27 Avqust 2024 10:34
421
MÜSAHİBƏ

Osteoporozun profilaktikasında nələr tövsiyə olunur? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Seymur Quliyev nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Seymur müəllim, ilk öncə osteoporoz xəstəliyi barəsində ümumi məlumat verərdiniz…

- Osteoporoz sümüklərin quruluşunu təşkil edən kalsium və digər mineralların azalması zamanı yaranan sümük xəstəliyidir.

Osteoporozun (“porous bone”) hərfi mənası məsaməli (süngəri) sümük kimi tərcümə edilir və “sümük əriməsi” kimi başa düşülür. Sümük sərt olsa da, daxili strukturası süngəri xatırlayan bir quruluşa malikdir. Osteoporoz zamanı sümüyün strukturunu təşkil edən mineralların, xüsusən də kalsiumun itkisi yaranır. Bu da sümüyün məsaməli quruluşundakı dəliklərin böyüməsinə, sümüyün kütləsinin, gücünün azalmasına və sınıq riskinin artmasına gətirib çıxarır.

- Doktor, osteoporozun yaranmasına səbəb nədir?

- Osteoporoz əksər hallarda 50 yaşlardan sonra başlayır. Amma gənc yaşlarda da osteoporoz yaranır. Buna səbəb də bir sıra xroniki xəstəliklər, fiziki aktivliyin az olması, qidada kalsiumun çatışmazlığıdır.

Qadınlarda menopauza zamanı estrogen hormonun azalması osteoporozun artmasına səbəb olur. Bu hormon sümüklərə qoruyucu təsiri göstərir. Yumurtalığı müxtəlif səbəblərdən xaric edilən cavan qadınlarda estrogen hormonu azalır və osteoporozun yaranmasına gətirib çıxarır.

Bir sıra xroniki, endokrin, revmatoloji və genetik xəstəliklər, xroniki böyrək çatışmazlığı, şəkərli diabet, revmatoid artrit, “Osteogenesis imperfecta” və s. xəstəliklər osteoporoza səbəb olur. Lazımı qədər kalsiumlu qidaların qəbul edilməməsi və D vitaminin çatışmazlığı gələcəkdə osteoporoza gətirib çıxara bilər. Bundan əlavə, fiziki aktivliyin az olması, həzm sistemində mübadilə pozğunluğuna səbəb olacaq xəstəliklər, alkoqol və tütün məmulatlarından istifadə, həddən artıq kofein tərkibli içkilərin qəbulu və s. osteoporozun yaranmasındakı başlıca səbəblərdəndir.

- Xəstəlik klinik olaraq özünü necə göstərir?

- Osteoporoz xəstəliyi klinikası tez üzə çıxan bir xəstəlik deyil. Uzun müddət heç bir klinik əlamət göstərmədən inkişaf edə bilir. Klinikasında sümüklərdə ağrı (daha çox bel nahiyəsində), boyda qısalıq, spinal (onurğa) deformasiya ilə özünü göstərir. Çox vaxt yaşlı xəstələrdə yüngül travmalarda fəqərələrdə, bud sümüyü boynunda, said sümüklərin distalında (aşağısında) və bazu sümüyünün proksimal (yuxarısında) hissəsində sınıqlar yaranır.

- Osteoporozlu xəstələrin diaqnostikası necə aparılır?

- Rentgenoloji müayinə ilə sümüklərin osteoparotik olmasını və öz mineral sıxlığını 30 faizdən artıq itirdikdən sonra aşkar etmək olur.

Hazırkı dövrdə osteoporozun diaqnozunu təyin etmək üçün Densitometriyadan istifadə edilir. Densitometriya təkcə osteoporoz diaqnozu qoymağa deyil, həm də sümük toxumasının mineral sıxlığını 95-99% dəqiqliklə ölçməyə imkan verən rentgen müayinəsinin bir növüdür. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi Densitometriya osteoporozun olub-olmadığını müəyyən edir.

Müayinə bel fəqərələrində və bud sümüyü boynunda aparılır.

- Müalicəsi varmı?

- Müalicəyə yanaşma xəstəliyin birincili ya ikincili yaranmasına görə dəyişir. İkincili yaranan osteporozlarda həm osteoparozun, həm də osteoporoza səbəb olan xəstəliyin müalicəsini aparmaq lazımdır.

Osteoporozun profilaktikasında aktiv həyat tərzi, mikroelementlərlə zəngin, sağlam qidalanma, tütünçəkmədən imtina, alkoqol və kofein tərkibli içkilərdən uzaq olmaq tövsiyə olunur. Həmçinin, osteoparoza səbəb olan xəstəliklərin vaxtında aşkar olunub, düzgün müalicə olması məsləhət görülür.