adalet.az header logo
  • Bakı 31°C
  • USD 1.7
29 Iyun 2022 11:16
162
SİYASƏT

Parlament büdcəyə dəyişikliyi qəbul etdi

Milli Məclisin iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.

Adalet.az xəbər verir ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat və kəsirin 43 milyon manat artımı nəzərdə tutulur.

Eyni zamanda təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik (561 milyon manat) hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur:

- İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi – 1 milyard 447 milyon manat;

- Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi – 34 milyon manat;

- Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə – 588 milyon manat;

- Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə – 519 milyon manat;

- Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə – 193 milyon manat;

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi – 163 milyon manat;

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat.

Yenidən baxılma ilə 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da təsdiq olunmuş büdcədən 2 milyard 425 milyon manat və yaxud 8,1 faiz çoxdur.

Müzakirələrdən sonra "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.