27 Yanvar 2025 13:34
492
İQTİSADİYYAT

Ölkədə mal əti 16, quzu əti 24 manatdır: Ötən il xaricə 1,3 min ton ət satılıb

ATV sujet hazırlayıb. Süjetdə göstərilir ki, əvvəlki aylarla müqayisədə ətin qiyməti yenə artıb.

Yəni , mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var: "Dana əti əvvəl 15 manat idi, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir”.
Bəli, əslində bu artım yeni ildən bir neçə gün əvvəl başlayıb və nə vaxt duracağı, dayanacağı da bəlli deyil. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsi 2024-cü ilin noyabrında məlumat yayıb, Azərbaycanın ət idxalına çəkdiyi xərci 50 faizdən çox artırdığını bildirib, amma qıtlıq yenə hiss edilir: “2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət idxal edilib. Amma 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 78 milyon 555 min dollar dəyərində 38 min 287 ton ət idxal edilmişdi.
Ət idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38 milyon 433 min dollar və ya 48,9% artıb, miqdar ifadəsində isə 15 min 50 ton, başqa sözlə, 39,3% artıb”.

Yəqin ki, çoxunuz bilirsiniz ki, 2024-cü ilin yanvar-noyabr aylarında idxal edilən ətin 1 kiloqramının orta dəyəri 3 manat 72 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 49 qəpik idi. Bu da illik müqayisədə 23 qəpik və ya 6,59% artım deməkdi.
Bəs, Azərbaycan xaricdən ötən il 116 milyon 989 min dollar həcmində 53 min 337 ton ət alıbsa, bəs nə qədər ət satıb?

 

Dövlət Gömrük Komitəsi bu sualı da cavablandırıb. Deyib ki, ötən il Azərbaycandan 1,8 milyon ABŞ dolları dəyərində 1,3 min ton ət ixrac olunub. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən ətin dəyəri 155 min ABŞ dolları (9,1%), həcmi isə 265 ton (24,8%) artıb.
İqtisadçı Eyyub Hüseynov qəssablarda deyib ki, buna səbəb heyvan qıtlığının olmasıdır.

Qeyd edək ki, 2024-cü ilin iyulunda Bakıda “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalandı. Həmin müqaviləyə əsasən Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət hissələri ixrac edəcək. Məsələn , ötən il Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov  "Kaspi"yə açıqlamasında  vurğulayıb ki, ərəb ölkələrinə, Dubaya ət ixrac edirik.  Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərəb ölkələrinə ixrac edilir”.

 Ümumiyyətlə, iqtisadiyyat üzrə ekspertlər  hələ 2016-cı ildən, ərəb şeyxlərinin Azərbaycandan ət aldığını deyir  və bunun müqabilində yerli əhali dondurulmuş ətlərə möhtac qala biləcəyini istisna etmirlər

 Hələ 2017-ci ildə “Qəbələ Quşçuluq” ASC, hazır ət məhsulları istehsal edən “Səhliyalı” MMC, süd və süd məhsulları istehsal edən “Biləsuvar Aqro” MMC və “Pal Food” MMC Xidmət tərəfindən aparılan reyestrə daxil edilmiş və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib.

P.S.Heyvanlar niyə qıtdır? Çünki kənd təsərrüfatında zərrə qədər inkişaf yoxdur. Kəndlilərin böyük əksəriyyəti kəndi ataraq paytaxt küçələrində iş axtarmaq hayına düşüblər. Kəndlər işçi qüvvəsini demək olar ki itirmək üzrədir. Buna səbəb lazımı qədər otlaq sahələrinin olmaması, ot- yem tədarükünün kifayət qədər saxlanmaması və bahalaşması, bir də su problemləri və diğər əngəllər kəndlini kənddən , təsərrüfatdan perik salıb.

Əntiqə Rəşid