30 Iyun 2025 10:26
93
DÜNYA

Pezeşkian qonşularla münasibətlərdən danışdı

Prezident Məsud Pezeşkian qonşuluq siyasətinin və region ölkələri ilə əlaqələrin genişləndirilməsini İran İslam Respublikasının əsas strategiyası kimi qiymətləndirib.

Adalet.az xəbər verir ki, Pezeşkian bunu bazar günü Nazirlər Kabinetinin iclasında deyib:

"Mən 12 günlük müharibə zamanı bu milli müqavimətə yüksək komandanlığına görə rəhbərə dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Onun rəhbərliyi və dəstəyi olmasaydı, bu böhrandan çıxmaq, təhlükəsiz və sabit sahilə çatmaq mümkün olmazdı".

Prezident həmçinin hökumətə və silahlı qüvvələrə intellektual dəstəyə görə dini qurumlara, görkəmli alimlərə, aparıcı akademiklərə, yazıçılara, ziyalılara, incəsənət xadimlərinə və media fəallarına səmimi təşəkkürünü bildirib.

Pezeşkian əlavə edib ki, xaricdəki iranlıların milli birlik və həmrəyliyin formalaşmasında rolunu nəzərdən qaçırmaq olmaz.

Prezident həmçinin deyib ki, qonşuluq siyasəti və regional münasibətlərin inkişafı İran İslam Respublikasının əsas strategiyasıdır. O, bəyan edib ki, İslam ölkələri arasında həmrəyliyin zəruriliyini nəzərə alaraq və hərtərəfli əməkdaşlığı genişləndirmək məqsədi ilə İran İslam Respublikası Fars Körfəzi Əməkdaşlıq Şurası ilə əməkdaşlığa tam hazırdır və bununla da qonşularla münasibətlərində yeni bir fəsil başlayır.

Pezeşkian vurğulayıb ki, Tehran Fars körfəzinin region ölkələri arasında sülh və əməkdaşlıq simvolu olduğuna qəti şəkildə inanır və İranın bu sahədə qonşuları ilə, xüsusən də bu regional qurumla əlaqələrini gücləndirməsi bütün İslam dünyası və region xalqları üçün sülh, qardaşlıq və inkişaf mesajı verir.