adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 17:41
75
İQTİSADİYYAT
A- A+

Azərbaycandan Çinə investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 19,070 milyon ABŞ dolları təşkil edib.

Adalet.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,711 milyon dollar və ya 67,9% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən olan investisiyaların payı 0,4% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Çin iqtisadiyyatına 9,820 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,162 milyon dollar və ya 3,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% olub.

2024-cü ilin ilk 9 ayı ərzində Çindən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 11,359 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 2,658 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.