25 Avqust 2025 11:27
145
ANALİZ

Prezident İlham Əliyev: "Biz sülh istəyirik, ancaq..."

Xalqımız böyük tarixi qələbəni əldə etdikdən sonra xoş sabahlar  üzümüzə gülür, könüllər coşa gəlir. Bu  gün işğaldan azad olunmuş rayonlarımızda indi yeni infrastruktur obyektlərin, yolların açılışı, sakinlərin doğma ocaqlarına dönməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onlarla səmimi söhbəti müdrik liderin doğma xalqına diqqətindən xəbər verir. Artıq azadlığına qovuşan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur,inkişaf dövrünü yaşayır.

Ermənilərin vaxtilə rahatlığını əlindən aldığı, dinc əhalini yurd-yuvasından qaçaq saldığı Kəlbəcərdə artıq yeni həyat başlayır. Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutub. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin, Azərbaycanın siyasi və iqtisadi gücünü əks etdirir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını görməksə başqa bir aləmdir. Ölkə başçısı kəlbəcərlilərlə görüşündə bildirib ki: “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”.

Həqiqətən də bu gün Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. İnsanlar Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərə köçürülür və prosesin ardıcıl davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev bəyan edib ki, şəhərdə dörd yaşayış kompleksinin inşası olacaq və bu binalarda 10 mindən çox insan yaşayacaq və onlar lazım olan bütün digər infrastruktur layihələri də icra edilib: “Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”-deyə ölkə başçısı bildirib Şəhərdə əsası qoyulan 3-cü yaşayış kompleksi layihəsi şəhərin inkişaf planına uyğun hazırlanıb və ümumi sahəsi 7.6 hektarı əhatə edir. Kompleksdə 4 və 5 mərtəbəli 29 bina tikiləcək, burada 476 mənzil yer alacaq. Mənzillərin strukturu belə planlaşdırılıb: 8 birotaqlı, 176 ikiotaqlı, 169 üçotaqlı və 123 dördotaqlı. Bu müxtəliflik ailələrin fərqli ehtiyaclarına uyğunlaşdırılıb. Sakinlərin rahatlığı üçün kompleksdə məişət və ticarət obyektləri, uşaq oyun meydançaları, velosiped yolları, istirahət guşələri, söhbətgahlar, futbol meydançası və yerüstü avtomobil dayanacağı inşa olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksək sürətli internetlə təmin ediləcək.

Ərazidə geniş abadlıq və yaşıllıq işləri də aparılacaq. Yeni yaşayış kompleksi Kəlbəcərin sosial-mədəni həyatına canlılıq gətirəcək, bölgədə işğaldan sonra bərpa prosesini sürətləndirəcək və sakinlər üçün müasir standartlara cavab verən yaşama şəraiti yaradacaq. Sözsüz ki, Kəlbəcərin işğalı Azərbaycan xalqının həyatında ən ağır günlərdən biri idi. 1993-cü il aprelin 2-də rayon işğal olunub və 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. İşğal o dövr ölkədə hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti, başıpozuqluq, siyasi çəkişmələr nəticəsində baş vermişdi. Nəhayət, Azərbaycanın müzəffər ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi. Ölkə Prezidenti də kəlbəcərlilərlə görüşündə bu məsələyə xüsusi yer ayırıb. Bildirib ki, “Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir.

Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir”. Prezidentin çıxışında yer alan mesajlar içərisində Azərbaycanın dünyada yeniliklərə imza atan ölkə olması da maraqlıdır: “Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır. Təbii ki, 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir."

Ölkə başçısının da dediyi kimi hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu - bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq.”

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı