı Çələbi də fikirləri, düşüncəsi və yazdıqları ilə özü olmağın tərəfdarıdır.
 

-Oxucularınız sizi Nazlı Çələbi olaraq tanıyır. Bir az da Dilbər Çələbini tanıyaq…

-İnsan özü haqqında yarımçıq danışmaz. Ya hər şeyi danışmalıdır, ya da heç nəyi. Burda da “hər şey” və “heç nə” nisbidir. Baxır, söhbətə hansı cığırdan, hansı səmtdən daxil olursan. Kimdir Dilbər? Höte demiş, “bir dünya vətəndaşı”. Valideynlərindən həmişə “heç kimlə işin olmasın” eşidərək böyüyən bir insan. Amma böyüdükcə anlayan ki, işin olmadıqların belə, səninlə uğraşacaqlar, səni hədəfə götürəcəklər, sənin olana göz dikib, olmayanına sevinəcəklər. Və bu sevinc belə, Dilbərin tanıdığı, bildiyi sevinc deyil. Bilirsiniz, Əntiqə xanım, mən hər şeyi “uzaqdan seyr etməklə” böyümüşəm. Amma bir gün qəfildən tale qolumdan yapışıb, itələyib salıb seyr etdiyim həyatın içinə, deyib: “Yaşa!” Çalışmışam yaşamağa. Və də çalışıram...
 

-Sənətiniz həkim, hobbiniz isə yazmaqdır. Hansı daha çox insanlara məlhəmdir?

- Yazmaq tamamilə başqa bir şeydir. İllah da, “hobbi” sözünü işlədəcəyiksə, belə deyim: yazı insanın deyil, insan yazının hobbisidir. Yazı nədir? Səsin əksi. O səs ki, kainatda əbədidir. İnsan bu səsin ötürücü vasitələrindən yalnızca biridir. Qaldı səsi əks etdirməyə, bunu da insan özü seçmir. Səs özü gəlib tapır insanı, onu verir əksinin –yazının əlinə. Yazı da başlayır insanı yenidən yaratmağa. Nəticədə nə alınacaq? Bunu insan heç vaxt bilmir. Şedevr də yarana bilər, əyri-üyrü bir nəsnə də. İnsanın “gözəllik” və “çirkinlik” anlayışı məhz burdan qaynaqlanr. Və bu anlayışlar da mütləq deyil. Və bu anlayışların ikisi də insana məlhəmdir. Anladığı-anlamadığı səbəblərə görə, cəmiyyət tərəfindən yaralanan insan ya çirkinliyə bulayır özünü, ya da gözəlliyə. İkisi bir arada-balanslı şəkildə yalnız kainatın mizanındadır. İnsan isə öz seçimiylə bu balansı pozur: “yaxşı insan”, “pis insan” olur. Ki, burda da hər kəsin baxış bucağından yaxşı və ya pis olmaq fərqli görünür.
 

-Fikrinizcə, əsərləriniz insanlara “qurtuluş” olur, yoxsa daha çox “asılılıq” yaradır?...

-Asılılıq yaradır. “Qurtuluş” böyük anlamdır və heç kim iddia edə bilməz ki, “filan şeydən, filan adamdan qurtuldum”. Bir iz qalır hardasa, bir xatirə ilişir şüuraltının qarmağına. Bu zaman asılılıq yaranır. İnsan “unutdum” dediyi insanı unutmur. Çünki unutduğu haqqında danışa bilməz. Oxuculardan dəfələrlə eşitmişəm ki, hansısa əsərim onlara səmt ağacı olub, öyrəniblər, anlayıblar, düşünüblər. Əsərlərim düşdüyü vəziyyətdən çıxış yolu axtaranlar üçün çox gözəl çıxış yollarını göstərir. İnsanı artıq çoxdandı gəldiyi yoldan qaytarmaq olar, ona “səhv istiqamətə gedirsən” demək olar, amma o yolun artıq keçildiyini, insanın bu yolçuluğunda nəyinsə şahidi, nəyinsə iştirakçısı olduğunu da danmaq olmaz. Bu mənada əminəm və təkrar edirəm: əsərlərim asılılıq yaradır: “YAŞAMA ASILILIĞI”.
 

-Bizim cəmiyyət sevgini çərçivədə görür. Yəni cavan oğlan yaşlı xanımı sevə bilməz. Subay oğlan boşanmış qadınla evlənə bilməz. Övladı olan boşanmış qadın ailə qurursa, cəmiyyət onu qınayır və s. Bütün bunları düşünəndə “888”i yazmaq sizə çətin olmadı ?

-Yox. Mən də bu cəmiyyətin üzvüyəm, cəmiyyətin tabularının “Domokl qılıncı” olduğunu bilirəm. Fərqliliyim qətiliyimdir. Bir şey baş verəcəksə belə, istəyirəm ki, o, baş versin. Nitşe deyirdi ki, “ümid ən böyük işgəncədir”. Mən özümə işgəncə verməkdənsə, o ümidin gerçəyə dönmək şansını ölçməyi seçirəm. İçində yaşadığımız, parçası olduğumuz cəmiyyət, Nitşenin təbirincə, işgəncədən zövq alır. Burda “ümid” elə özüdür, “səbir” ilə qarışdırılmamalıdır. Mən bütün əsərlərimdə tabuların mahiyyətini açmağa çalışıram. Obrazlarımın əksəriyyəti realdır və mən nadirən onların qərarlarını “dəyişirəm”. Çünki “ədəbiyyat gözəllik təlqin etməlidir” prinsipi var ortada. Amma bu, o demək deyil ki, biz qeyri-gözəl olana gözümüzü yummalı, həqiqətin üstünü malalamalıyıq. Bütün mənfilikləri görməli, olduğu kimi qəbul etməli, onun qarşısında sağ qalmağı düşünməliyik. Məhv etmək isə, sadəcə, mümkünsüzdür.
 

-Cəmiyyətdəki neqativlərin kökündə sevgisizlik dayanır, sonra diqqətsizlik?

-Sevgisizlik. Sevgi insanı diqqətli olmağa vadar edirsə, “diqqətsizlik” sözünə ehtiyac qalmır. Sevgi insanın mahiyyətidir. Yerdə qalan bütün hisslər sevginin deformasiyasından, növündən asılı olaraq peyda olub. Məsələn; ağrı. İnsan o zaman mənən ağrıyır ki, daxilindəki sevgini yox sayır. Öz sevgisizliyinə -sevmədiyinə və sevilmədiyinə inananda mənən ağrıyır insan. Adını da qoyur “kədər”. Əgər insan sevginin özü ilə olan eyniliyini dərk etsəydi, neqativlik olmazdı.
 

-Nazlı xanım, cəmiyyət düşünməkdə əziyyət çəkir, yoxsa anlamaqda?..

-Düşünməkdə. Anlayışda, şükür, cəmiyyət olaraq problemimiz yoxdur. Ən son texnoloji yenilikləri bu qədər sürətlə həyatımızın bir parçasına çevirə biliriksə, “anlayışımız qıtdır” demək absurddur. Düşünmək problemdir. Çünki tarix boyu zövqlə eyniləşdirilən düşüncə modern dünyada əzab olaraq qəbul edilir. Beləcə, biz ənamımız, ərməğanımız olan həyatı da əzab olaraq qəbul edir, əzab çəkə-çəkə yaşayırıq.
 

- “Cəza otağı”ndan salamat qurtulanlarla heç rastlaşmısınız?

-“Cəza otağı”ndan heç kim salamat qurtulmur. Elə onun qapısından atılan ilk addımdaca insan yara alır; istər fiziki, istər psixoloji. Uşaqlara insanlığın sabahı kimi deyil, “nəyinsə xətri” kimi yanaşılanda “sağlam cəmiyyət” arzulamaq absurddur. İnsan uşaqlığında nə yaşayırsa, bütün həyatı boyunca onu özüylə gəzdirir. İndi oturub sevgisizliyindən şikayət etdiyimiz insanlar var ha, onlar bu sevgisizliyi miras alıblar-onunla doğulublar, onunla böyüyüblər, onu da öz uşaqlarına ötürməkdə israrlıdırlar. Sevgisizlik isə xəstəlikdir. Bu mənada mən əsərlərimlə də müalicə edirəm-kitablarımı oxuyanlar sevgini tanıyır...
 

-Əsərlərinizdə mistika, məcazilik, demək olar ki, çoxdur. Bunları birbaşa insan psixologiyası ilə əlaqələndirmək olar?

-Bəli. Yazdıqlarımın hamısı insan haqqındadır. Mistika insanın var oluşundadır. Məcazilik isə insanın “missiya axtarışları”nın nəticəsidir. Nə qədər ki, insan var, o qədər də mistika var, məcazilik var. Mən kitablarımda insan-kainat, insan-təbiət, insan-insan problemlərini ayrı-ayrı təqdim edirəm, mahiyyətini açıram və həll yolları haqqında ipucuları verirəm.
 

-Yəqin ki, “Həzz”i oxuculara təqdim etməyinizin səbəbi dünyamızın narkomaniya adlı bəladan qurtulmağını arzulamaqdır…

-Arzulamaqdan daha çox, bu bəladan qurtulmaqçün nəsə etməkdir. Sərçənin dimdiyində yanğına su daşıması kimi görünə bilər, amma unutmayın ki, ortada “vicdan” var. “Həzz”də narkomaniya, insan alveri kimi məsələlər qabardılıb. Bu 2 bəşəri bəlanın mövcud olduğunu hamı bilir. Hamı da deyir: “Yaxşı ki məndən uzaqdı.” “Uzaq” dediyimiz hansı məsafə ölçüsüdür ki? Hə? Evimizin divarlarından kənardadırsa, “uzaq” deməyimiz nə dərəcədə doğrudur ki? Bu cür düşünəndən sonra başlamışam “Həzz”i yazmağa. Əgər atılan daşın qarşısına əlimi uzatmaq imkanım varsa, uzadıram həmişə. Gözləmirəm, gedib dəysin məndən sonrakına, mən də vicdanımın başını tumarlayım ki: “Məndən ötdü, qardaşıma dəydi.” Bu bəla bəşəridirsə, hamımızındı. Hamımız nəsə etməliyik...


Əntiqə KƏRİMZADƏ