adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 07:49
41
ANALİZ
A- A+

“Qafqazın Xirosiması” yeni inkişaf mərhələsinə qədəm qoyub

Ağdamın işğaldan azad olunması Azərbaycan tarixində yeni bir səhifə açıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdamın işğal altında qalan əraziləri Azərbaycana qaytarıldı. Bir güllə belə atılmadan həyata keçirilən bu siyasət müasir hərb tarixinin ən böyük nailiyyətlərindəndir. 

1993-cü il iyulun 23-də Ağdamı işğal edilməsi rayonun inkişafına ağır zərbə vurmuşdu. İşğal nəticəsində ərazinin 73 faizi, o cümlədən rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçmiş, 128 min nəfər doğma evindən didərgin düşmüşdü. Ermənistanın işğal siyasəti nəticəsində şəhərin yaşayış infrastrukturu, tarixi və dini abidələri, təhsil və mədəniyyət müəssisələri dağıdılıb, maddi sərvətləri talan edilib. Şəhərin xarabalığa çevrilməsi, tarixi-mədəni irsinin məhv edilməsi erməni vandalizminin miqyasını nümayiş etdirən acı həqiqət kimi yadda qalıb. Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırır.

İşğaldan azad olunan Ağdam bu gün yeni dönəmə qədəm qoyub. Genişmiqyaslı bərpa strategiyasını həyata keçirməklə şəhərin yeni inkişaf modeli formalaşıb. Baş plan əsasında yaşayış məhəllələri, sosial obyektlər və infrastruktur qurulur. Kəngərli, Xıdırlı və Sarıcalıda aparılan işlər rayonun mərhələli bərpasının tərkib hissəsidir. Yeni evlərin və gündəlik həyat üçün zəruri şəraitin yaradılması əsas vəzifələrdəndir. Ağdamın məskunlaşdırılması şəhərin sosial həyatını dirçəldir, gələcək inkişafına zəmin yaradır. Ağdamın dirçəlişi yalnız yaşayış binalarının və yolların inşası ilə ölçülmür; şəhərin mədəni həyatının bərpası da bu prosesin mühüm istiqamətidir. İstifadəyə verilən Ağdam Muğam Mərkəzi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda ilk qapalı dəmir yolu platformasının məhz burada inşa edilməsi layihənin yenilikçi xüsusiyyətlərindəndir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusunun bu medalla təltif olunması göstərilən fədakarlığın, qəhrəmanlığın və Vətənə sədaqətin dövlət yaddaşında əbədiləşdirilməsidir. Ağdamın taleyi göstərdi ki, torpaq xalqımız üçün coğrafi məkanla yanaşı, milli kimliyin və tarixi yaddaşın ayrılmaz hissəsidir. İşğal bu bağlılığı qıra bilmədi; azadlıq inamı nəsillər boyu yaşadı və Zəfərlə gerçəkləşdi.

 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı