Neft sənayesi əlaçısı
Azərbaycanda Neftayırma sənayesinin inkişafında texnika elimləri doktoru ,professor Lütfəli Məlik-Aslanovun xüsusi xidmətləri olmuşdur.O,neft yataqlarının işlənməsi və layların neft verməsinin artırılması sahəsində tanınmış mütəxəssislərindən sayılır.
Lütfəli Süleyman oğlu Məlik-Aslanov 1913-cü ildə Azərbaycan SSR Qarabağ bölgəsinin Tuğ kəndində qulluqçu ailəsində anadan olmuşdur (sənədlərdə onun anadan olduğu bölgə belə göstərilir: Rusiya İmperiyası, Yelizavetpol quberniyası, Şuşa qəzası ,Tuğ kəndi-müəllif).1927-ci ilədək Füzuli şəhərində, sonra isə Bakıda orta təhsil almış,1932-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. 1938-ci ildə institutun neft-mədən fakultəsini, neft yataqlarının işlənməsi və istismarı ixtisası üzrə bitirmişdir. Təyinatla “Qaradağneft” (Molotoneft) trestinə göndərilmiş, burada usta, şöbə müdiri işləmişdir.
1940-cı ildə L.Məlik-Aslanov “Qaradağneft” trestinin neft emalı şöbəsinin rəisi təyin olunur, lakin müəssədə çox işləmir.Böyük Vətən müharibəsi başlayanda ilk könüllülər arasında L.Məlik-Aslanov da olur.Qızıl Ordu sıralarında Hərbi –Texniki sahənin rəisi olur,1942-ci ilin sonlarında yaralanaraq ordudan tərxis olunur və əvvəlki işinə qayıdır.1945-ci ildə onu Ümumittifaq Tədqiqat İnstitutuna –neft emalı şöbəsinin rəisi,daha sonra SKB bölməsinə neft emalı üzrə sənaye tədqiqatları şöbəsinə rəis təyin edirlər.
L.Məlik-Aslanov 1953-cü ildən institutun neft və qaz emalı texnologiyası laboratoriyasının müdiri olmuşdur.İşlədiyi müddət ərzində özünü təşəbbüskar,işgüzar,yüksək dərəcəli mütəxəssis,dərin elmi-nəzəri biliklərini istehsalata tədbiq etməyi bacaran alim kimi göstərmişdir.Sənaye işlərini incəliklərinə qədər bilən Məlık-Aslanov elmi-tədqiqat işlərinə də meyl göstərmişdir. Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.Onun elmi –tədqiqatlarına neftin su ilə sıxışdırılması,qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimli layların tədqiqi, layın hidravlik dağıdılması,quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə daxildir. 1956-cı ildə “Kollektorların neftverımli mexanizmində aralıq zonanın rolunun tədqiqi “ mövzusunda namizədlik,1965-ci ildə isə “Layların neftveriminin artırılması məsələləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
L.Məlik-Aslanov tərəfindən 250 elmi iş yerinə yetirilmişdir ki, onlardan 150-si dövri mətbuatda dərc olunmuş, monoqrafiya şəklində nəşr edilmişdir.1968-ci ildən institutun professoru elmi dərəcəsi alan neftçi alim elmi kadrların hazırlanmasında da fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə 16 nəfər namizədlik dissertasiyası müdafiə edərək texnika elimləri namizədi elmi dərəcəsinə layiq görülmüşlər.
Ömrünün son illərində professor L.Məlik-Aslanov Azərbaycan Elmi-Tədqiqat Neft Layihə İnstitutunda aspirant və dissertantlardan ibarət qrupun elmi rəhbəri işləmişdir.
Bütün bunlarla yanaşı L.Məlik-Aslanov fəal ictimaiyyətçi olmuşdur. O, institutda keçirilən ictimai tədbirlərdə fəallıq göstərmiş,institutun partiya bürosunun üzvü seçilmiş, pedaqoji kollektivin sevimlisi olmuş,nüfuzlarını qazanmışdır.
Tanınmış neftçi alimin əməyi layiqincə qiymətləndirilmişdir. Ona “ Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri,bir sıra medallar, eyni zamanda “Neft sənayesi əlaçısı” döş nişanı verilmişdir.Elm sahəsində dərin elmi-tədqiqatlarına görə L.Məlik-Aslanov 1964-cü ildə “Azərbaycanın əməkdar mühəndisi”fəxri adı almış,1980 –cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.
Görkəmli alim 1996-cı ildə 83 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir.
Məqalənin hazırlanmasında ARDETSA-da mühafizə edilən 126 №-li fond , siy.1-də sənəd materiallarından istifadə edilmişdir.
Rəna Namazova,
Azərbaycan Dövlət Elm və Texnika
Sənədləri Arxivinin mütəxəssis arxeoqrafı.