adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Yanvar 2023 14:57
1834
MÜSAHİBƏ

Nəzakət Məmmədli: “Heç vaxt gördüyüm işdən peşman olmuram” - MÜSAHİBƏ

Zəhmətkeş insanların həmişə qayğıları da çox olur. Üstəlik bu zəhmətkeş insan yaradıcı insandırsa, onda məsuliyyət də, qayğı da lap çoxalır. Ədəbiyyat, qadının zərif çiyinlərindəki ağır yük sayılır desək, yalan olmaz. Bu mənəvi yükü ləyaqətlə və hünərlə daşıyan qadın mütləq ki qiptə olunandır. Bütün sızıltılarına sözlə sığal çəkən insanların təsəllisi yalnız ürəyindən süzülən misraları olur.

Belə ali iradəyə malik olan xanımlardan biri də “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, söz adamı Nəzakət Məmmədlidir.

- “Yada düşdü” sizə müəyyən qədər tanınmağı, müxtəlif ədəbi mükafatları, prezident təqaüdünü v.s uğurları verdi. Bəs nələri aldı?

-Əlbəttə ki, həyatda hər şey iki tərəflidir. Ağ varsa qara da var, bu dünya varsa o dünya da var. Bəli , doğru qeyd etdiniz “Yada düşdü” mənə çox qapılar açdı və çox uğurlar qazandırdı. Amma təbii ki, aldığı da oldu. Ancaq sevindirici məqam odur ki, aldığı verdiyindən çox az oldu. Aldığı ancaq maddiyyat oldu. Əlbəttə bilirsiniz ki, indiki dövrdə çap işi özümüzün maliyyə dəstəyimiz hesabına ərsəyə gəlir. Lakin buna baxmayaraq aldığı madiyyatın əvəzində böyük bir səadət verir. İnsan nə üçün yaşadığını və məqsədinin nə olduğunu dərk edir.

Bu jurnal dilimizin, ədəbiyyatımızın və tariximizin qorunmağına xidmət edir.

-Ədəbi gəncliyi oxuyursunuz?

-Gəncliyi daha çox önəmsəyirəm. Onların yazıları, şeirləri, məqalələri həmişə mənə maraqlıdır. Deyərdim ki, yazarlar zamanına köklənir. Bu səbəbdən gənclərin nə yazdığına daha çox önəm verirəm. Onlara qayğıdan, sevgidən irəli gələn bir addım atdıq. “Yada düşdü” jurnalının 2022-ci il dekabr sayını gənclərə həsr etdik. Fərid Hüseyn jurnalda çap olunmaq üçün bir neçə istedadlı gənc seçdi. Ordakı şeirləri oxuduqca günümüzlə səsləşən hadisələri görürəm. Gənclik bunu necə gözəl çatdırır.

Torpaqlarımız işğal altında olanda həmişə düşünürdüm ki, indiki gənclər heç o torpaqları görməyib. Elə bilirdim ki, gənclərimizdə vətənpərverlik hissi zəifləyib. Ancaq 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə igidlərimiz cənnət Qarabağı mənfur erməni tapdağından azad edəndə içimdə bir uh yüksəkliyi yarandı. Anladım ki, gənclərimiz hər an ana torpaq uğrunda savaşa hazır imiş.

Övladlarımın üçü də zabitdir. Onların 44 günlük müharibə zamanı savaş hünərini görəndə ana kimi qürurlandım.

- Könüllülərin döyüş həvəsi insanı valeh edirdi…

-Bəli, razıyam. Müharibə zamanı yolumuz cəbhə bölgəsinə düşdü. Orda bir mənzərə gördüm. Ana yalvarırı ki, getmə, qardaşın cəbhəyə təzə gedib . Oğul deyir ki, ana, narahat olma, sən get evə. Gözlərində bir qram da qorxu olmayan gəncləri görmək qürurvericidir.

-Sizin və yaşıdlarınızın gəncliyi kədərli hadisələrlə yadda qalıb…

-İnsan özü də zamanına bənzəyir. Biz övladlarımıza müharibənin nə olduğunu danışsaq da, təsəvvür edə bilmirdik. Çünki onlar müharibə görməmişdilər. Vətənpərvərlik hissi övladlarımıza əcdadlarımızdan keçmə bir hissdir. Yəni atalardan belə bir məsəl var: “ot kökü üstə bitər”.

Bizim xalqımızda gözləmək mövqeyi var idi. Döyüşə atılmaq üçün bizə bir qığılcım lazım imiş. Qarabağın üzün görməyən oğullar Qarabağ üçün canlarını fəda etdilər.

-Kitab rəfinizə baxıram, şəhidlərə həsr olunmuş kitablar görürəm…

-Son 4 ildə “Bakı xəbər” qəzeti ilə belə bir layihəyə imza atdıq. Hər şəhid haqqında bir kitab nəşr olunurdu. Bu kitabda şəhidlərin valideynləri, dostları, müəllimləri onlarla bağlı xatirələrini bölüşblər. Kitabı çap etməkdə məqsəd şəhidlərimizin xatirəsin əbədiləşdirməkdir. Tarix nə gözəl natiqdir. Onsuzda o, hər şeyi diqtə edəcək.

-Şəhidlər haqda kitab hazırlamağın da öz mənəvi yükü var. Çətin prosesdir?

- Çətin yox, daha çox ağrılıdır. Söhbət şəhiddən gedirsə, orda qürur hissi ilə yanaşı, həm də kədər var. İnsan belə bir mövzu üzərində çalışırsa, əlbəttə, kədər hissi adama yoldaş olur.

Bir dəfə aprel döyüşlərində şəhid olan igidimizin həyat yoldaşı gəlmişdi.Yanında da 6 yaşlı qız uşağı var idi. Həyatına üsyan edirdi. Qadın həyat yoldaşının itkisi ilə heç cür barışmırdı. Uşaq birdən hönkürtü ilə ağladı. Uşağın ağlamağı ürəyimi parçaladı. Bu hadisədən silsilə bir şeir yarandı. Ondan bir bənd söyləyim:

Ağlama, şəhid qızı,

Dərdin mənə tanışdı.

Ürəyim param-parça,

Qəmim naxış- naxışdı.

-Siz məsuliiyətli bir peşənin sahibi olmağınızla yanaşı, həm də anasınız. Məişət qayğılarını da nəzərə alsaq, hamısına necə zaman ayırırsınız?

-Üç övlad böyütmüşəm. İndi də altı nəvəm var. Gördüyüm hər işi sevgi ilə görmüşəm. Övladlarımı da sevgi ilə böyütmüşəm. Qazandığım bütün uğurların ən alisi ana adıdır. Bu vətən üçün mükəmməl övladlar yetişdirə bildim. “Yada düşdü” jurnalı da mənə övlad qədər doğmadır. Hətta deyərdim ki, mənəvi övladımdır. Hamıya o jurnalı sevdirməyə çalışmışam.

-Poeziya və “Yada düşdü”- hər ikisi də taleyin sizə verdiyi paydı ,yoxsa zəhmətinizin bəhrəsi?

- Mənim “kaş” sözündən qətiyyən xoşum gəlmir. Düşünürəm ki, ağıllı insan dünəninə qapanıb yaşamaz. Doğrudur, dünəni unutmaq olmaz. Çünki unutsaq sabahımızı qura bilmərik. Amma bütün hallarda dünənə qapanmaq qətiyyən ağıllı insana xas xüsusiyyət deyil. Ona görə də mən heç vaxt gördüyüm işdən peşman olmuram. Mən taleyin hökmünə və özümə inanıram.

-Yaradıcılığınızda hansı yeniliklər gözlənilir?

-“Xatirə kitabı” Ulu Öndərin adı ilə bağlıdır. Kitabın yaradıcısı Heydər Əliyevdir.

Bilirsiniz ki, 2023-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin 100-lik yubileyi keçiriləcək. Biz də möhtəşəm bir kitaba imza atmışıq.

Hələ qarışıq bir dövrdə(1993) “Xatirə kitabı”nın yaradılmasına qərar verdi. Onu da qeyd edim ki, bu kitab şəhidlərin adları ilə bağlı yeganə məlumat bankıdır.

Ötən il 60 yaşımı tamamladım, onunla bağlı bir kitab ışıq üzü görəcək. Şeirlər kitabım çapa hazırlanır. Və ənənəmizə sadiq qalaraq “Yada düşdü” jurnalının davamlı nəşri olacaq.

 

Əntiqə Kərimzadə