21 Fevral 2024 18:21
625
SİYASƏT

Prezident XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Adalet.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Zirvə Toplantısının iştirakçıları,

Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə ürəkdən salamlayıram.

Xoş ənənəyə çevrilmiş Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionumuzda və qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır.

Sürətlə transformasiyaya məruz qalan müasir dünyada ənənəvi təhdidlərlə yanaşı bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. Bu baxımdan Zirvə Toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktuallıq kəsb edir.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsadüfi deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan inkişaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiyada regional əməkdaşlığın irəlilədilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır.

Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qardaşlığı və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Eyni zamanda, Avrasiya İqtisadi Zirvə Toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşmasında, qardaşlığımızın möhkəmləndirilməsində mühüm rolu olan görkəmli dövlət xadimi olub. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

İnanıram ki, bu iclas Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Zirvə Toplantısının işinə uğurlar diləyirəm".