Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli - II yazı
jpg-1754027234.jpg)
Tam 40 ildən sonra yolum ilk dəfə Ağdərə rayonunun Vəngli kəndinə düşdü! – Vəngli-2
Vəngli kəndi ermnilərin ən çox diqqət yetirdiyi, tikib -qurduğu kəndlərdən biri, bəlkə də birincisi olub.
Niyə? -deyə sual versəniz, cavab üçün deyərəm ki, məqalənin birinci hissəsində kəndin təbii gözəllikləri, mənzərəsi, relyefi və və qədim tarixə malik Gəncəsər məbədi məkanın turizm inkişfına tam uyğun olmasıdır.
Qarabağı işğal etdikləri gündən Qarabağın kəndləri də , şəhərləri də “artsax respublikası”nın büdcəsini “möhkəmləndirmək" üçün istifadə edilib. Daha dəqiq, ermənilər təkcə var olanlarla barışmayıb, əksinə Vəngli kəndində turizmin məhsuldarlığını artırmaq üçün müxtəlif tikinti və quruculuq işlərinə də start veriblər.
Vəngliyə böyük yatırımlar qoyan isə erməni separatçıların baş sponsoru, “pul kisəsi”, “qara kassası”, ermənilərin dili ilə desək, “xeyriyyəçi, milyonçu” Levon Ayrapetyan olub. Onu bizim ictimaiyyətimiz nə vaxt tanıdı? 2008-ci il oktyabrın 16-da “Böyük Qarabağ Toyu” adlı mərasim keçirirdi və 675 erməni cütlüyün eyni vaxtda toyunu təşkil etdi.
(Levon atası Qurgenin adına tikdirdiyi məktəb)
Tanıtım üçün deyək ki, 1988-ci ildə “öz müstəqilliyini” elan etmiş separatçılara dəstəyi ilə seçilən bir şovinist erməni öz genetikasına uyğun şəkildə öz başından hekayələr uydurur və buna həm özü inanırdı, həm də ətrafındakıları inandırırdı. Çünki o,12 mart 1949-cu ildə Vəngli kəndində anadan olub və özünü 13-cü əsr Alban hökmdarı Həsən Cəlalın varisi sanırdı.
( Toplumca xəstədirlər də!) Deməli, bu əbləh Levon 2000-2002-ci illərdə doğulduğu Vəngli kəndi yaxınlığında yerləşən və XIII-cü əsrin ortalarında alban hökmdarı Həsən Cəlal tərəfindən inşa edilən Gəncəsər monastırını təmir etdirir. Bu dini məbəd Qarabağ ermənilərinin memarlıq incisi elan etdirir.
(Levonun ilk maya buraxdığı "super dükan" . Həmin vaxt erməni qəzetləri yazırdı ki, bu dükanın(market) oxşarı hətta Xankəndidə də yoxdu)
Xəstə təfəkkürlü Levon özünün olmayan kəndi “öz dədə-baba” yurdu kimi "sevirdi". Kənddəki orta məktəbi bitirdikdən sonra o, sənədlərini Moskva Dövlət Universitetinə verir və fəlsəfə fakültəsində təhsil alır. Uzun illər “Komsomolskaya Pravda”, “Sobesednik” qəzetlərində, “Oqonyok” jurnalında jurnalist kimi çalışır. Amma bir gün də Vəngli kəndini unutmur. Çünki əsl pul qazanmaq, milyonlar əldə etmək üçün əla məkan və fürsət idi.
Tanınmış yazar Həmid Herisçi məqaləsinin birində qeyd edir: "Özünün dediyi kimi, məhz Dağlıq Qarabağda baş verən hadisələr bizneslə məşğul olmasına və separatçılara maliyyə yardımları etməyə təkan verir.
(Levonun tikdirdiyi ilk və ən böyük otel: “Tsovin kar", yəni "Dəniz daşı")
Erməni mediası isə yazırdı:”2016-cı ilin aprel döyüşləri zamanı Ayrapetyanın Qarabağdakı bütün hotel-motelləri oğlu Qurgen tərəfindən döndərilir qaçqın düşərgələrinə. Vəng kəndindəki “Eklektika”, “Tsovin kar” hotellərində yüzlərlə qaçqını müvəqqəti sığınacaqla təmin edir.”
Doğulduğu Vəng kəndində atası Qurgen Ayrapetyanın adını daşıyan, internet sinfi olan müasir məktəbini, üçmərtəbəli uşaq bağçası, mebel fabriki, incəsənət məktəbi, yeni xəstəxana binasını, “Yuniastrum bank”ın filialını, mehmanxana, “Titanik” adlı istirahət mərkəzini, ağac emalı zavodunu inşa etdirdi, müasir yol infrastrukturu qurdu. Bundan başqa, 2007-ci ildə Xaçın çayı üzərində 7 milyon dollar dəyərində su elektrik stansiyasının qurulmasını təmin etdi.
(Ermənilərə göz dağı:“Yuxarı Vəng” Su Elektrik Stansiyası)
Vənglidəki SES-dan söz düşmüşkən bildirək ki, qüdrətli Azərbaycan dövləti Levonun tikdiyi su elektrik stansiyasını söküb yerində “Yuxarı Vəng” Su Elektrik Stansiyası tikiblər. SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.
(“Eşşək yarışı”nda qalib olan ən yaxşı eşşəyə 2000 dollar mükafat)
Yadımdaykən deyim, Ayrapetyanın “qeyri-adi” təşəbbüsü ilə hər il Vənglidə “Qarabağ korridası” adlı eşşəklərin yarışı keçirilirdi. Bu “eşşək yarışı” Vənglidə məskunlaşmış erməni sakinlər üçün əyləncəli ənənəyə çevrildi. Niyə də olmasın, Ayrapetyan yarışın mükafat fondunu 2000 dollar müəyyənləşdirmişdi. Qazanan “eşşək” 2000 dollar mükafat alırdı.
Yəni, bir sözlə, Vəngli kəndi Levon Ayrapetyanın “kurasiyasında” idi, ona məxsus idi. Biznes sahəsində etdiyi saxtakarlıqlara görə 2014-cü ildə Rusiyada saxlanılan milyarder , 2016-cı ildə 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edildi.Dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab edilən Levon Ayrapetyan 2017-ci ildə oktyabrın 18-də cəza çəkdiyi Mordoviyadakı xüsusi rejimli 12 saylı əmək-islah düşərgəsində ölüb.
Bu Levon qalsın ölməyində , keçid edək Vənglidəki tikililərə!
(Riverside Ağdərə oteli : daha heç vaxt bu otel "Dəniz daşı" olmayacaq)
"Tsovin Kar" oteli - 1998-ci ildə tikilməyə başlayıb, 2000-ci ildə hazır olub. Erməni dilindən tərcümədə "Dəniz daşı" oteli deməkdir. Xaçınçayının sahilində yerləşən otel kompleksi dəniz səviyyəsindən 1031 metr yüksəklikdə dağlarla əhatə olunmuş ərazidə yerləşir. Kənd işğaldan azad etdildikdən sonra bizim biznesmenlər oteli yenidən bərpa edərək onu “Ağdərə Riverside otel” adlandırdılar. Otelinin yerləşdiyi ərazidə təbii şəraitdə formalaşmış 4 ədəd yeraltı bulaq yerləşır ki buda tam təbii bulaq suyudur.
Vəngli, sözün həqiqi mənasında, turizm üçün yaranıb.
Beləki, Riverside Ağdərə otelin ərazisində Ailəvi Vəngli İstirahət mərkəzi, otelin önündə dünya mətbəxinin yeməkləri hazırlanan Riverside Restoranı, həmcinin müasirliyi və tarixi özündə birləşdirən Gəmi restoranı , Balıq restoranı yerləşır.
Gəmi restoranının yarnma tarixi haqqında danışmamışdan əvvəl Riverside otelinin yaxınlığında qayadan oyulmuş məşhur aslan başından danışaq.
Beləki, otelin tam yanında, yəni otelə bitişik ərazidə qayaüstü aslan təsvirini də Levon biznesi gücləndirmək məqsədi ilə ora əlavə etdirir.
Aslan qaya heykəlini yaratmaq ideyası Levonun beynində 2006-cı ildə yaranır. Milyarder, erməni rəssam Aram Avaqyanı 2007-ci ildə aslan heykəli üzərində işləməyə sövq edir və arzusuna nail olur.
Aslan qaya təsvirindən təxminən 100 addım irəlidə isə Levon hardansa oğurladıqları, guya totemləri olan qartal heykəlini ucaltdırıb. Pis də alınmayıb. İstifadəçilərin sağlığına qismət!
Hə, indi gələk, ermənilər sevimli "Eklectica" oteli haqqında məlumatlara! Levon Ayrapetyan Qarabağda, xüsusən Vəngliyə maya qoymaqda davam edirdi.
O , 2007-ci ildə Qarabağda analoqu olmayan qeyri-adi gəmi restoran -otelin tikintisindən sonra dünyanın tanınmış şəxslərini həmin "Eklectica" otelə(Ermənilər ona “Titanik”də deyirdilər) dəvət edirdi.Əslində bu Qeyri-adi dəniz memarlıq görünüşünə və unikal mebellərə malik bu üç mərtəbəli otelin ən maraqlı yeri bütün görünü ilə birgə zirzəmidəki “Van Qoq” restoranı idi.
2010-cu ilin payızında Ayrapetyanın dəvəti ilə tanınmış italyan müğənni Al Bano da Ağdərənin Vəngli kəndində həmin bu “Titanik”də konsert proqramı ilə çıxış edir. Soyuq hava şəraitində, fonoqram altında çıxış edən Al Bano bu cansıxıcı konsertinə görə, rusiyalı biznesmendən böyük məbləğdə qonorar alır.
Qarabağ ermənilərinin hər il keçirdikləri eşşək yarışlarına da tamaşa edən Al Bano 2013-cü ilin sentyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin təxminən 300 nəfərdən ibarət “qara siyahısı”nda yer alır.( 2013-cü il dekabrın 18-də “Baku Crystal Hall”da İtaliya estradasının əfsanəvi ifaçıları “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert proqramı ilə çıxış ediblər. Al Bano da konsertdə çıxış edir)
Son olaraq: Bu fotonu alman fotoqraf Matthias Schumann 2007-ci ildə Dağlıq Qarabağda Vank kəndində çəkib. Deyilənə görə, bu da Levonun “başının altından çıxıb”. Bu lövhəni gələn qonaqlara göstərib ”qədim erməni xalqını” öyürmüş. Tualet divarına yapışdırılan maşın nömrələri ermənilər tərəfindən öldürülən, eləcə də, öz yurdundan məcburi köçkün düşən azərbaycanlılara məxsusdur. İşğalçı ermənilər bunu abidə kimi dünyaya fəxrlə göstərirdilər.
Bir sözlə, nə tökərsən aşına, o da çıxar qaşığına!
P.S Hazırda adını çəkdiyimiz inzibatı binalar və obyektlər dağılıb, istifadəyə yararsız haldadır. Bir gün “Ağdərə Riverside otel” kimi onların da yenidən təmir edilərək əhalinin istifadəsinə verilməsi reallaşar deyib, yazını da burada bitiririk!
Ümid edirəm, Vənglini ömürlərində görməyən soydaşlarımızda müəyyən bir təsəvvür yarada bildik, Vənglini az da olsa tanıda bildik!
Əntiqə Rəşid
Digər Xəbərlər

Ağalıda uşaqlıq xatirələri yenidən yazılır - VİDEO

Yas mərasimlərində yemək qadağası - Növbə Bakıya ÇATDI

"Böyük Qayıdış": Üzü Xıdırlıya - YENİLƏNİB

Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR+VİDEO

Yeni yerüstü piyada keçidi inşa olunur

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək - VİDEO
