adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 12:44
54
ƏDƏBİYYAT
A- A+

Qarabağın  tarixi taleyi Qabilin poetik düşüncə müstəvisində

  Rahilə Abdinova,                                                                         

Azərbaycan Texniki Universitetinin  nəzdində Bakı  Dövlət Rabitə  və Nəqliyyat  Kollecinin  müəllimi

        

                       

Xalq  şairi  Qabil (1926-2007) Azərbaycan  poeziyasının  özünəməxsus  dəsti-xətti ilə seçilən, yaradıcılıq  axtarışlarını mövzu  və ideyalar aləmini  ictimai  məna  və məzmunla cilalayan   müqtədir qələm sahiblərindən  biri kimi tanınır. Həyat və  zaman, insan və cəmiyyət münasibətləri haqqında  poetik mühakimələr yürütmək, münasibət  hədəfi  seçilən  taleyüklü  məsələlərə  fəal  vətəndaşlıq  mövqeyindən   yanaşma  sərgiləmək şairin yaradıcılığına xas olan  aparıcı   məziyyətlər kimi diqqəti  cəlb  edir.                                                                             

İnsanın daxili-mənəvi aləmi, hissi-duyğusal yaşantıları Qabilin şair qələmində fərqli bir rakursdan  dəyərləndirilir. Onun zəngin obrazlar  qaleriyasında  insanın dözüm və dəyanəti,  şərəf və ləyaqəti, haqsızlığa qarşı üsyankar xarakteri ilə seçimli  bir səciyyə daşıyır. Fikrimizi  əsaslandırmaq  üçün  yalnız bir  nümunə gətirməklə  kifayətlənmək olar: hurifi  ideyalarını dini-fəlsəfi  aspektdə tərənnüm edən İmadəddin İmadəddin  Nəsimi  haqqında poema-epopeya  insan ləyaqəti və  hakim üsul-idarə paradiqması belə  bir həqiqəti  yetərincə  təsdiqləmək   gücündədir.                                                                                                          

Cəmiyyətdə  baş  verən ictimai-siyasi   proseslər təbii ki,  insan faktoruna, onun  sosial-iqtisadi, mənəvi-psixoloji  durumuna əsaslı təsir  göstərir. Keçən əsrin  80-ci illərinin  sonları, 90-cı  illərinin  əvvəlləri  belə gərgin situasiyalarla müşayiət olunan dönəm  kimi  insan talelərini sınağa  çəkdi.                                                         

Tarixin  arxivinə gömülən Sovet İttifaqının süqutu, düşünülmüş şəkildə qızışdırılıan  millətlərarası münaqişələr, Azərbaycanda törədilən qanlı  yanvar hadisələri,  süni  şəkildə  yaradılan Qarabağ  problemi, bir-birinin  ardınca itirilən yaşayış məskənləri  bir çox sənətkarlar kimi Qabilin yaradıcılığını da  nastolji  hiss  və hüzn üstə  köklədi.                                                                                        

Paytaxt Bakıya, onun mərkəzi meydanlarının birində nəhəng abidəsi  qoyulan  “qızıl  ordu”nun qoşun birləşmələrinin əliyalın dinc  əhalinin üzərinə yürüdülməsini əsrin ən böyük  terror və vandalizm  aktı kimi  dəyərləndirən şair klassik  üslubda  qələmə aldığı “Mərsiyə”sində  baş verən, az sonra  daha  geniş miqyas alacaq  faciələrin  anonsunu,  bu qanlı faciələrin  baiskarlarının üç üzünü, simasızlığını  kəskin ifşa  obyektinə çevirirdi.                                                    

//Gecəni atəş ilə qırmızı qan eylədilər, Xalqımı-millətimi gülləbaran eylədilər//  - mətlə  beyti ilə  başlayan mərsiyə baş verən  qanlı  hadisələrə  yetkin bir sənətkar-vətəndaş  münasibətinin xarakterik bir nümunəsi idi. Burada Qabilin klassik ənənəvi  janrın poetikasına  gətirdiyi  ideya-məzmun yenilikləri də özünün  diqqətçəkici  məqamları ilə yadda  qalır. Baş verən  hadisələrdən  dolayı iztirab və axıdılan  göz  yaşları ilə  yanaşı, insan qanına susayan  cəlladları, onların havadarlarını   suçlayan    ittihamnamə cəhdi də  özünü  bu  şeirdə  qabarıq şəkildə  nümayiş etdirməkdə idi:                                                                                                                             

Qəbrin üstndə də heç kukla  olar çanta  ilə?                                                                 

Ağ  gəlinlik  fatası... qırmızı, al lenta ilə.                                                           

Bəs Kremlin  görəsən  fərqi nədir  xunta  ilə?!                                                   

Açınız  tarixi,  həm indi elə, onda elə...                                                              

Gecəni atəş  ilə  qırmızı qan eylədilər,                                                                

Xalqımı-millətimi gülləbaran eylədilər.                        

Baş  verən faciəvi  hadisələrin  miqyas və  coğrafi  konturlarının Qarbağ  ərazilərinə  fokuslanması  Azərbaycan xalqını daha  ciddi  sınaqlar qarşısına  çəkdi. İtirilən doğma yurd yerləri,  şəhidlik, əsir və  itkin düşənlərin  naməlim taleyi, çadır  şəhərçikləri,  humanitar və xeyriyyə cəmiyyətlərinin yardım bağlamalrı... daha  nələr Qarbağ savaşının  məhrumiyyət dolu mənzərələri idi.                                           

Qabilin “Şəhid sayılmayır”, “Şəhid anası”, “Alışmayın çadırlara”, “Ümid  sənədir ancaq” şeirlərində Qarabağ işğalının insan talelərinə gətirdiyi  iztirab dolu yaşantılar   təfsilatı ilə canlandırılır. Ancaq  onu  da birmənalı şəkildə  bildirmək  lazımdır ki, Qarabağ  mövzusu  yalnız adları sadalanan  bu  şeirlərlə  məhdudlaşıb qalmır.                                                                                                                      

“Nisbi  sakitlik  nədir” adlı  şeirdə Qabil  ciddi hərbi-siyasi  məsələləri münasibət müstəvisinə çıxarır,  nisbi sakitliyin arxasında düşmənin    gizləyəcəyi  məkir və hiyləni  ayıq-sayıqlıqla  nişan  verən   mətləbləri  diqqətə çatdırır. Poeziya səngərindən  səslənən  bu  fikirlər şairin  ictimai-siyasi  lirikasına  özünəməxsus  çalarlar gətirir,  mövcud   vəziyyətin  tələbləri ilə  yaxından səsləşməsi ilə əlamətdar  məziyyətlər qazanır. Təbiətin özündə sakitliyin, sükunətin   sonradan  qorxunc  faciələrə, fəsadlara gətirib  çıxaracağının  qorxu və vahiməsi  də burada  real vəziyyətlə  müqayisəyə gətirilir:

                           

Mən tufanın əvvəlki                                                                                            

Sükutundan  qorxuram.                                                                                    

Təbiətin bu təslim                                                                                              

Süqutundan qorxuram.

Sonrakı  bəndlərdə  Qabil   nisbi sakitliyin  hərb və  döyüş meydanında törədə  biləcəyi  faciələri birər-birər sadalayır,  nisbi  sakitliyin  məğlub durumda olan  tərəf üçün  elə  böyük  uğur  vəd edəcəyinə  şübhə ilə  yanaşır:                                                             

Nisbi  sakitliyin də                                                                                                      

Sonrakı dəhşəti var.                                                                                           

Toxtaq  tapmış düşmənin                                                                                            

Amansız  vəhşəti var.

 

Burada  şair    daimi sülhü  vəd etməyən nisbi sakitliyin,  elə müvəqqəti  atəşkəsin özünün də gözlənilən təxribatlara  yol açacağını  bədii suallar  vasitəsilə ifadə etməyə  nail olur: // Qəfil  həmlə-hücumun, Həsrətindəsən məgər? Möcüzəli  yardımın, Möhlətindəsən məgər? //

Elə  ilk baxışda bir  qədər qeyri-adi  təsir bağışlayan  “Nəsimi  bazarında” adlı şeirdə döyüş və mübarizə əzminə “fasilə elan edən” atəşkəsin özünə, azsaylı Qafqaz xalqlarından olan  çeçenlərin işğala, milli  dirçəlişə  qənim kəsilən “böyük qardaşların” siyasi aventurasına qarşı  barışmaz mücadiləsinə  münasibət konkret  detal və təfərrüatlarla özünün  poetik ifadəsini tapır. Burada   mühbaribə və onun  gətirdiyi  sosial-iqtisadi sıxıntı və  məhrumiyyətlər də  şairin  diqqətindən kənarda qalmır: //Nəsimi  dönməzliyi Axtarıram, camaat! Nəsimi sönməzliyi Xalqa lazım bu saat. Hədər misal çəkmirəm Nəsimi bazarını Nəsimi bazrında Görüb qan ağlayıram Millətin ruzgarını //                                                                                   

Qabil  Nəsimi  bazarındakı  mənzərəni sadəcə  nəql etmir, xalqın  yurd, torpaq itkilərini  unutqanlıqla  qarşılamaq faciəsindən əndişələnir. O, çeçen  mücahidlərini də əbəs yerə  nümunə kimi  gətirmir:                                                                             

Çeçen  küçələrində                                                                                            

Körpə  kamikadzelər                                                                                         

Dağ boyda tank üstünə                                                                                     

Fəda olmağa gəlir...                                                                                         

Nəsimi  bazarında                                                                                                

Bizim də ki, uşaqlar                                                                                             

Cındır əski  əlində                                                                                             

Maşınlara şığıyır,                                                                                                       

Şüşə silməyə gəlir.

Şeirin  sonrakı misralarında  şair   bədii sual vasitəsilə  iki Qafqaz evindəki    fərqli vəziyyətlər üzərində düşünüb daşınır: // Nəsimi bazarına Niyə Çeçenistannan Əsmir odlu küləklər?Atəşkəslə nə sayaq, Sakit olsun ürəklər. //       

İşğalla  barışmaq, onun  insan talelərinə  gətirdiyi faciələrə  laqeyd qalmaq, unutqanlıq kimi  hallara   sərt və  kəskin  münasibət Qabilin şeirlərinə ictimai kəsər və  məzmun aşılayan  mühüm  məziyyətlərdən  biridir.                                       

Bu  baxımdan “Çadırlara  alışmayın” şeirində  səsləndirilən fikirlər xalqı ən çətin məqamlarda belə öz mübarizə əzmindən  çəkinməməyi,  saraylardan, imarətlərdən  çadır sakinlərinə  çevrilmələrini  sükutla qarşılamaqdan  çəkindirən ibrətamiz  poetik düşüncələrdir: // Cərgə-cərgə, düzüm-düzüm, Görüb qan ağlayır gözüm... Millətimə  budur sözüm: Çadırlara alışmayın! //

Əslində  şair  bütün  dünyanın  gözü qarşısında  sıralanan  çadırları  insanlığa  sığışmayan  məhrumiyyətlər və sosial  faciələr  kimi  qələmə alır. Milli qürura, mentalitetə  yad  olan bu   mənzərəni  şair  çadır  sakinlərinə  belə  xatırladır:                                              

Tayfa deyil,  millətik  biz,                                                                           

Bir evik, bir külfətik biz,                                                                                     

Saraylara  şəhrətik biz                                                                                      

Çadırlara  alışmayın!

Şair bu  həqiqətləri  və gerçəklikləri   lokal  bir  coğrafi ərazinin timsalında  dünya  ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə  çatdırmaq  vəzifəsini poeziyanın  tribunasından ucadan səsləndirmə  nail  olur.                                     

Heç təsadüfi deyil ki, Qarabağla, onun taleyi ilə  bağlı  ictimai  müzakirələrdə  Qabilin dilindən  səsləndirilən: // Ümid  sənədir ancaq, Azərbaycan əsgəri! // siyasətdən uzaq bir qələm sahibinin ictimai-siyasi gedişatı uzaqgörənliklə dəqiq  dəyərləndirən yanaşması idi.                                                                    

Dövlət  xadimlərinin, siyasət adamlarının xalq  diplomatiyasının  gözəl  nümunəsi olan bu poetik çağırışın tamamilə  düzgün  və vaxtında səsləndirildiyini etiraf etmələri, illər sonrası gerçəkləşməsi bir daha  onun   həqiqiliyini təsdiqləmiş oldu.                                                                                                        

Araşdırmalar göstərir ki, Qabilin  yaradıcılığında  klassik  janrlar  azlıq təşkil edir. Bunu  şairin yardıcılığında  məhdud  bir   məziyyət kimi  dəyərləndirmək təbii ki, düzgün olmaz. Fikir  verilərsə,  şair  20 yanvar faciəsini matəm, hüzn üstə köklənmiş mərsiyə janrında  qələmə alırsa, Şuşanın iririlməsini  qan ağlayan  qəzəlin təsirli beytlərində  nalə çəkən  kaman  kimi dilləndirir:                                                          

Xar olub Xarı bülbül,  Cıdır  düzü  qan ağlayır,                                                       

Deməyin Qabilə siz əsla  qəzəlxan, Şuşasız.                  

(“Şuşasız”qəzəli)                              

Azərbaycan  dövlətinin hərbi-siyasəti qüdrəti Qabilin  belə  kədərli notlar  üstə köklənən  beytini təkzib edən  bir  həqiqəti dünya ictimaiyyətinin  diqqətinə  yönəltdi. Bu, Qabilin //Ümid sənədir ancaq, Azərbaycan əsgəri!// çağırışının  həm də poetik  təntənəsinin və həqiqətinin əyani  şəkildə təsdiqlənmə anıdır.