adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 12:37
68
MƏDƏNİYYƏT
A- A+

Ömrün faciəvi kinosu -  Əntiqə Kərimzadə yazır…

Deyirlər ki, insan öz taleyini bəzən özünü seçir. Ancaq bu, həmişə belə olmur. Bəzən yürüdüyün yollarda o qədər eniş- yoxuş olur ki, istər- istəməz büdrəyirsən. Amma  bu büdrəmək  insan həyatında taleyin hökmünə çevrilməməlidir. Yəni tale insanı əzməməlidir, bir sözlə- həyatla barışmağı bacarmaq gərəkdir. Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, faciəli taleyi olan kinorejissor Lətif Səfərov da taleyi ilə barışmayan incəsənət fədailərindəndir.

O, 31 sentyabr 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Balaca Lətifin  valideynlərinin boşanmasından sonra (1925), 1927-ci ildə  o, anası ilə birlikdə Ağdama köçür. Burda onun üçün həyat  daha fərqli olur. Lətif kiçik yaşlarından incəsənətə  yönəlir.

Belə ki, o,  ilk rolunu (Gülgül), 7 yaşı olanda “Gilan qızı” (1927-1928) filmində oynayır. 

1931-ci ildə Lətif Səfərov ağır xəstələnir və həkimlər ona kinoda çəkilməyi qadağan edirlər. Bir müddətdən sonra o, həmçinin məktəbdən xaric edilir. Bu səbəbdən anasının yanına, Bərdə şəhərinə getməyə məcbur olur. 1935-ci ildə Lətif Bakıya qayıdır. 
1936-cı ildə (1937) Lətif Səfərov Bakı kinostudiyasında aktyor və rejissor köməkçisi işləməyə başlayır.  

Kinostudiyanın dublyaj şöbəsində Səfərov “Çapayev”, “Biz Kronstadtdanıq”, “Lenin Oktyabrda” və s. sovet bədii filmlərinin səsləndirilməsində iştirak edir.1937-ci ildə Lətif Səfərovun atası “xalq düşməni” kimi həbs olunur və  Sibirə sürgün edilir. Sonralar o, hadisələri belə xatırlayırdı:“Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Öz müstəqil həyatıma küçədən başlamalı oldum. Onda yeganə yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız da isti olurdu. Amma skamyalar gündüzkü kimi bərk idi… İnstitutu bitirəndən studiyanın tapşırığı ilə sərhədçilərdən bəhs edən bir sənədli film üçün material toplamağım yadıma düşür. Bir kapitanın və avtomatçı serjantın məni necə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında aparırlarmış ki, birdən o taya keçərəm. Çox şeylər olub…”

Kinorejissor1939-ci ildə Gəncə pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir. İkinci Dünya müharibəsi Lətif Səfərovun da həyatına təsirsiz ötüşmür. 1941-ci ildə Almaniyanın SSRİ-yə hücum etməsi ilə  Lətif Səfərov sovet ordusuna çağırılır. Ancaq onun hərbi xidmətə yararsız olmağı səbəbindən o bir müddət sonra tərxis olunur.

O, eyni zamanda həm “Çağırışa cavab”(1947),”Yeni həyat qurucuları” (1949), “Gədəbəyin sərvəti” (1950), “Azərbaycan sərhədçiləri” (1951), “Bakı və bakılılar” (1958) sənədli filmlərinin rejissoru və ssenari müəllifi olmuşdur. Sonuncu film elə həmin ildə Moskvada keçirilən Ümumittifaq Sovet Filmləri kinofestivalında III dərəcəli diplomla təltif olunmuşdur.

1950-ci ildə Lətif Səfərov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir.Lətif Səfərovun rejissoru olduğu ilk müstəqil işi “Bəxtiyar” (1955/1956) bədii filmidir. Səfərov həmçinin aşağıdakı bədii filmləri çəkmişdir: “Qızmar günəş altında” (1957),”Leyli və Məcnun” və ya “Məhəbbət əfsanəsi” (1961). O, həmçinin “Qubanın bağlarında” (1953) sənədli filminin rejissorudur.

1958-1963-cü illərdən Lətif Səfərov Azərbaycan kinematoqrafiya işçiləri İttifaqının (Azərbaycan Kinematoqrafçılar İttifaqı) sədri vəzifəsini tutmuşdur.Bu illərdə onun şəxsi həyatında  dönüş nöqtəsi olur. O,  azərbaycanlı müğənni Şövkət Ələkbərova ilə evlənir.Lətif Səfərov dəfələrlə Azərbaycan kinomatoqrafiyasında çatışmazlıqlar mövzusunu qaldırmışdır. O, öz çıxışlarının birində deyirdi:“…Nəyə görə mərkəzdə adamlar öz tariflərini artıra bilirlər, əyalətdə isə yox… ? Mən hesab edirəm ki, bu dövlət nöqteyi-nəzəri deyil, bu məsələnin düzgün qoyuluşu deyil. Bizim nəhayət, soruşmağa haqqımız var: hamı üçün eyni imkanlar nə vaxt yaranacaq? Nə vaxt?..”

Nəhayət kino üçün canını fəda edən rejissorun zəhmətinə ilk  rəsmi qiymət verilir. Belə ki, 1960-ci ildə Lətif Səfərov Azərbaycan SSR-in əməkdar incəsənət xadimi adına layiq görülür.  O, həmçinin “Şərəf nişanı” ordeni ilə də təltif edilib.

Hər şey bu qədər yaxşı davam edərkən birdən 1963-cü ilin yanvarında Lətif Səfərov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsindən  çıxarılır. Bu hadisə Lətif Səfərovun demək olar ki, həyatnın sonu olur. Kinorejissor  baş verənlərə dözə bilmir.

O, 9 dekabr 1963-cü ildə ov tüfəngindən özünə atəş açaraq intihar edir. Onu bu aqibətə gətirib çıxarmış ehtimal olunan səbəblər arasında onun həm Kinematoqrafçılar İttifaqından kənarlaşdırılması , həm də ağır, çarəsiz xəstəliyin olması göstərilir.