02 Sentyabr 2024 11:14
1693
MÜSAHİBƏ

Nevroloq: Karpal tunel sindromunun ilk əlamətləri əmələ gəldikdə..." - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Elşanə Mustafayeva nazirliyin saytına Karpal tunel sindromu barədə müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

-Elşanə xanım, ilk öncə bilmək istərdik ki, Karpal tunel sindromu nədir?

- Tunel sindromu sinirin keçdiyi anatomik kanal səviyyəsində lokal zədələnməsidir. Tunel sindromları arasında geniş yayılan və ən çox rast gəlinən Karpal tunel sindromudur (KTS). Müxtəlif elmi mənbələrə görə, Karpal tunel sindromu bütün tunel neyropatiyalarının 50-90 faizini təşkil edir. Bu sindrom ilk dəfə 1854-cü ildə ingilis cərrahı Ceyms Pecet tərəfindən təsvir edilib. Karpal kanal bilək nahiyyəsində yerləşən, təxminən 2,5 sm uzunluğunda və 2 sm enində olan, bilək sümükləri və biləyin köndələn bağı ilə məhdudlaşan bir boşluqdur. Bu kanalda bükücü əzələlərin vətərləri və orta sinir yerləşir. Orta sinirin dar anatomik kanalda sıxılması və ya zədələnməsi nəticəsində yaranan hissi, trofiki simptomlar (əlamətlər) ilə təzahür edən tunel sindromu Karpal tunel sindromu adlandırılır.

- Bəs bu xəstəliyin yaranma səbəbi nədir?

- Karpal tunel sindromu zamanı kanalın sümük divarı və bükücü əzələ vətərləri arasında orta sinirin sıxılması baş verir. Davamlı təkrarlanan təsir birləşdirici toxumanın xroniki iltihabına gətirib çıxarır. Nəticədə o kobudlaşır, qalınlaşır və şişir, bu da Karpal tunel daxilində təzyiqi artırır. Artan təzyiq venoz durğunluğu və ödəm yaradır. Bu da sinirin işemiyasına (qan təchizatının pozulmasına) səbəb olur. Bir çox hallarda dominant əl zədələnir, lakin Karpal tunel sindromu tez-tez hər iki tərəfdə də yaranır.
Hazırda Karpal tunel sindromu yaranmasına səbəb olan bir neçə qrup tibbi risk faktorları ayırd etmək olar. Karpal tunelin anatomiyasını dəyişdirən amillərə bilək nahiyəsinin birbaşa travması, bilək oynaq sümüklərinin sınığı, posttravmatik artroz, deformasiyaedici artroz aiddir. Həmçinin, bəzi inkişaf anomaliyaları, ekzostozlar, osteofitlər anatomik kanalın həcminin azalmasına səbəb ola bilər.
Tuneldaxili təzyiqi artıran və orqanizmdə su balansının pozulmasına səbəb olan amillərə hamiləlik (əsasən birinci trimestr), menopauza, piylənmə, böyrək çatışmazlığı, hipotiroidizm, ürək çatmamazlığı, revmatoid artrit, oral kontraseptivlərin qəbulu aiddir.

- Doktor, Karpal kanal sindromunun kliniki əlamətləri pasiyentlərdə hansı şikayətlərlə özünü göstərir?

- Xəstəliyin kliniki mənzərəsi müxtəlifdir və prosesin ağırlığından asılıdır. Lakin buna baxmayaraq, bir sıra tipik simptomlar var ki, KTS-i başqa xəstəliklərdən fərqləndirir. Bunlara əldə olan hissi və hərəki pozuntular aiddir.
İlkin olaraq pasiyentlər əlin orta sinirin innervasiyası zonasında (1,2,3-ü və bəzən 4-cü barmaqlarınn iç səthi boyu) uyuşma, iynəbatırma, sancma, karıncalanma, yanma kimi hissiyyatın pozulmalarından (parasteziyalar) şikayət edirlər. Bu nahiyədə hissiyyatın azalması da (keyləşmə) müşahidə oluna bilər. Uyuşma və ya paresteziyalar ən azı iki barmaqda və bir ay ərzində, əsasən vaxtaşırı, bəzən isə daimi olur. Bu əlamətlər əlin aktiv bükücü-açıcı hərəkətlərindən sonra, əlləri yuxarı qaldırdıqda (nəqliyyatda, telefonla danışarkən, maşın sürərkən, kitab və ya qəzet oxuyarkən), əl bir vəziyyətdə uzun müddət qaldıqda, dəfələrlə təkrarlanan hərəkətlər zamanı güclənirlər. Əlin vəziyyətini (mövqeyini) dəyişdirdikdə və ya silkələyəndə, bilək oynağının ortezlə (xüsusi cihaz) fiksasiya olunduğu zaman isə azalır. Bununla yanaşı, pasiyentlər sızıldayıcı, bəzən yandırıcı ağrı hiss edə bilərlər. Ağrı əsasən biləkdə olur, 1-4-cü barmaqlara, daha az qola və çiyinlərdə yayıla bilər. Uyuşma, paresteziya və ağrı kimi simptomlar gecələr və ya səhərə doğru güclənməsindən xəstələrin yuxunun pozulmasına səbəb olur. Hissi pozuntular və ağrı səbəbindən hərəkətlərin koordinasiyası və əl gücü pozulur.
Xəstəlik uzun müddət davam etdikdə, hərəkət pozuntuları əmələ gəlir. Bu da özünü orta sinirlə innervasiya edilən əzələlərdə zəiflik və atrofiya ilə göstərir. İlkin olaraq, əllərdə xırda motor bacarıqları pozulur: düymələri bağlamaq, kiçik əşyaları əldə saxlamaq çətinləşir, əlyazma dəyişilir. Zamanla zəiflik o həddə çatırki, pasiyent bir çox əşyaları əlində tuta bilmir. Vegetativ pozuntular akrosiyanoz, dəridə quruluq, tərləmənin pozulması, əldə soyuqluq hissi şəklində və s. əlamətlərlə özünü göstərir.

- KTS-nin diaqnostika və müalicə üsulları necə aparılır?

- Xəstəliyin diaqnostikası kliniki və instrumental müayinə üsulları əsasında aparılır. Obyektiv müayinə zamanı ələ baxış keçirilir: ödəm, trofiki pozuntular, əzələ atrofiyası olub-olmaması müəyyənləşdirilir. Nevroloji müayinə zamanı əlin I-III barmaqlarında hissiyyat, əzələ gücü və tonusu, habelə reflekslər qiymətləndirilir.
Bu patologiyanın iki növ müalicəsi var: konservativ və cərrahi. Karpal tunel sindromunun konservativ müalicəsinin əsas prinsipi, xəstəliyi törədən səbəbi müalicə etməkdən ibarətdir. Medikamentoz müalicə zamanı ağrı, iltihab və ödəm kimi simptomları aradan qaldıran müxtəlif dərman vasitələrindən istifadə olunur. Bilək nahiyəsində hərəkəti məhdudlaşdırmaq məqsədilə ortopedik vəsaitlərdən (ortezlər) geniş istifadə olunur. Biləyin immobilizasiyası xəstəliyin yüngül və orta dərəcəsində, həmçinin əməliyyatdan sonrakı dövrdə göstərişdir. Ən yaxşı nəticə əldə etmək üçün ortezi gecə-gündüz taxmağı tövsiyə edilir.
Fizioterapiya Karpal tunel sindromunun dərmansız müalicə üsulu olaraq xəstəliyin etioloji və patogenetik mexanizmlərinə təsir etmək məqsədilə aparılır. Bu səbəbdən geniş spektrli fizioterapevtik üsullardan istifadə olunur: fonoforez, elektroforez (analgetik, damargenişləndirici dərmanlarla), krioterapiya, maqnitoterapiya, yerli darsonvalizasiya, elektrostimulyasiya, lazeroterapiya, palçıq vannaları, naftalan yaxmaları, habelə müalicəvi masaj, akupunktura, manual terapiya və müxtəlif fiziki məşqlər.
Əgər terapevtik müalicə altı ay ərzində istənilən nəticəni vermirsə, Karpal tunel sindromunun cərrahi müalicəsi tövsiyə olunur. Cərrahiyyə əməliyyatı yerli anesteziyadan istifadə edərək, açıq və ya endoskopik üsulla icra olunur. Əməliyyat nəticəsində Karpal kanalda köndələn bağ kəsilərək sinirin sərbəstləşməsi təmin edilir.

- Sonda bu xəstəliyin profilaktikası haqqında məlumat verərdiniz…

- Karpal tunel sindromunun yaranmasının və ya xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün soyuq mövsümdə əlləri əlcəklərlə qorumaq, hər hansı fiziki işi yerinə yetirərkən, biləyi həddindən artıq gərginləşdirməmək və ya qəfil hərəkətlər etməmək tövsiyə olunur. Bundan əlavə, iş zamanı düzgün qaməti saxlamaq, biləklərinizi ən rahat vəziyyətdə saxlaya biləcək mebel və ofis avadanlıqlarından istifadə etmək lazımdır. Həmçinin, monoton hərəkətlər edərkən, müntəzəm olaraq fasilələr etmək və əllərə istirahət vermək tövsiyə edilir.
Karpal tunel sindromuna səbəb olan xəstəliklərin müalicəsini gecikdirməmək şərti ilə sağlam həyat tərzi sürmək, gündəlik əl hərəkətlərinin yerinə yetirmək məqsədəuyğun hesab olunur. Əgər işləyərkən tez-tez kompüter arxasında oturursunuzsa, ofis kreslosu rahat, boyunuza uyğun tənzimlənən, arxa dayaq və qoltuqaltı olmalıdır. Klaviatura və siçan erqonomik olmalı, klaviaturada işləyərkən, xüsusi dayaqlarından istifadə məsləhət edilir. Monitor göz səviyyəsində və ya bir qədər aşağı yerləşməlidir. Boyunu əyməkdən çəkinmək lazımdır. Kompyuterdə işləyərkən, kürək oturacağın arxasına söykənməklə çiyinlər rahat olmalıdır.
Karpal tunel sindromu həyat üçün təhlükəli bir vəziyyət deyil, lakin iş qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və həyat keyfiyyətini azaldır. İlk əlamətlər əmələ gəldikdə, mümkün qədər tez mütəxəssisə müraciət etmək tövsiyə edilir.